Əsas Səhifə > Şou-biznes > "Gəlin mənim qulluqçum deyil ki, gəlib mənə kömək etsin"

"Gəlin mənim qulluqçum deyil ki, gəlib mənə kömək etsin"


28-06-2021, 11:36
"Gəlin mənim qulluqçum deyil ki, gəlib mənə kömək etsin"
Teleaparıcı Zülfiyyə Bayramova Moderator.az-ın suallarını cavablandırıb.

- Zülfiyyə xanım salam. Özünüzü necə hiss edirsiz? Bəzən səhhətinizlə bağlı yayılan xəbərlər bizi çox qorxudur.

- Çox şükür, hazırda yaxşıyam. Səhhətimdə də hər şey öz qaydasındadır. Bu aralar qanda dəmir aşağı idi, o problem aradan qaldırıldı. Daha sonra isə yüngülvari əməliyyat keçirdim.

- Hal-hazırda fəaliyyətinizdə nə kimi yeniliklər var?

- İşlə bağlı onu deyə bilərəm ki, hal-hazırda ATV telekanalı ilə əməkdaşlıq edirəm. Yeni mövsüm üçün layihələr təqdim etmişəm, qismət olsa, yeni layihələrlə qarşınızda olacağam.

- İnsana güc verən nə və yaxud kimlərdir?

- İnsana güc verir həyat eşqi, həyata olan sevgisi. İnsan o zaman güclü olur ki, heç kimin paxıllığını çəkmir, hər şeydə gözəllik axtarır. Daha sonra isə insana onun ətrafındakı dostları, ən başlıcası ailəsi, övladları güc verir.

- Başınıza gələn hadisələrə görə özünüzə nə vaxtsa "Bunu da yaşamalı idim?" sualını ünvanlamısız?

- Başıma gələn hadisələrə görə daima Allaha şükür edib, minnətdar olmuşam.Ona görə ki, Allah istədiyi bəndəsini sınağa çəkir.Bu da mənim həyatda yaşadığım imtahanlarımdır. Mən o imtahanlardan üzüağ çıxıb, müvəffəqiyyətlə başa vura bilirəmsə bu da mənim üçün xoşbəxtlikdir. Heç vaxt üsyan edib, təəssüf hissi keçirməmişəm, əksinə yenə də deyirəm şükür etmişəm.

- Övladlarınızın hər ikisi hərbi xidmətdədirlər. İnşallah onları gələn kimi evləndirəcəksiz yoxsa bunu onların öhdəsinə buraxmısız?

- Bəli, hər iki övladım hərbi xidmətdədir. Əsas odur ki, sağ-salamat qayıtsınlar. Övladı evləndirmək hər bir valideynin borcudur, amma onlar nə qərar versələr, mən hörmətlə yanaşacağam. Əslində məni ətrafımdakı insanlar tələsdirirlər ki, böyük oğlun universiteti bitirib, hərbi xidmətini də bitirir, gələn kimi onu evləndir, özün də nasazsan, gəlin gəlib sənə kömək etsin. Mən isə başqa cür düşünürəm. Gəlin mənim qulluqçum deyil ki, gəlib mənə kömək etsin. Gəlin mənim oğlumun həyat yoldaşıdır. Düzdü, ailə problemlərini birgə həll edərik, amma məhz gəlin gəlib mənə qulluq etsin deyə övladlarımı evləndirmək istəmirəm. İnşallah, gəlib iş sahibi olarlar, sevdikləri qızı təqdim edərlər və daha sonra onları evləndirərəm.

- Qaynana kimi özünüzü necə görürsüz?

- Bu çox çətin sualdır. Adam düşünür ki, yaxşı qaynana olacağam, amma sənin evinə gələcək qız başqa bir mühitdə böyüyüb, o sənin evinə gəlib adaptasiya olana qədər ola bilsin ki, onun da, sənin də problemlərin olsun.Düşünürəm ki, mən bütün bunları başa düşəcəm, onlarla bərabər bu problemlərin həllinə çalışacağam. Məncə, yaxşı qaynana olacağam, çünki mən övladlarımı sevirəm, övladlarını sevən analar onların problem yaşamağını istəməz. Əgər problem mən tərəfdən yaranarsa bu mənim övladımı da xoşbəxt etməz. Çalışacağam ki, onlar ən azından mənə görə problem yaşamasınlar. İnşallah, bunu gələcək göstərəcək.

- Bu illər ərzində xasiyyətinizdə nələrsə dəyişib?Yaxud da dəyişmək istədiyiniz xasiyyətiniz hansıdır?

- Mən hər zaman efirdən qəddar görünmüşəm, amma o Zülfiyyə sadəcə efir xatirinə ciddi duran hüquqşünas qadın idi.Mən isə tamam başqa Zülfiyyə idim, deyib-gülən, hər bir kəsi başa düşən və həyatda hər şeydə gözəllik axtaran Zülfiyyə. Amma xəstəlikdən sonra xasiyyətimdə bir balaca dəyişiklik oldu, bu da o idi ki, özümü də sevməyə başladım. Bir zamanlar özümü arxa plana çəkirdim, amma indi özümü ön plana çəkirəm, sevirəm.Ətrafımdakı insanlara daha yüksək qiymət verirəm və başa düşürəm ki, ölüm qaşla göz arasındadır. Heç kəsi incitmək, xətrinə dəymək olmaz. Həyat gözəldir, ancaq gözəllikləri düşünürəm.Hansı an, hansı dəqiqə dünyamızı dəyişəcəyik, bunu bilmirik, amma elə etməliyik ki, xatirələrdə gözəl insan kimi qalaq.

- Siz həm də hüquqşünassız. Təbii ki, bir çox hallarda problemlərlə, daha çox isə problemli insanlarla qarşılaşırsız. Nə vaxtsa hədə-qorxularla üzləşmisiz?

- Hüquqşünaslıq əslində çox çətin peşədir, çünki müdafiə etdiyin şəxs səndən razı qaldığı halda, qarşı tərəf səndən narazı olur. Çünki sən artıq qarşı tərəfin hansısa istəyinin həyata keçməsinə mane olursan. Əvvəllər təzyiqlər olub, amma indi elə bir şey yoxdur. Məsələn hansısa bir kişinin hüquqlarını müdafiə etmişəmsə, qarşı tərəfin qadınları mənə söz göndəriblər ki, sən də qadınsan, niyə qadını yox, kişini müdafiə edirsən? Mən də o insanları başa salmışam ki, hüquqşünasın cinsiyyəti olmur. Sadəcə olaraq insan olur və o insanın hüquqları olur. Mən də o insanların hüquqlarını qorumalıyam, müdafiə etməliyəm. Şükür ki, daha böyük problemlər olmayıb, insanlarla hər zaman dil tapmağı bacarmışam.


Geri qayıt