Əsas Səhifə > Şou-biznes > "O, Cənubi Qafqazı özünün maraq zonası elan edib"

"O, Cənubi Qafqazı özünün maraq zonası elan edib"


26-06-2021, 09:06
"O, Cənubi Qafqazı özünün maraq zonası elan edib"
Biz Rusiya ilə necə münasibət qurmalıyıq ki, Vladimir Putinin dostu, hüquq professoru İlham Rəhimovun iki gün öncə ölkə mediasına müsahibəsində dediyi kimi, Qarabağdakı sülhməramlılar bir müddət sonra çıxıb getsinlər? Bunun üçün rəsmi Bakı və bütövlükdə AZərbaycan xalqı hansı addımları atmalıdır?

Politoloq Qulu Məhərrəmli Moderator.az-ın bu sualına cavabında deyir ki, rəsmi Moskva ilə son dərəcə ehtiyatlı olmalıyıq və qəzəbli Rusiyanın verə biləcəyi zərərləri heç zaman yaddan çıxarmamalıyıq:

"Mənə elə gəlir ki, biz Rusiyanın regiondakı siyasətiylə, xüsusən onun sabahkı günüylə, prespektiviylə bağlı proqnozlar verəndə çox ehtiyatlı olmalıyıq. Çünki Rusiya bu dünyanın və regionun ən gözlənilməz ölkələrindən biridir. O Cənubi Qafqazı özünün maraq zonası elan edib, çünki yaxın şərqdə, şərqi Avropada, Çində, Yaponiyaya yaxın bölgələrdə bir çox maraqlarından əli çıxıb. Amma o Qafqazın üzərində çox möhkəm dayanıb. Ukraynanı Avropayla özü arasında sipər hesab edir. Krımda gözümüzün qabağında olan teatr tamaşaları oynanılır. Ona görə də onun Qafqazda maraqları məncə çox dərindədir və Rusiya Qafqazdan öz xoşuyla əl çəkməyəcək. Konkret olaraq Azərbaycan-Ermənistan münasibətlərində Rusiyanın indi ən aktiv siyasət yeritmək fazasıdır. Ona görə ki, bu dəqiqə həm Azərbaycana, həm də Ermənistana real təsir etmək imkanları Rusiyanın əlində cəmlənib. Nə qədər Azərbaycana bu təsirlər dolayısıyla idi, amma bu dəqiqə birbaşadır. Xankəndində olan hərbi kontingent bizim üçün yaxşı heç nə vəd etmir. İndi onun adını sülhməramlı qoysaq da, amma strateji məqsəd bəllidir. Mənim düşüncəmə görə yaxın zaman üçün Rusiyanın planları bundan ibarətdir ki, o Qarabağ kartıyla daha aktiv sürətdə oynasın. O Qarabağ kartını müstəqil görmək istəyir, yəni Rusiyanın bilavasitə əlaltısı olsun. Ermənistana, Azərbaycana lazım olanda oksigen, ümid versin, öz planlanlarını reallaşdırmaq üçün konkret addımlar atsın. Bunlar hamısı Rusiyanın yaxın planlarında var.

Mənə elə gəlir ki, dünya bunu görür, bu çox bəsit, amma çox təhlükəli bir oyundur. Dünənə qədər respublika quran, müstəqillik istəyən bir toplum, dünyanı da buna cəlb etmək istəyirdi, insan haqlarından danışırdı və sair. Nağılların sona yetdiyi dövrdür, indi onlar Rusiyanın əlində, qucağında onun istədiklərini etməyə məcburdurlar. Yəni bununla həm özlərini ifşa edirlər, həm onların insan haqları ilə bağlı uydurmaları üzə çıxır və guya müstəqilliyə nail olmaq və sair bu kimi gülünc iddiaları tam çılpaqlığıyla görünür. Bunu bütün dünya, Ermənistanın himayədarları, diasporu, Ermənistana rəğbəti olan ölkələr məsələni tam mahiyyətiylə görə bilirlər. Bu dəqiqə Qarabağ ermənilərinin heç bir siyasi gələcəyi yoxdu, onun ancaq və ancaq oynadığı rol Rusiyanın əlini gücləndirmək, onun Ermənistana və paralel olaraq Azərbaycana təzyiq imkanlarını artırmağa xidmət edir.

Ona görə “özləri missiyalarını bitirib, bezib gedəcəklər” deməyin heç bir real əsası yoxdur. İndiki halda biz birinci növbədə Rusiyayla olan münasibətləri indiyı qədər yeritdiyimiz siyasətin davamı olaraq etməliyik. Çünki Azərbaycanın addım-addım, səbrlə atdığı addımlar hər halda Rusiyayla münasibətləri normal saxlamağa imkan verdi. Yəni impulsivlik olmadı, bəzilərinə belə göründü ki, Azərbaycan həddən artıq Rusiyayönümlü siyasət yeridir, amma müharibə dövrü məlum oldu ki, yalnız və yalnız hər iki tərəf üçün bazanı mötəbər etmək üçün siyasət yeridilib. Qarşılıqlı iqtisadi münasibətlərimiz sahmanda olmalıdır, Rusiya bizim üçün bazardı, biz Rusiya üçün eyni zamanda bir bazarıq. Qarşılıqlı əlaqələr, faydalanmayla bağlı Rusiyayla işləməliyik, amma biz heç bir halda ehtiyatı əldən verməli deyilik. Çalışmaq lazımdır ki, Ermənistandan gələn müsbət mesajlara dərindən təhlil edib reaksiya verək, bütün hallarda birbaşa əlaqələr labüddür, bunlar reallaşmalıdır.

Ola bilər ilkin mərhələdə Gürcüstan və yaxud Amerikanın əliylə üçüncü bir dövlət bu məsələlərdə aktivləşsin. Əgər doğrudan da Ermənistanda qərbyönümlü siyasət dərinləşəcəksə, mütləq və mütləq Türkiyəylə münasibətləri yaxşılaşdırmalıdır. Çünki Ermənistanın qərbə, Avropaya yolu yalnız və yalnız Türkiyədən keçir. Bu baxımdan hesab edirəm ki, çox təmkinlə addım-addım məqsədə doğru getməliyik və qəzəbli Rusiyanın verə biləcəyi zərərləri heç zaman yaddan çıxarmalı deyilik. Ona görə biz itlə dostluq etməliyik, amma təbii ki, çomağı da əldən verməməliyik. “Ehtiyat igidin yaraşığıdır” məsəli burda tam yerinə düşür”.


Geri qayıt