Əsas Səhifə > Şou-biznes > "Məndə üzqırxan və yemək isitmək cihazı var ki, illər öncə ad günümdə bağışlayıblar, hələ də..."

"Məndə üzqırxan və yemək isitmək cihazı var ki, illər öncə ad günümdə bağışlayıblar, hələ də..."


18-06-2021, 09:39
"Məndə üzqırxan və yemək isitmək cihazı var ki, illər öncə ad günümdə bağışlayıblar, hələ də..."
Xalq artisti, sevilən müğənni Sərxan Sərxanın bu gün doğum günüdür. Sənətkar doğum günündə Moderator.az-ın suallarını cavablandırıb.

- Sərxan bəy, öncə doğum gününüzü təbrik edirik.

- Çox təşəkkür edirəm, diqqətinizə görə minnətdaram.

- Doğum günlərinizi adətən necə qeyd edirsiz?

- Bakıda olanda hər zaman yaxın dostlarımı, qohumlarımı başıma yığıb doğum günümü qeyd edirəm. Öncə konsert proqramı verirəm, daha sonra isə süfrə arxasına keçirik.Moskvada da eyni ilə. Hələ ki, Moskvadayam, Bakıya gəlməyi düşünmürəm. Bu doğum günümü də qızımla, dostlarımla qeyd edəcəm.

- Hədiyyə almağı sevirsiz?

- Hədiyyə almağı kim sevmir ki? Gərək hədiyyə də lazımlı hədiyyə olsun. Bəzən mənə dostlarım deyir ki, onsuz da biz sənə hədiyyə alacağıq, nəyə daha çox ehtiyacın varsa de onu alaq. Mən də fikirləşirəm deyirəm ki, mənə filan şey lazımdır. Elə bir hədiyyə seçirəm ki, həm mənə lazımlı əşya olsun, həm də qiyməti elə də baha olmasın. Məndə üz qırxmaq üçün aparat və yemək isitmək üçün elektrik cihazı var ki, illər öncə ad günümdə bağışlayıblar, hələ də istifadə edirəm.

- Azərbaycana birdəfəlik gəlmək fikriniz var?

- Mən Azərbaycandan birdəfəlik getməmişəm ki! Hər zaman bir ayağım Moskvada, bir ayağım Bakıda olub. Heyf ki, koronovirusa görə bir ildən çoxdur ki, Moskvada qalmışam. Çox darıxıram. İmkan olsa yay ayının sonunda gələcəm.

- Azərbaycan estrada sənətində nə çatışmır?

- Düşünürəm ki, yüksək səviyyədədir. Bizdə çox gözəl musiqiçilər, müğənnilər var. Bəzən efirlərimizdə, bəzən isə yutubda onları izləmək şansım olur.

- Duet təklifləri alırsız?

- Bəli, arada olur. Amma bu elə-belə iş deyil. Öncə elə mahnı seçilməlidir ki, duetə uyğun gəlsin.

- Bəs özünüz kimlə duet ifa etmək istərdiniz?

- Sözün düzü, bu haqda fikirləşməmişəm.

- Yaşınızın üstünə yaş gəlsə də hər zaman cavan görünürsüz. Yaşlanmamağınızın sirri nədir?

- İnsan gərək özünə fikir versin, istər xarici görkəminə, istərsə də daxilinə. İnsanda harmoniya olmalıdır. Bütün ömrü boyu sən gərək hərəkət edəsən, idmanla məşğul olasan. Səhərimi idmanla açıram. Mənim evim Moskva çayına yaxındır, hər gün çalışıram ki, velosipedimlə 3 saatlıq çıxıb, gəzim. Yeməyinə də gərək fikir verəsən, nəfsini saxlayasan. Belə qidalar var ki, insan üçün ziyandır.

- Bu illər ərzində sevənlərinizdən aldığınız ən xoş məktub hansı olub?

- Təbii ki, yalnız xoş sözlər yazılıb mənə. İnanın, o məktubların sayı-hesabı yoxdur. Yazırlar ki, Bakıda bir konsert təşkil edin, gəlib sizinlə görüşək. Bütün bu sözlər mənə xoş təsir göstərir.

- Azərbaycanda ictimai-siyasi prossesləri də izləyirsinizmi?

- Əlbəttə. Bir neçə gün öncə cənab prezidentimiz və Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərini televiziyada canlı izlədim. İnanın ki, sevindiyimdən göz yaşı tökdüm. Bu mənim və bütün azərbaycanlıların həyatında gördüyü ən gözəl günlər, görüntülər idi. Çox sevinirəm, fəxr edirəm! Bizim prezidentimiz çox müdrik siyasət aparır. Bir zamanlar deyirdilər ki, nə oldu? Qarabağ getdi, heç bir zaman ala bilməyəcəyik! Cənab prezidentimiz səbr etdi və bizim olan o torpaqları yenidən öz ərazilərimizə qatdı. Təbii ki, xalqın dəstəyi və hərbçilərimizin köməyi ilə. Mən 1983-1984-cü illərdə ümumilikdə Qarabağ ərazisini gəzmişəm. Arzum budur ki, yenə də o bölgələri qarış-qarış gəzib, konsert proqramları verim.


Geri qayıt