Əsas Səhifə > Şou-biznes > "Ailəmi dolandırmaq üçün məcbur olub teatrdan uzaqlaşdım"

"Ailəmi dolandırmaq üçün məcbur olub teatrdan uzaqlaşdım"


21-06-2021, 08:20
"Ailəmi dolandırmaq üçün məcbur olub teatrdan uzaqlaşdım"
Tanınmış aktyor Azər Axşam Moderator.az-ın suallarını cavablandırıb.

- Azər bəy, yeni mövsümdə hansı layihələrlə tamaşaçıların görüşünə gələcəksiz?

- Bu gündən sabaha plan qurmaq olmur. Kim hansı planı diktə edirsə, həmin plan üzrə də hərəkət edirik. Hələ ki, “Qız atası” serialında çəkilişlərimiz davam edir. Bir də Atv də yayımlanan “Şans oyunu” verilişinin aparıcısıyam. Yeni mövsümdə də bu iki layihənin davam edəcəyi düşünülür, amma bilmək olmaz, “gün doğmadan nələr doğar” deyib atalar.

- Uzun illərdir “Qız atası” serialında çəkilirsiz. Bu sizi yormur?

- Artıq 7 ildir ki, çəkilirəm. Başqa seriallara təklif olsaydı yorardı. Daha maraqlı başqa təklif yoxdur. Çox istərdim ki, komediyaya son qoyub, yaxşı bir dramatik serialda çəkilim. Sadəcə ölkəmizdə həftəiçi bir gün bir seriya olmaqla dramatik seriallar az şəkildə çəkilir. Mən bilən təkcə Rövşən İsaq çəkir. Amma indiyə qədər mənə serial sahəsində Elməddin kimi sərfəli çalışan adam rast gəlməyib.

-Təkcə siz deyilsiz, bəzi sənətçilərimiz də şikayət edir ki, rejissor aktyoru uzun müddət hansı janrdakı rollarda görürsə o janrda da rolları ona tapşırır.

- O bununla bağlı deyil, reytinqdən asılıdır. Məsələn, “Qız atası” komediya janrında çəkilir, bu janr reytinq verdiyi üçün serial 6 ildir ki, davam edir. 7-ci il də davam edə bilər, çünki tamaşaçı baxır, reytinq verir. Reytinq verməsə serialı dayandırarlar.

- Siz Pantomim teatrının yaradıcılarından və ilk aktyorlarından birisiz. Səhv etmirəmsə teatrın yubileyində siz də dəvət olunaraq tamaşa oynamışdınız. Bu necə bir hiss idi?

- Mənim üçün o hisslər heç dəyişməmişdi! Mənim üçün fərqi yoxdur, Pantomim teatrı olsun yaxud da başqa teatr. Çıxıb səhnədə oynamaq mənə böyük zövq verir. Hansısa teatrdan işləmək dəvəti olsa böyük məmnuniyyətlə işləyərəm. Təbii ki, televiziya ilə paralel.

- Teatrı illər öncə tərk etməyinizə səbəb nə olmuşdu?

- Teatrda əmək haqqı çox aşağı idi, televiziya daha çox maaş təklif etdiyi üçün ora getdim. Yeni ailə qurmuşdum, ailəmi dolandırmaq üçün məcbur olub teatrdan uzaqlaşdım.

- Aktyorlar bəzən şikayətlənir ki, 5 günə çəkiləcək olan səhnəni 1 günə çəkirlər.

- Bu ondan irəli gəlir ki, həftəiçi 5 gün dramatik serial çəkmək mümkün deyil, melodrama, yüngül dramatik serial ola bilər. Sonda bu gəlib xalturaya çıxır, çünki aktyor məcbur olur ki, yola versin. Həm də aktyora axı elə maaş vermirlər ki, o setdə yatıb qalsın, başqa işin dalınca qaçmasın. Aktyora elə maaş verirlər ki, o serialda çıxıb başqa qazanc dalınca qaçır.

- Sizcə serial sektorunda nə dəyişikliklər olmalıdır?

- Sadəcə olaraq seriallara yaxşı maddiyat ayırmaq lazımdır. Maliyyə dəstəyi olmalıdır ki, ortalıqda yüksək səviyyədə iş olsun. Pul verilir ya gəlib aktyora çatmır, ya da elə pul verilir ki, rejissor istədiyi aktyorları çəkə bilmir, yaxud da rejissorun pulu var, amma aktyora vermək istəmir. Belə olan halda yoldan keçən, ucuz aktyorlar seriallarda çəkilir. İctimai qınaq da yox, peşəkar qınaq da yox! Pis serial gedir efirdə, bədii şura ona qadağa qoyurmu? Xeyr! Heç kim onlara bir söz demir. Qınaq yoxdur!

- Bir müddət əvvəl Xalq artistləri Rasim Balayev və Əbdül Mahmudbəyov Elməddini tənqid etmişdilər. Yəqin ki, bundan xəbəriniz var.

- Bu gün Elməddin komediya janrında serial istehsalında bir nömrədir. O ki, qaldı Elməddinin tənqid olunmağına. Hər bir insanın işində mənfi müsbət tərəfləri olmalıdır da. Kim idealdır ki?

- Sizin tənqidə münasibətiniz necədir?

- Normal! Əgər tənqid edən insan başı çıxan insandırsa tənqidə qulaq asmağa dəyər! Çünki böyük ehtimal həmin insanın tənqidində nə istehza, nə də təhqir olmayacaq. Amma əfsuslar olsun ki, bu gün tənqid edənlərin 90 faizi ümumiyyətlə bu sənətdən başı çıxmayanlardır. Onların tənqidi mənə heç vız da gəlmir. O ki, qaldı tamaşaçı qınağı.Tamaşaçı qınağı ola bilər, deyə bilərlər ki, bundan xoşum gəlir yaxud xoşum gəlmir.

- Nədənsə sosial şəbəkələrdə də aktiv deyilsiz.

- Aktiv olub nə edəcəm?!

- Ən azından tamaşaçılarla ünsiyyət saxlayardınız.

- Tamaşaçı bizim ürəyimizdir, tamaşaçını sevməliyik, sevirik və sevəcəyik də. Çox məşhurların məqsədi heç tamaşaçı ilə ünsiyyət deyil axı.Çoxu
istəyir ki, səhifəsi aktiv olsun, daha sonra pul qazansın. Bu da onların haqqıdır, qınamıram, əcəb edirlər. Mən köhnə Azərbaycanlıyam, bəlkə cavan olsaydım onlar kimi olardım. Mən yaşda insanlarda sosial aktivlik azdır. Biz çalışmışıq aktivliyimizi səhnədə göstərək. Mən bacarmıram çəkildiyim nələrisə instaqram nümayiş etdirim, kimsə məni yayımlaya bilər, amma bunu mən edə bilmərəm.

Geri qayıt