Əsas Səhifə > Şou-biznes > "Gənclərimizə qarşı inamsızlıq var idi, amma indi biz gənclərimizlə fəxr edirik"

"Gənclərimizə qarşı inamsızlıq var idi, amma indi biz gənclərimizlə fəxr edirik"


10-06-2021, 08:35
"Gənclərimizə qarşı inamsızlıq var idi, amma indi biz gənclərimizlə fəxr edirik"
"Şükürlər olsun ki, əhvalımız yaxşıdır, pandemiyanın çətin günlərini artıq arxada qoymuşuq. Qapanmalardan nisbətən xilas olmuşuq, mən inanıram ki, bu müsbətə doğru gedəcək. 44 günlük müharibə müddətində mən repertuarımı sırf vətənpərvərlik mahnıları üzərində qurdum, vətənimizi, bayrağımızı, cəsur əsgərlərimizi təbliğ edən ifalara müraciət etdim. Xəstəliyin ən qızğın vaxtı idi, qorxmadan, çəkinmədən bütün efirlərə də getdim, mahnılar yazdırdım. Bir növ vətənimə, torpağıma dayaq oldum, borcumu sənətimlə vermək istədim. Mənə elə gəlir ki, verdim də"

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Almaz Orucova bildirib. Sənətçi daha sonra doğma diyarı Zəngilandan danışıb.

"Bütün torpaqlar mənim üçün çox əzizdir. Əsgərlərimiz hər torpaqlarımızı işğaldan azad edəndə elə bilirdim ki, Zəngilan alınıb. Zəngilan işğaldan azad edilən gün mən İctimai televiziyada qonaq idim, elə orda sevincimizi bölüşdük, qeyd etdik. Zəngilana sözün düzü getməmişəm, onu da deyim ki, tək getməyəcəm, ailəmdəki insanlarla ora üz tutacam. Yəqin ki, 10-15 günə bunu reallaşdıracağıq, çox böyük səbrsizliklə gözləyirik. Bacılarım, qardaşım, əzizlərimiz hər birimiz istəyirik ki, doğma ocağımızı, torpağımızı görək. Düzdü evimizi şəkillərdən görmüşük, o evdən, o yurddan əsər-əlamət belə qalmayıb. Ordumuza, dövlətimizə, dövlət başçımıza minnətdaram ki, uzun illər sonra bu sevinci bizlərə yaşatdı. Gənclərimizə qarşı inamsızlıq var idi, amma indi biz gənclərimizlə fəxr edirik. Allah yaralı qazilərimizə can sağlığı, şəhidlərimizə rəhmət etsin" deyə müğənni bildirib

Almaz Orucova minaya düşərək şəhid olan jurnalistlərdən də danışıb.

"İki jurnalist və bir mülki vətəndaşımızın Kəlbəcərin Susuzluq kəndində minaya düşərək şəhid olması hər birimizi sarsıtdı. Uzun illər boyu mənfur qonşumuzun etdiyi bu hərəkətlərdən təngə gəlmişdik. Bərdə, Gəncə hadisələrini törədən insanlardan hər cür hərəkət gözləmək olar. Biz bilirik ki, Kəlbəcərdə, Ağdamda, Zəngilanda, Laçında çox minalar var, hələ yenə də cəhd edirlər ki, sərhədi keçib mina basdırsınlar. Ona görə də biz xalq olaraq, millət olaraq, dövlət olaraq birləşib, biri-birimizi qorumalıyıq. Bir nəfər hamı üçün, hamı bir nəfər üçün. Neyləyək, bu Azərbaycanın taleyidir ki, bu cür şərəfsiz, vicdansız, ləyaqətsiz qonşularımız var. Düşmənin də gərək vicdanı ola da. Bizim düşmənlərimiz kürəkdən, gizlin şəkildə vuranlardandır. Dünyanı da haqqa çağırıram ki, bütün bu vəhşilikləri, terror aktlarını, günahsız insanların ölümlərini görsün. Dünya bizi günahlandırmasın, bunları görsün" deyə əməkdar artist bildirib.

Almaz Orucova yeganə övladı olan oğlundan da danışıb.

"Oğlum Azərbaycandan kənarda təhsil alır. O da bütün bu hadisələrə öz münasibətini bildirir. Hər şeydən öncə o Azərbaycanlıdır və harada olursa ölkəmizi təmsil edir. Allah bütün gənclərimizi qorusun, mənim övladım da onların içində olmaqla. Onlar bizim gələcəyimizdir" deyə Almaz Orucova bildirib.

"Oğlunuzu evləndirib, nənə olmaq arzunuzu nə vaxt reallaşdırmaq istəyirsiz?" sualına isə Almaz Orucovanın cavabı belə olub.

"Təbii ki, hər bir valideyn həm nənə, həm də baba olmaq arzusu ilə yaşayır. Həmçinin mən də. Allah hamının arzusunu reallaşdırsın, inşAllah. Təki övladlarımız vətənlərinə, ailələrinə layiq övlad olsunlar. Vaxtı çatanda hər şey olacaq, bunun üçün tələsməyə ehtiyac yoxdur" deyə o bildirib.


Geri qayıt