Əsas Səhifə > Şou-biznes > Şokolad üzərindəki şəkillər: Məşhurlarımız buna görə pul alıblarmı?
Şokolad üzərindəki şəkillər: Məşhurlarımız buna görə pul alıblarmı?3-06-2021, 18:20 |
“Alyonka” şokoladı... Bu şokoladın adını eşidən, üzərindəki şəkli görənlərin gözü önündə uşaqlıq illəri canlanır. Hə, bu şokolad Sovet dövrünün ən məşhur brendlərindən biri hesab edilirdi. Bəs, sizə heç maraqlı olubmu ki, bu şokolad kağızının üzərindəki uşaq şəkli kimindir? Bəlkə də bir çoxlarınız bunun real uşaq olmadığını da düşünmüsünüz. Amma realdır. Elə isə bu fotonun tarixinə bir nəzər salaq. Bu şokolada adı ilk sovet kosmonavt qadını Valentina Tereşkovanın qızının adından verilib. Amma adın şəkildəki uşaqla heç bir əlaqəsi yoxdur. Şokoladın siması başqa sovet qızına aiddi. Şokoladın tarixi hələ 60-cı illərin əvvəllərində başlayıb. SSRİ necə deyərlər, hamının əli çatacağı südlü şokoladın hazırlanması barədə müsabiqə elan etdi. Müsabiqənin qalibi isə “Qırmızı oktyabr” ( “Красный октябр”) fabriki oldu. Hə, şokoladın resepti müzakirələrə səbəb olmuşdu. Həm dadlı, həm də hər kəsin ala biləcəyi bir şokolad olmalı idi. Bu həll olundu. Digər çətinlik isə onun üzərində olacaq şəkil idi. Rəssamlar yüzlərlə şəkillər çəksə də, uyğun olanı yarada bilmirdilər. Seçim isə rəssam Aleksandr Qerinasın qızı Yelenanın fotosunda dayandı. Qerinasın həyat yoldaşı 1960-cı ildə qızlarının 8 ayı tamam olanda onun şəklini çəkmişdi. 1962-ci ildə şəkil “Zdorovye” jurnalında çap edilmişdi. 1965-ci ildə isə “Veçernaya Moskva” jurnalında şokolad üçün müsabiqə yaradılanda şəkil yenidən yada düşür. Düzdü, şəkil hazır idi. Amma müəyyən dəyişikliklər lazım olur. Rəssamlar bir neçə xırda dəyişiklik edirlər. Gözləri qəhvəyidən maviyə dəyişirlər. Üzünü isə bir qədər uzadırlar. Yanaqlarını qızardaraq dodaqlarını daha dolğun edirlər. Beləliklə, 1966-cı ildə bütün dünyada tanınan şokolad və onun üzəridəki şəkli meydana gəldi. Yeri gəlmişkən, onu da qeyd edək ki, şəklin çəkilməsi zamanı edilən dəyişikliklər 2000-ci ildə “Krasnıy oktyabr” fabrikini Yelena Qerinasa 5 milyon təzminat verməkdən xilas etdi. Belə ki, Elena Qerinasın tələbi nəticəsində məhkəmə qərara almışdı ki, şəkil tam olaraq eyni deyil, yığılma şəkildir. Amma indi bir nüansa diqqət yetirək. Üzərində real insanların fotoları olan təkcə “Alyonka” deyildi axı. Ondan sonra da şəkli elə olduğu kimi, heç bir müdaxilə olunmadan, dəyişdirilmədən şokolad qutuları üzərinə vurulan insanlar var. Həm də onlar sadə insanlar deyil, məşhurlardır. Bütün dünyada olduğu kimi belə məşhurlardan Azərbaycanda da var. Düzdü, hazırda bu ənənə davam etməsə də, bir zamanlar onların şəkilləri şokolad qutularını bəzəyirdi. Bu məşhurlar sırasında Xalq artistləri Nazpəri Dostəliyeva, Məleykə Əsədova, Mələkxanım Əyyubovanın da adı keçir. Bəs, onlar buna görə hər hansı bir təzminat alıblarmı? Yaxşısı budur bu haqda özləri danışsınlar. “Əlbəttə. Mənim razılığımla verilirdi şəkillərim. O vaxt vəziyyət elə idi ki, pula da ehtiyacımız var idi. İş adamları da çox deyildi. Tək-tük adını eşidərdik. Bu iş adamı vardı, naxçıvanlı idi. Məndən icazə aldı və şəkillərimi verdi. Buna görə mənə ayda 1000 manat ödəniş edirdi”. Xalq artisti Mələkxanım Əyyubova Lent.az-a açıqlamasında deyir bu sözləri. Və onu da əlavə edir ki, elə şokolad qutularına şəkli vurulan ilk azərbaycanlı məşhur da özü olub. “Sonra başqa müğənnilərin də şəkli verilməyə başlandı. Nazpəri xanımın və Məleykə xanımın da şəkilləri var idi. Əslinə qalsa, mən belə şeylərə razı olacaq bir xanım deyiləm. Onda da belə idi. Sonra düşündüm ki, burada pis heç nə yoxdur. Eyni zamanda pula da ehtiyacım var. Ona görə də razılaşdım”. Xalq artisti onu da bildirir ki, bu işin ona daim köməyi dəyib. “Bir dəfə mən xaricdə olanda bir az çətinliklə qarşılaşmışdım. Həmin şirkətlə əlaqə saxladım. Onların həmin ölkədə filialı var idi. Məni orada qarşıladılar, otelə yerləşdirdilər. Yəni bu cür xidmətləri də var idi. Hər ay qutularla müxtəlif konfetlər, şokoladlar göndərirdilər. Hətta mən danışmışdım onlarla, hər ay yardımlar da edirdik uşaq evlərinə. Xeyriyyə işləri edirdik. Ona görə də həmin illərlə bağlı xoş xatirələrim çoxdur”. Xalq artisti Məleykə Əsədova da mediaya açıqlamasında 90-cı illərdə şəklinin şokolad qutularının üzərinə vurulmasından danışıb. Aktrisa həmin şəkillərin müqavilə əsasında qutulara vurulduğunu deyib. “1997-1998-ci illərdə həmin şokolad qutuları Türkiyədən gətirilirdi. Müqaviləmiz var idi. Qutulara mənim rəsmlərim vurulurdu, amma bir-iki ildən sonra dayandırdım, icazə vermədim. Özü də tapşırırdım ki, mənim şəklim olan qutularda keyfiyyətli şokoladlar olsun. Mələkxanım Əyyubovanın da şəkilləri vurulurdu. Amma sonra şəkillər çoxaldı, biz istəmədik”. Mövzuyla bağlı Xalq artisti Nazpəri Dostəliyeva ilə də əlaqə saxladıq. Nazpəri xanım Lent.az-a açıqlamasında deyir ki, buna görə ona heç bir təzminat ödənilməyib. “Mənə heç bir pul ödənməyib. Açığı, buna görə icazə də almayıblar. Amma mən də heç vaxt şikayətçi olmamışam. Həmişə düşünmüşəm ki, əgər kimsə mənim şəkilimdən yararlanaraq evinə bir parça çörək aparırsa, xoş halalı olsun”. Geri qayıt |