Əsas Səhifə > Şou-biznes > “Ermənilər gəlib qarşımızda baş əyirdilər”
“Ermənilər gəlib qarşımızda baş əyirdilər”29-03-2021, 14:42 |
“Bir aydan sonra 74 yaşım tamam olacaq. Bu, həsrətdən, xəcalətdən azad olunan ilk ad günümdür”. Bunu Azvision.az -a Xalq artisti Ramiz Quliyev deyib. Sevimli tarzən növbəti doğum günündə Ağdama səfər etmək istədiyini söyləyib. “Aprelin 30-u 74 yaşım tamam olacaq. Bunu 27 ilin həsrətinə son qoyan doğum günü kimi qeyd edəcəyəm. Həmişə anadan olduğum günlərdə düşünmüşəm ki, İlahi, sən qismət et, gələn ili Ağdamda keçirim. Sevinirəm ki, yeni yaşıma minnətli, gözükölgəli girməyəcəyəm. Mən Ağdama icazəsiz gedə bilmərəm. Tərbiyyəm həmişə belə olub. Dövlət səviyyəsində razılıq verərlərsə, gedib valideynlərimin məzarını ziyarət edərəm. Onları Qarahacı qəbiristanlığında dəfn etmişik. Yadımdadır ki, atam və anam mən uşağ olanda əlimdən tutunb, Cümə məscidinə aparırdılar. İndi isə o məscidə həsrət qalmışam. Mən nə qədər ömür sürəcəyimi bilmirəm. Hərdən fikirləşirəm ki, Ağdamı gedib görə biləcəyəmmi? Bu, mənə qismət olacaqmı? Ömür vəfa edəcəkmi?. İndi Ağdamda bir divar salamat qalıb. O da Ağdam Dövlət Dram Teatrının bir parçasıdır. Mən 14 yaşımda həmin teatrda “Leyli və Məcnun” tamaşasını müşayiət etmişəm. Arif Babayev Məcnun, Narınc Məlikova isə Leyli rolunda çıxış edirdilər. Hətta Xankəndi şəhərində, Tuğ kəndində də çıxışlar edirdik. Getdiyimiz kəndlərdə yaşayan ermənilər gəlib bizim muğamımızın, Arifin, tarımın qarşısında baş əyirdilər. Ağdam mədəniyyətin, dəyanətin rəmzi idi. Deyirdilər, Ağdamda 3 gözəl mənzil var. Biri Arif Babayevin, biri Famil Mehdinin, biri də Ramiz Quliyevindir. Möhtəşəm ikimərtəbəli saray idi. O evlər, o saraylar Ağdamda canını qoyan oğullara qurban olsun”. Xalq artisti sənət yoldaşı Arif Babayevin Ağdam səfərinə zarafatyana reaksiya verib. “Arif Babayevin gözəl sənəti, gözəl səsi olmaqla yanaşı, yaraşığı, boy-buxunu ilə də həmişə insanları cəlb edib. Mənim Arif qədər yaraşığım, Arif qədər boy-buxunum yoxdur. Amma sənət dostumdur. Mən onunla illərlə yüksək səviyyəli tədbirlərdə olmuşam. Mənim tarımın mizrabının səsi başqa, onun oxuduğu şikəstənin səsi tamamilə başqadır, ikisi birləşəndə daha gözəl olur. Amma Arif müəllimlə bizi ayırıblar. Sənət dostumu Ağdamda görəndə çox pis oldum. Görün qədəmləri, yerişi gözəl olan Arif Babayevi 27 illik həsrət nə günə salıb. Biz o yerlərin suların içib yaşlana bilmədik, 27 il ancaq dözdük. Mən əminəm ki, Ağdamın sayılıb-seçilən əsl sənətkarlarının adına orada muzey yaradılacaq. 75 illik yubileyimdə Ağdamın abadlığını görməyi arzulayıram”. Bundan əlavə, tarzən qazilərimizlə də görüşdüyünü deyib. “Mənim bir neçə tar ifaçılarım var. Döyüşlərdə yaralanıb, qazi olublar. Neçə dəfə onlarla görüşmüşəm, disklər vermişəm, onların qarşısında “Ana” mahnısını ifa etmişəm. Əsgərlərimizin analarına minnətdarlığımı ifadə etmişəm. Mən Ali Baş Komandana, hərbçilərimizə təşəkkür edirəm, şəhidlərin ruhları qarşısında baş əyirəm”. Geri qayıt |