Əsas Səhifə > Şou-biznes > "Həkimlər sözün düzü, ətraflı məlumat vermirlər..."

"Həkimlər sözün düzü, ətraflı məlumat vermirlər..."


4-06-2021, 09:20
"Həkimlər sözün düzü, ətraflı məlumat vermirlər..."
Xalq artisti Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli Moderator.az-ın suallarını cavablayıb.

- Salam, Cəlalə xanım. Siz Ramiz müəllimin koronovirusa yoluxan qızısız?

- Xeyr, virusa yoluxan böyük bacım Xədicədir.

- Atanızın səhhəti hazırda necədir?

- Həkimlər sözün düzü, ətraflı məlumat vermirlər, elə deyirlər ki, səhhəti ağır olaraq qalıb, dəyişən heç nə yoxdur. Biz də tək bunu bilirik. Ümid Allahadır, gecə-gündüz dua edirik ki, atam xəstəxanadan sağlam çıxıb, evə qayıtsın.

- Ramiz müəllim bütün günü evdə olurdu. Xəstəliyi ona kim yoluxdurdu?

- Deyim ki, evimizə xəstə adam gəlib-gedib, yalan deyərəm. Konkret heç kimdən şübhələnmirik. İndi hamı xəstədir, atam özü də xəstə adamdır, immuniteti aşağıdır. Bizim ərazimizdə yoluxma sayı çox idi. Tanınmış adamdır, bizə gəlib-gedən çox olurdu, kimsə ona əl uzadanda dəqiqə başı gedib əllərini yuya bilmirdi. Bu şəraitdə yoluxma ehtimalı böyük idi.

- Xəstəlik özünü necə göstərdi?

- Adi qrip kimi başladı, qorxulu bir şey yox idi. Bir müddətdən sonra başladı qızdırma olmağa, saturasiyası aşağı düşdü. Bundan sonra narahat olduq ki, nəsə var. Çox iştahsız idi, yemək yeməyib yatırdı. Məcburiyyət qarşısında qalıb təcili yardım çağırıb, onu Zığda modul tipli xəstəxanaya yerləşdirdik. Huşu başında idi, amma evdə baxılası xəstə deyildi. Belə vəziyyətdə evdə qalsaydı, iraq olsun, çox yaşamazdı. Atam yoluxdu, bacım ona qulluq etdiyi üçün ona da yoluxdurdu.

- Amma mətbuatda yazılmışdı kı, qızından ona keçib.

- Xeyr, atam xəstələnmişdi, bacım 10 gün idi ki, ona qulluq edirdi, daha sonra yoluxdu.

- Ramiz müəllim neçə ildir yataq xəstəsidir?

- Atam 2014-cü ildən-insult olandan tam yataq xəstəsi olmasa da evdə müalicə alır. Amma 2 il yarımdır ki, sırf yataq şəraitindədir. Bu illər ərzində dövlətdən hər zaman atama qarşı qayğı görmüşük. Mehriban xanım ona avtomobil hədiyyə edəndə elə sevinirdi ki. Sağ olsunlar. Həkimlərinə də təşəkkürümüzü bildiririk.

- Ananız özünü necə hiss edir?

- Səhhəti qaydasındadır, amma anam atamsız çox darıxır, zarafat deyil, 45 ildir birlikdədirlər. Bilirik ki, salamatdır, nəfəsi gəlir, amma evdə yoxluğu dəhşət görünür. Ard-arda sənət yoldaşlarının dünyasını dəyişməsi ona böyük zərbə vurdu, mənən özünü yaxşı hiss etmirdi. Ölüm haqdır, hamımız gedəcəyik, deyirdi ki, mənimlə birlikdə çalışanlar hamısı ölüb, bir tək mən qalmışam. Hər zaman deyirdi ki, sağalım, Arif Quliyev haqda film çəkəcəyəm. Qismət olmadı.

Geri qayıt