Əsas Səhifə > Şou-biznes > "Kuryer kimi çalışanda qətiyyən kompleks yaşamadım"

"Kuryer kimi çalışanda qətiyyən kompleks yaşamadım"


25-06-2021, 08:31
"Kuryer kimi çalışanda qətiyyən kompleks yaşamadım"
"Qəmbərqulu obrazı mənə həvalə olunanda ssenaridə fövqəladə nəsə bir şey görmədim. Ona görə də bacardığım qədər özümdən əlavələr etdim ki, obraza rəng qatım. Məsələn, Qəmbərqulunun ritmlə danışması mənim əlavəmdir. Söhbət təkcə "Buğlama"dan getmir, bəzən ssenari yazanlar obrazın uğurunu aktyorların üzərinə atırlar. Gözləyirlər ki, görək aktyorlar necə edib, bu obrazı insanlara sevdirəcəklər? "Buğlama"nın çəkilişləri rayonlarda olur, demək olar ki, uşaq, cavan, yaşlı, bir sözlə, hamı gəlib bizimlə şəkiı çəkdirir, evlərinə qonaq dəvət edirlər. Çox isti münasibət göstərirlər bizə, yeri gələndə çəkilişlərdə köməklik də göstərirlər".

Bunu Moderator.az-a açıqlamasında "Buğlama" serialında Qəmbərqulu obrazının ifaçısı Cavanşir Məhərrəmov deyib. Aktyor bir müddət əvvəl işsiz qalaraq kuryer kimi çalışmasından da danışıb.

"Kuryer kimi çalışanda qətiyyən kompleks yaşamadım. Mən sözün yaxşı mənasında özümü sındıran aktyorlardanam. Aktyor var ki, adi metroda getməyinə kompleks yaşayır, baxırsan ki, bəlkə də heç kim tanımır heç onu, amma özünü elə aparır ki. Mən əksinə, kuryer işimlə qürur duyurdum. Ofislərə, şirkətlərə məktubları paylayırdım, pandemiyanın bir köməyi oldu ki, maska üzümü örtürdü, amma gizlənmək olmurdu, gözlər adamı aldada bilmir. Bəzən müştərilər məni tanıyırdı, deyirdilər ki, siz filan aktyorsuz, niyə burada işləyirsiz? Düzdü, normal qarşılayan da olurdu, fikirləşirdilər ki, ehtiyac ucbatından işləyirəm. Mən qürur duyurdum ki, evimə çörək qazanıram, pis bir iş görmürəm. Burada ayıb heç nə yoxdur. Teatrda da işləmirdim, heç bir maddi gəlirim yox idi. Evə və uşağa deyə bilmərəm ki, pulum yoxdur. Üstəlik də evin kreditini ödəyirdim.

O çətin dönəm arxada qaldı. Sağ olsun İlkin Həsənli, məni "Buğlama" serialına dəvət etdi. Əmim oğlu aktyor Nicat Rəhimova təşəkkür edirəm ki, vasitəçi oldu bu seriala gəlməyimdə. Bir də dövlət televiziyasında "Bir az tv" verilişinin səhnəciklərdə oynayıram. Şükürlər olun ki, bu gün iki iş yerimlə evin 600 manat kreditini ödəyə bilirəm" - deyə aktyor bildirib.


Geri qayıt