Əsas Səhifə > Şou-biznes > "Qəbrinə bayraq sancmaq istəyirəm"
"Qəbrinə bayraq sancmaq istəyirəm"29-03-2021, 08:33 |
“Sözün düzü, Ağdama getməyə məni dəvət etməyiblər. Dəvət etsələr məmnuniyyətlə gedərəm. Özümə söz vermişəm ki, Uzundərədən keçəndə Qədir Rüstəmovun “Sona bülbüllər” mahnısının səsini artıracam. Evim Ağdam teatrının düz yanında idi, indi yerlə-yeksan olunub. Evimin yerində dayanıb, hönkürmək istəyirəm, o illəri yadıma salmaq istəyirəm. Milli qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət edib, qəbrinə bayraq sancmaq istəyirəm” Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Fatma Mahmudova deyib. Aktrisa deyib ki, ürəyində bir narahatlıq hökm sürür. “Özümə, canıma, ayaqlarıma arxayınam, bircə ürəyimə etibarım yoxdur. Buna görə narahatam. Görəsən ürəyim bu sevincə tab gətirə biləcəkmi? Öz-özümə ürəyimə sual verirəm ki, tab gətirə bilərsənmi?! Ürəyim deyəndə ki, arxayınam, gəl gedək, əlbəttə, gedəcəm. Həm tələsirəm gedim, həm də bu səfəri yubadıram. Deyirəm ki, sonra gedə bilmərəm, qoy vaxtında gedim. Allah imkan yaratdı Arif Babayev gedib gördü, Allah mənə də yol açsın, yol versin. Ağdam teatrında o qədər Arif Babayevin konsertlərini izləmişəm ki. Yadımdadır, o konsert verəndə bütün zal ağzına kimi dolu olurdu. Mənim bir tərəfim Şuşadandır, bir tərəfim də Ağdamdan. Həmişə deyirdim ki, mənə Şuşasız Ağdam lazım deyil. Çünki Şuşa bizim baş tacımızdır, görün ora kimlərin yurdudur, kimlər yetişib orada? Gedib oraların torpağını öpəcəm. Ağdam təkcə xanəndələr yox, savadlı müəllimlər, həkimlər, müxtəlif peşə sahibləri yetişdirib. Yadımdadır, o vaxt qızlarım da balaca idi. Bütün günü səngərlərdə, cəbhə bölgələrində konsert proqramları ilə çıxış edirdik. Həyat yoldaşım Tofiq Qarayev həm aktyor kimi çıxış edirdi, həm də hərbçi kimi döyüşürdü. Bütün ailəlikcə vətənə xidmət edirdik. Tofiq Ağdamın işğalına dözə bilmədi, bu dərd onu daha da üzdü. İnanıram ki, indi bütün vətən həsrəti ilə dünyasını dəyişmiş insanların hamısının ruhu şaddır” deyə xalq artisti bildirib. Geri qayıt |