Əsas Səhifə > Şou-biznes > "Hava o qədər soyuq idi ki, üzümüz, ağzımız donmuşdu"

"Hava o qədər soyuq idi ki, üzümüz, ağzımız donmuşdu"


26-05-2021, 08:54
"Hava o qədər soyuq idi ki, üzümüz, ağzımız donmuşdu"
"Artıq 4-cü ildir ki, Türkiyədə, İstanbul şəhərində yaşayıram. Mən Azərbaycanda "Qaçan atlar" prodakşının təsisçisi və rejissoru olaraq bir çox ibrətamiz filmlər çəkirdim. "Ramazan payı", "Möcüzə" , "Sirli gecə" kimi filmlər buna misaldır. Hətta İstanbula gələndə də bir neçə ibrətamiz mövzuda film çəkdik. Məşhur aktrisa Çağla Şimşək ilə bir filmimdə həmkar da oldum. 2 il burada kanallardan birində rejissor çalışdım, amma mənim işim sırf filmlə bağlı olduğu üçün televiziyanı tərk etdim.

Çox çəkmədi ki, "Savaşçı" serialına dəvət aldım. Serialın 5-ci mövsümünün yayımını səbrsizliklə gözləyən böyük kütlə var idi. Bu mövsümdə ekran işində Qarabağ, Azərbaycan mövzusu yer aldı. O serialın çəkildiyi prodakşından dostlar məni dəvət etdi, mən də azərbaycanlı kapitan obrazını canlandırmağa razılıq verdim. Təbii ki, son sözü rejissor deməli idi. O da çəkiləndən sonra baxdı, bəyəndiyini bildirdi. Hətta özüm də bir neçə dostumuzun "Savaşçı" serialında çəkilməsinə vəsilə oldum"

Bunu Moderator.az-a açıqlamasında azərbaycanlı rejissor və aktyor Natiq Axund deyib. O daha sonra əlavə edib.

"Serial Eskişəhərin kəndlərində, dağlıq yerlərdə, müharibə görüntüləri üçün əlverişli olan ərazilərdə lentə alındı. Hava o qədər soyuq idi ki, üzümüz, ağzımız donmuşdu, dodağımı don vurub partlatmışdı. Türkiyədə bir çox serialda olduğu kimi "Savaşçı"-da da ssenari reytinqə görə, insanların seriala reaksiyasına, münasibətinə görə yazılır. 5-ci mövsüm 100-cü bölümdən başladı, mən isə 101-ci bölümdən çəkildim. İndi isə hələ ki, Azərbaycanlı səhnələrə ara verilib, mən də dincəlməyə başlamışam, çünki yol məni çox yorurdu, İstanbuldan Eskişəhərə gedib-gəlmək mənim 6 saatımı alırdı. Ola bilsin ki, Azərbaycanla bağlı səhnələr yenə də əlavə olunsun və yeni mövsümdən çəkilim.

Yenə də deyirəm, bu gedişatdan aslıdır. Serialda nə sırf Türkiyə türkcəsində danışdım, nə də ki, Azərbaycan dilində. Ortaq türkcədə danışırdım. Məsələn, bir cümləni sizə deyim. Serialda belə bir söz vardı ki, bu ərazidə mayın axtarılmasına başlanılacaq. Mayın bomba deməkdir, sözsüz ki, azərbaycanlılar bunu başa düşməyəcəkdi. Ona görə də dedim ki, "Bu ərazidə bombaların, yəni mayın axtarılmasına başlanılacaq". Ortaq türkcə ən gözəlidir" deyə müsahibimiz bildirib.

Aktyor ona qarşı həmkarlarının münasibətindən də danışıb.

""Bilirsiz ki, "Savaşçı"-da Türkiyənin çox məşhur simaları çəkilir, hamısı ilə gözəl münasibətim yarandı. Azərbaycana, ölkəmizə qarşı hədsiz gözəl münasibət gördüm. Hətta Tamer Karadağlı biləndə ki, azərbaycanlıyam, dedi ki, mənim də əslim Gəncəlidir" deyə Natiq Axund deyib.



Geri qayıt