Əsas Səhifə > Şou-biznes > Mədəniyyətimizin qeyri-mədəni oğruları:
Mədəniyyətimizin qeyri-mədəni oğruları:22-04-2021, 08:29 |
Xəbər verdiyuimiz kimi, ermənilər Elmira Rəhimovanın ifasında səslənən “İntizar” adlı mahnımızı (Musiqisi Nüşabə Muradovaya, sözləri isə Südabə Şəfaya aiddir) oğurlayaraq, azyaşlı uşağın klipini çəkiblər. Mahnının adını isə “Yalvarıram, İsa Peyğəmbər, gəl, gəl!” olaraq dəyişdiriblər. Bu, ermənilər üçün xas əlamətlərdəndir. Bu xalq tarixən başqa xalqların mədəniyyətindən bəhrələnməyə, onlaırn tarixini, mədəniyyət nümunələrini öz adlarına çıxarmağa çalışıb. Azərbaycan mədəniyyət nümunələri isə bu oğurluq siyahılarında həmişə ilk yeri tutub. Ümumiyyətlə, Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən oğurlanır, mənimsənilir və erməni nümunələri kimi təqdim olunur. Ermənilər Azərbaycanın “Sarı gəlin”, “Süsən - sünbül” və onlarca digər xalq mahnılarını, “Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi” rəqslərini, qədim musiqi alətlərimizi (tar, balaban, zurna), hətta məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməyə cəhdlər göstərirlər. Cebhe.info budəfəki araşdırmasında ermənilərin öz adlarına çıxartmağa çalışdıqları bəzi mahnılarımızı təqdim edir. *Azərbaycanın xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi məşhur “Vokaliz” mahnısı bir neçə dəfə ermənilər tərəfindən oğurlanıb. Son olaraq, Siruşo (Siranuş Harutyunyan) “Yurmala” festivalında ifa edərək, onu erməni mahnısı kimi təqdim edib. *Bir neçə il öncə erməni müğənni Spitaklı Hayko Tiqran Osetriyanla birlikdə Zeynəb Xanlarovanın repertuarından olan məşhur “Sən Müşfiqin yanında qal” mahnısını oğurlayaraq ifa etmişdi. *Erməni müğənni Hayko Spitakci də bu musiqini mənimsəyərək “Qarun, qarun” adı altında oxuyub. O, Azərbaycan musiqisi əsasında təqdim etdiyi mahnını Tigran Asatryan ilə birgə səsləndirib. Xatırladaq ki, “Qal sənə qurban”ın sözləri Mikayıl Müşfiqə, musiqisi isə Ələkbər Tağıyevə məxsusdur. *2017-ci ildə Rusiyanın “Telekafe” kanalında yayımlanan “Puteşestvie za vkusom” verilişində “erməni mətbəxinə” həsr edilən buraxılışında görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin bəstələdiyi “Sən gəlməz oldun” mahnısının musiqisi fon musiqisi kimi səslənib və həmin musiqinin erməni musiqisi olduğu barədə təəssürat yaradılıb. Ümumiyyətlə, Ə. Tağıyevin “Sən gəlməz oldun” mahnısı da tək Azərbaycanda deyil, ölkə xaricində də məşhurdur. Belə ki, Belarus müğənnisi “Byanka” adı ilə tanınan Tatyana Eduardovna Lipniçkaya və Özbəkistan müğənnisi “Soqdiana” adı ilə tanınan Oksana Vladimirovna Neçitaylo Azərbaycan bəstəkarı Ə.Tağıyevin bəstələdiyi “Sən gəlməz oldun” mahnısının musiqisindən qeyri-qanuni istifadə ediblər. Həmin vaxt da Müəllif Hüquqları Agentliyi məsələnin həllində səlahiyyətləri çərçivəsində tədbirlər həyata keçirib, Belarus və Özbəkistanın aidiyyəti orqanları ilə danışıqlar aparıb. *Rusiyada aşkar olunan «the art of armenian duduk» («Maqiçeskiy Duduk») adlı bir diskdə erməni ifaçısı Civan Qasparyanın ifa etdiyi kompozisiyalar toplanıb. Bu topluda oğurlanmış əsərlərin siyahısında Tofiq Quliyevin “Sənə də qalmaz”, Rauf Hacıyevin “Saçlarına gül düzüm”, Cahangir Cahangirovun “Ay qız”, Emin Sabitoğlunun “Neyləyim”, Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, Eldar Mansurovun “Melodiya” və “Gecə zəngləri” kimi məşhur musiqi əsərləri var. *Bununla yanaşı, lisenziyasız toplularda məşhur Azərbaycan balabançısı Əlixan Səmədovun albomu həmişə olduğu kimi “yaxşı erməni musiqisi” adı altında təqdim olunur. Kompozisiyaların rus dilində göstərilmiş adları: “Tı ne prişla”, “Svetlovolosaya nevesta”, “Ne prişla”, “Lirika”, “Ayvovıy tsvetok” ermənilər tərəfindən qoyulmuş elə həmin kiçik yaradıcılıq elementidir. Lakin söhbət elə Ə.Tağıyevin “Sən gəlməz oldun” mahnısından, “Sarı gəlin”, “Gəlmədin” Azərbaycan xalq mahnılarından, “Mirzeyi” və “Heyva gülü” Azərbaycan rəqs havalarından gedir. Təbii ki, plagiatçılar nə kompozisiyalarının mənşəyini, nə də onun əsil ifaçılarını göstərirlər. *Ötən il isə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin musiqisi Belçikada yaşayan Vardan Hovanissian və Əmrə Gültəkin tərəfindən mənimsənilmiş və “Houcher” adı altında “Karin” musiqi albomuna daxil edilərək “YouTube” kanalında yayılmışdı. Geri qayıt |