Əsas Səhifə > Şou-biznes > "Həmin obrazı elə mahir oynamışdı ki..."

"Həmin obrazı elə mahir oynamışdı ki..."


5-04-2021, 08:21
"Həmin obrazı elə mahir oynamışdı ki..."
“Gözəl sənətkarımız, Xalq artisti Muxtar Maniyevlə mən bir neçə filmdə çəkilmişəm. Onun kinoda oynadığı onlarla obrazlar arasında xüsusilə xarakterik obrazlar yadda qalıb. Ümumiyyətlə Azərbaycan kinosunda Muxtar Maniyev xarakterik obrazların mahir ifaçısı idi. Məsələn “Qorxma, mən səninləyəm” filmində həbsxanadakı dustaqlardan birini oynamağı heç vaxt gözümün qabağından getmir. Çünki bu həm komik, həm də dramatik bir obraz idi. Daha çox komik idi. Biz həbsxana epizodunu kinostudiyanın həyətində çəkirdik, orada böyük bir çən var idi, çənin bir hissəsini plastilinlə hörmüşdülər ki, Muxtar Maniyevin oynadığı dustaq obrazı barmağı ilə çəni rahatlıqla deşə bilsin. Həmin obrazı elə mahir oynamışdı ki, biz çəkiliş meydançasında ona baxıb uğunurduq. Bundan başqa yenə də mənim çəkildiyim “Qızıl uçurum” filmində onun oynadığı faytonçu obrazı çox gözəl xarakterli, koloritli, həm də dramatik obraz idi. Həmin obraz vasitəsilə o Cəlil ağaya olan nifrətini tam ifadə etmişdi”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, sevilən aktrisa Həmidə Ömərova bu gün doğum günü tamam olan mərhum aktyor, Xalq artisti Muxtar Maniyev haqda deyib. Aktrisa daha sonra aktyorla olan xatirələrini bölüşüb.

“Muxtar Maniyev həyatda tamam fərqli biri idi. Mənfi obrazlarına baxmayaraq çox səmimi, sadə, gülərüz insan idi. Yadımdan heç vaxt çıxmaz ki, 75 illiyi idi, biz sənət yoldaşlarımızla yığışıb onun yeni köçdüyü evinə getdik. Bizimlə o qədər zarafatlaşırdı ki. Kinostudiyanın köhnə vaxtları yadıma düşmüşdü, çünki aktyor şöbəsində də hər zaman Muxtar Maniyev zarafatlaşırdı, deyib-gülürdü. Rəhmətlik aktrisa Nuriyyə Əhmədova başına müxtəlif şlyapalar, papaqlar taxmağı xoşlayırdı. Bir gün Nuriyyə bizə şikayət edirdi ki, papağımı Bakı küləyi saxlamır. Muxtar Maniyev baxıb qəfildən dedi ki, Nuriyyə, sən o papağı yun corabla başına keçir (gülür). Onun qeyri-adi ifadələri həmişə yadda qalırdı. Bir dəfə ad günüm idi, Muxtar Maniyev evə zəng etdi ki, Həmidə, tez ol, düş aşağı, vacib işim var səninlə, tez ol, ölüm-dirim məsələsidir. Həyəcanla düşdüm aşağı. Gördüm ki, dayanıb yolun o biri tərəfində, əlində də çox böyük qızılgül dəstəsi. Güldü, gülləri mənə təqdim edib, ad günümü təbrik etdi. Aktyor şöbəsində onunla neçə il çalışmışıq, hamıya hörmətlə yanaşırdı, yeri gələndə zarafat da edirdi, hamının dilini bilirdi. Amma heç kimin xətrinə dəyməzdi. Bir dəfə də biz- Muxtar Maniyev, Ceyhun Mirzəyev və mən Moskvada festivalda iştirak edirdik, tədbirdən qayıdanda Moskvanın içində taksi tutmuşduq. Birdən məktəb illərindən söz düşdü, Muxtar Maniyevlə Ceyhun Mirzəyev başladılar xatirələrini danışmağa. Mən də qabaqda sürücünün yanında əyləşmişdim. Çönüb dedim ki, Muxtar müəllim, siz bəyəm Ceyhunla yaşıdsınız? Gördüm ikisi də bir-birlərinə mənalı şəkildə baxırlar. Dedi ki, niyə soruşursan? Dedim ki, siz məktəb illərindən danışırsız, danışıqlarınızdan da belə başa düşürəm ki, siz bir-birinizi o illərdən tanıyırsız. Muxtar Maniyev o dəqiqə dedi ki, əlbəttə, biz bir-birimizlə yaşıdıq, bir partada oturmuşuq. O qədər səmimi dedi ki, mən də inandım, gözüm kəlləmə çıxdı ki, bunlar eyni yaşdadır?! Muxtar dedi ki, həyat məni qocaltdı da, Həmidə, həyat qocaltdı! Sən mənim belə olmağıma baxma, bilirsən necə oğlan idim? Məni Ceyhun kimilər qocaltdılar. Bu əlbəttə onun bir zarafatı idi, çünki o neçə il Ceyhundan böyük idi. Zaraftaları elə səmimi, yerində deyirdi ki, biz ciddi qəbul edirdik. Çox şən, həyatsevər insan idi. Sonuncu dəfə biz onun yanına xəstəxanaya getdik. O şəkil məndə indi də var, amma ona baxa bilmirəm. Mən idim, Nahidə Orucova, rəhmətlik Nuriyyə Əhmədova, Sonaxanım Mikayılova, həyat yoldaşı Nəsibə xanım da yanında idi. Ayağının birini kəsmişdilər, amma maraqlısı burasındadır ki, o adam elə çətin vəziyyətdə də bizimlə zarafatlaşıb gülürdü. O qədər həyat eşqi var idi ki. Çox gözəl insan idi, Allah ona rəhmət etsin, ruhu şad olsun” deyə Həmidə Ömərova bildirib.


Geri qayıt