Əsas Səhifə > Şou-biznes > "Xəstəliyimin Türkiyədə və Rusiyada müalicəsi var, amma kimdir məni ora göndərən..?"

"Xəstəliyimin Türkiyədə və Rusiyada müalicəsi var, amma kimdir məni ora göndərən..?"


9-06-2021, 09:09
"Xəstəliyimin Türkiyədə və Rusiyada müalicəsi var, amma kimdir məni ora göndərən..?"
"Bəzən dublyaja gedib-gəlirəm, o da çox nadir hallarda olur. İş yoxdur, maddiyatım çox aşağı səviyyədədir. 3 ildir ki, xəstəliyimin dalınca düşmüşəm, bilmirəm xəstəliyimi düşünüm, yoxsa ailəmi dolandırım?! Ailəm də böyükdür, hamısına mən baxıram. Hər dəfə eyni problemləri deyirəm, sağ olsun televiziya və jurnalistlər işıqlandırır, amma elə orda da qalır. Yuxarı instansiyalardan, ən əsası Mədəniyyət Nazirliyindən heç kim mənimlə maraqlanmır. Düzdür, nazirlikdən demişdilər ki, sizə kömək edəcəyik, amma hələ də bir xəbər yoxdur. Yenə də Mədəniyyət Nazirimiz Anar Kərimova ümidlərim böyükdür"

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Allahverdi Yolçuyev deyib. Sənətçi daha sonra əlavə edib.

"Başqa cür necə edim? Tez-tez zəng edib, gedib qapılarında yatım? Mən demirəm ki, gətirin mənə havayı yerə pul verin, sadəcə olaraq məni bir teatra təhkim etsələr heç olmasa dərmanlarımı almağa pulum olar. 42 il az müddət deyil ki! Sovet dövründə 42 il işləyən işçini ordenlə mükafatlandırıb, ona bütün səlahiyyətləri verirdilər. Avtobus, taksi, metro ona pulsuz olurdu. Belə çıxır ki, mən 42 il sənətə xidmət etməmişəm?! Bəs onda mən haranın artistiyəm? Belə getsə hansısa ucqar kəndə gedib orada sakit həyat yaşayacam. Çörəkçi bir gün işləməyəndə əli-ayağı ağrıyır, özümü uşaqlıq illərindən bu sənətə sevdirmişəm. Sağ olsun Nicat Kazımov, yenə də o məni diqqətdə saxlayır, səhnələşdirəcəyi "Kölgə" tamaşasında mənə də rol verib. Bundan əvvəl isə "Öldürsənə məni Caniko" tamaşasını yubileyim üçün hazırlamışdı.
Bizdə hər zaman sənətçi öləndən sonra qiymətləndirilir. Xəstəliyimin Türkiyədə və Rusiyada müalicəsi var, amma kimdir məni ora göndərən? Ən azı Naftalan nefti lazımdır, o da od qiymətinədir. Başqa adamın soyuducusundan ət, balıq iyi, mənimkindən isə dərman iyi gəlir. Sənətkara qarşı laqeydlik qəbuledilməzdir! O gün yanımdakı oğlan şoka düşdü ki, bu nədir hamı səninlə görüşür?! Dedim ki, xalq artisti olmaq asandır, amma xalqın artisti olmaq çətin. Mən xalqın artistiyəm, onların qarşısında baş əyirəm! Onlar olmasa mən kimə lazımam ki?! Ömür çox vəfasızdır, ard-arda sənət dostlarımızı itiririk. Mən heç birisinin dəfninə gedə bilmədim, gedəndə daha çox başlayıram əsməyə. Doğma qardaşım 3 il əvvəl dünyasını dəyişdi, heç ora gedə bilməmişdim" deyə Allahverdi Yolçuyev bildirib.


Geri qayıt