Əsas Səhifə > Şou-biznes > "Rasim Balayev, Əbdül Mahmudbəyov məni söysələr belə, heç nə deyə bilmərəm, çünki..."

"Rasim Balayev, Əbdül Mahmudbəyov məni söysələr belə, heç nə deyə bilmərəm, çünki..."


9-06-2021, 09:32
"Rasim Balayev, Əbdül Mahmudbəyov məni söysələr belə, heç nə deyə bilmərəm, çünki..."
Tanınmış aktyor Elməddin Cəfərov Moderator.az-ın suallarını cavablandırıb.

- Elməddin bəy, siz uzun illərdir seriallarda çəkilməklə yanaşı həm də bu işin prodüsserliyini, təşkilatçılığını edirsiz. Bu çətindirmi?

- Əlbəttə ki, çox çətindir! Serialda 15 ayrı-ayrı insan çəkilir, çəkilişdə isə bu rəqəm 30-a bərabərdir. Onların hər birinin ayrı-ayrı problemi, gözləntisi, sıxıntısı var. Siz bilirsiz ki, əksər aktyorlar həm də paralel olaraq teatrda çalışırlar. Gec gəlib tez getmək istəyənləri də olur. Bütün bunları tənzimləyib, onların hamısını razı salmaq asan iş deyil.Bundan əlavə bizim bir də işimizin maddi tərəfi var. Bəzən insanın bitib-tükəndiyi, hər şeyə yenidən başlamaq istədiyi an olur. Bir ara 4 serial istehsal edirdik, aşağı-yuxarı 100 insan çalışırdı, sanki bir televiziya idik. Şükür Allaha ki, o çətinlikləri keçdik. Təbii ki, hər zaman sıxıntıların, uğurların, uğursuzluqların olduğu aylar-həftələr olub.

- Üstəlik pandemiya da yəqin ki, işlərinizə əngəl olub?

- Hə, əlbəttə! 4 serialdan 1-ə düşdük. Pandemiya hər şeyi bitirdi.

-Bəzən serial təşkilatçıları şikayətlənir ki, sponsor tapmıram. Amma maşallah sizin serialların bir yox, bir neçə sponsoru var.

-Təbii ki, müharibə aylarında, pandemiyada, devalvasiyada bu problemlər qaçılmazdır, amma adi günlərdə serial sponsor tapır. Yox, əgər adi günlərdə də seriala sponsor gəlmirsə bu ya prodüsserin işini yaxşı bacarmamasından aslıdır, ya da ekran işi çox zəifdir. Mən problem danışmağın, ağlaşmağın tərəfdarı deyiləm, sən işini gör, ruzini Allah yetirəcək. Yetər ki, kişi kimi işini gör, zəhmət çək, inan ki, zəhmətin hədər olmayacaq.

-Sizin bütün yaradıcılığınız bizim gözümüzün qarşısında olub. O vaxt "Tək səbir" verilişində siz, həmkarınız Fərda Xudaverdiyev yumoristik səhnəciklər nümayiş etdirirdiniz.

-Bəli, düz qeyd etdiniz. O vaxt heç birimiz tanınan aktyor deyildik. Yol pulumuz heç yox idi, aldığımız məvacib yol pulumuzu güc-bəla ilə görürdü. Biz 3 il eyni yerdə eyni mücadiləni edirdik ki, uğur qazanaq. Bəzən 3-5 ay insanlar bir yerdə çalışmaqdan bezir. Həqiqətən də insanın uğura çatacağı yol onun səbrindən keçir.

-O illərdə sizə dəstək olan sənətçilər oldumu?

O illərdə "Bacanaqlar" serialı yeni başlamışdı. Xalq artistləri tənqid edirdi, aşağılayırdı ki, bu nə serialdır, sabun köpüyüdür?Onlar məni aşağılayan vaxtı mən ölkəmizdə ən uzunömürlü "Bacanaqlar" serialını çəkməyə başlamışdım. Türkiyədə o vaxt "Muhteşem yüzyıl" və "Yaprak dökümü" yayımlanırdı. Mənim serialımı bu seriallarla müqayisə edirdilər. Onlara başa sala bilmirdim ki, həmin serialların büdcəsi 94 min avro, bizdə isə 2 min manatdır. Təbii ki, bunu anlamayanlar var idi. Xalq artistləri Firəngiz Mütəllimova, Yaşar Nuri o biri aktyorlar nə dedi, nə demədi fikirləşmədən gəlib serialımda çəkilirdilər. Bir növ mənə güvəndilər. Sonra artıq dəb düşdü, məni tənqid edənlərin əksəriyyəti seriallarda çəkilməyə başladı.

-Yeri gəlmişkən, Xalq artistləri Firəngiz Mütəllimova və Fatma Mahmudova uzun illərdir sizin seriallarınızda çəkilir.

-Biz 12-13 ildir ki, bir yerdə çalışırıq. Bir yerdən sonra artıq münasibət yaranmağa başlayır və sən doğmalaşırsan. Firəngiz xanıma da, Fatma xanıma da mən ana deyirəm.

-Kaprizləri olur?

-Əlbəttə ki, kapriz mütləq olur. Amma mən onların kaprizini burada açıqlamaq istəməzdim.

-Son illərdə seriallarınızı təndiq edənlər sırasında xalq artistləri Rasim Balayev və Əbdül Mahmudbəyov da var.

-Rasim Balayevin təndiqlərini başa düşürəm, çünki o ilk addımlarını 70-80 ci illərdə atıb, o illərdə də filmlərimizin yaxşı büdcəsi var idi. Biz 1990-cı illərdə çox sıxıntılı vaxta düşdük, kamera yox, işıq yox, büdcə yox, amma buna baxmayaraq bu yoxluqların içində nəsə görməyə çalışırdıq. Sən təbii gözlə baxanda bu çox cılız idi, amma olmamağındansa olmağı daha yaxşı idi. Şeyx Əbdül isə insan olaraq məni bir o qədər də yaxşı tanımırdı, sonra bir serialda birgə çəkildik, dedi ki, Elməddin, mən yanılmışam! Mən də dedim ki, yanılsan da, yanılmasan da haqlısan, nə desən ağsaqqalımsan! Onların sözü sorğulanmır, nə desələr mənim üçün qanundur. Onlar məni söysələr belə heç nə deyə bilmərəm. Bizdə o dediyim işıq, səs aparatları, kameralar, mükəmməl texnikalar olub, biz xaltura etməmişik, olmazların içində nəsə etməyə çalışmışıq. Sevindirici bir haldır ki, mən Türkiyədə filmə çəkiləndə, verilişdə qonaq olanda onlar bizim "Bacanaqlar" serialı haqda çox xoş sözlər dedilər. Çox sevindirici bir hal idi, çünki biz bu serial ideyasını kimdənsə oğurlamamışdıq, özümüz doğmuşduq.

-Yeni mövsümdən tamaşaçıları nə gözləyir?

- "Qız atası" serialımız davam edəcək, amma "Ailəmiz" serialının əvəzinə gümankı başqa layihə olacaq. Bu serialdırmı, verilişdirmi onu hələ dəqiq bilmirəm. Çünki bir az istirahətə ehtiyacımız var, beyin yorğundur, istirahətdən sonra bu haqda düşünmək istəyirəm, işimi təkrarlamaq istəmirəm.Bəzən istirahət etmədən, düşünmədən iş görürük və nəticədə əvvəlkinin təkrarı olur.


Geri qayıt