Əsas Səhifə > Şou-biznes > "Müğənnilərdən biri dedi ki, Mübariz müəllim, iş olsaydı gedib "zapravka"da operator işləyərdim"

"Müğənnilərdən biri dedi ki, Mübariz müəllim, iş olsaydı gedib "zapravka"da operator işləyərdim"


30-03-2021, 09:36
"Müğənnilərdən biri dedi ki, Mübariz müəllim, iş olsaydı gedib "zapravka"da operator işləyərdim"
“Dedi-qoduları, qalmaqalları yaradanlar var, bunlar öz-özünə yaranmır ki. Bir qədər də mənim başı havalı sənət yoldaşlarım var ki, onların nə şəhid, nə qazi, heçnə veclərinə deyil. Düzdü belə sənətçilər çox azdır. Amma bəzən görürsən ki, davranışlarına fikir vermirlər”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Mübariz Tağıyev bildirib. Sənətkar daha sonra sənəti ilə pul qazanan insanların acınacaqlı taleyindən də danışıb.

“Məsəl üçün deyirsən ki, niyə gedib özünü yoxlatdırmırsan? Yoxla gör sənin səhhətin necədir? Deyir ki, mən 100 manatı haradan tapım? Reallıq budur. Vəziyyət ürəkaçan deyil. Çox insanlar işlərini itirib, iş yoxdur. Biz sənət adamları da demək olar ki, eyni taleyi yaşayırıq. Mən toy adamı deyiləm, heç vaxt toya getməmişəm. Onun da böyük çətinlikləri var, hər sənətçi toy apara bilməz, professional olmalısan. Bir dəfə bir müğənni dedi ki, ay Mübariz müəllim, toy yoxdur! İş olsaydı gedib benzin doldurma məntəqəsində operator işləyərdim. Mən sözün düzü donub qaldım. Deyir ki, ailəm, uşaqlarım acından ölür. Öz-özümə fikirləşdim ki, müğənninin açıq havada operator işləməyi nə dərəcədə düzgün olar? Bu sözdən sonra nə qədər fikirləşdim ki, görəsən bunlara necə kömək etmək olar? Fikirləşdim, amma bir şey tapa bilmədim. Burda əslində utanmalı bir şey yoxdur, kişidir, insan hər işdə işləyə bilər. Biz sənətçilərin də adi xalqdan bir fərqimiz yoxdur. Pandemiya yaradıcı insanın da sərbəstliyini əlindən alıb. Biz sənətçiyik, daim fikirləşirik ki, canını vətən uğrunda fəda edən oğullarımız üçün nəsə hazırlayaq. Əslində çox yaxşı vətənpərvər müsabiqələr elan oluna bilər. Amma pandemiyada nə müsabiqə? Bir tərəfdən də qolumuz bağlanır” deyə sənətkar bildirib.

Xalq artisti daha sonra söhbətinə davam edib.

“Qələbə hissiyatı başımızın üstündə pərvazlanır. Bundan hələ ki, uzaqlaşmamışıq. Düzdür, mülki insanlarımızın həmin torpaqlarda minalara düşərək həyatlarını itirməsi hamı kimi məni çox üzür. Bu iblislər görün torpaqlarımızı necə viran qoyub. Bu minaların təmizlənməsi prossesi hələ gör neçə il çəkəcək. Bütün kənd və şəhərlərimizi pis günə qoyublar. Bir daşı daş üstə qoymayıblar. Biz çox güclü bir millətik, təsəvvür edin ki, şəhid anası deyir ki, “Vətən sağ olsun, vətən uğrunda gedib balam”. Bu sözdən sonra bir rahatlıq tapıram. Bir də məni narahat edən ciddi bir məsələ var. Ermənilərin əsgərləri sosial şəbəkədə video paylaşırlar ki, “biz belə vuruşuruq, elə vuruşuruq, döyüşkən xalqıq” deyirlər. Bizim döyüşçülər də elə videolar qoy paylaşsınlar bir neçə dildə. Bildirsinlər ki, Azərbaycan əsgəri gör nələr etdi? Postda silahını qoyub qaçan şərəfsizlər erməni əsgəri deyildi? İndi şərəfsizlər “qəhrəmanlıq”dan danışırlar” deyə xalq artisti bildirib.


Geri qayıt