Əsas Səhifə > Şou-biznes > “Mənə dəfələrlə deyilib ki, intellekt sözünü qırağa qoy, biz qeybəti sevən adamlar üçün işləyirik...”
“Mənə dəfələrlə deyilib ki, intellekt sözünü qırağa qoy, biz qeybəti sevən adamlar üçün işləyirik...”19-04-2021, 11:50 |
“Televiziyalarımızın baxımlı olması üçün yenidən başlamaq, maraqlı televiziya yaratmaq, peşəkar aparıcıları işə cəlb etmək lazımdır. İyirmi il bundan əvvəl “Sizin saat” verilişi etmişdik və indi özümüzü qırağa qoyub, verilişi davam edirlər” Bunu Moderator.az-a açıqlamasında aktyor, aparıcı Kamran Həsənli deyib. K.Həsənli televiziyalarımızın acınacaqlı vəziyyətindən danışıb: “Televiziyalarımızın vəziyyəti göz önündədir. Peşəkarlar hamısı kənarda qalıb deyə Azərbaycanda televiziyaların vəziyyəti çox gərgindi. Yazıçı Xeyrəddin Qoca həmişə həqiqəti deyən adamdı və televiziyalarımızla bağlı çox düzgün fikirlər səsləndirir. Bununla yanaşı, bütün Azərbaycan tamaşaçısı televiziyalarımızdan narazıdır. Azərbaycan tamaşaçısının ən populyar sözü “biz Azərbaycan televiziyasına son 2-3 ildi baxmırıq” cümləsidir. Kimi dindirirsən, bunu deyir”. K.Həsənli deyib ki, televiziyalarımızın baxımlı olması üçün köklü dəyişiklik olmalıdı: “Televiziyalarımızın baxımlı olması üçün yenidən başlamaq, maraqlı televiziya yaratmaq, peşəkar aparıcıları işə cəlb etmək lazımdır. İyirmi il bundan əvvəl “Sizin saat” verilişi etmişdik və indi özümüzü qırağa qoyub, verilişi davam edirlər. Yenə kreslo, oxuyan və bir az da söhbət. Onda bizdə mövzular aktual və kəskin idi, amma bunlarda o yoxdu. Fanaqramanı oxuyub və sonra da oturub axmaq-axmaq danışmaq heç kimə lazım deyil. Bir sözlə, çox səviyyəsiz hala gəlib düşüblər. Tərcümələrə baxın, hər kanalı özü üçün bir tərcümə mərkəzi açıb və hər biri öz ləhcəsində kinoları tərcümə edir. Yəni bizim dilimizi, Azərbaycan türkcəsini gözdən salırlar”. K.Həsənli deyib ki, televiziya rəhbərləri dəyişsə də, kanalda heç bir yenilik olmadı: “Televiziya rəhbərləri üçün isə əsas odur ki, aylıq pulu gəlsin. Nə istəyirsən danış. Televiziyaların 3-4 il bundan öncə konsepti var idi və bunu da onlara xalqın nifrətini qazanan məmurlar vermişdi. Düzdü, indi həmin məmurlar işdən çıxarılıblar. Onlar çalışırdılar ki, televiziya insanların başını boşaltsın, xalq televiziyaya baxanda özü-özündən nifrət eləsin, özünü intellektsiz, ağılsız saysın. İndi o məmurlar yoxdu, amma onların konsepti və kadrları televiziyada qalıb. Ölkədə hər şey dəyişilmək üzrədir, amma televiziya dəyişilmir. 44 günlük müharibəyə qədər hardasa onların bu konsepti 4-5 faiz işləyirdi, amma qələbədən sonra millətin düşüncəsi, təfəkkürü dəyişilib və millət artıq televiziyanı qəbul etmir. Televiziya isə dəyişmək istəmir. Həm də dəyişməyi bacarmırlar. Televiziyaların bu qədər rəhbəri dəyişdi, amma hansısa dəyişikliyin şahidi oldunuzmu? Bu gün özləri-özləri inandırıblar ki, guya bunlara tamaşaçı baxır. Bütün sosial şəbəkə televiziyaları söyür. Amma bunlar söyüşə də, təhqirə də öyrəşiblər. Heç başa düşmürlər ki, reytinq nədir. Əslində reytinq hörmət və münasibətdi. Televiziyada qeyri-peşəkarlar, ömür boyu söyülməyə öyrənənlər oturublar”. K.Həsənli bizim qonşu ölkələrin televiziyasından öyrənməli olduğumuzu bildirib: “Televiziya dünyada inkişaf etmiş bir sənət janrıdır. Türkiyə və Rusiyaya baxmaq lazımdır. Düzdü, onlarda da televiziyalar o qədər dünyəvi deyil, amma onlar bunu bacarırlar. Məsələn, türk və ya rus tamaşaçısı “biz öz televiziyamıza baxmırıq” demir. Onlar ancaq hansısa kanala və ya verilişə baxmadıqlarını deyə bilərlər. Bizdə isə faciədir, belə şey olmaz axı. Rusiyada hər təbəqəyə hesablanan kanallar var. Mənim özümə iclaslarda dəfələrlə deyilib ki, intellekt sözünü qırağa qoy, biz qeybəti sevən adamlar üçün işləyirik”. Geri qayıt |