Əsas Səhifə > Şou-biznes > "Heç vaxt ağlıma gəlməzdi ki, belə bir bəla gələcək"

"Heç vaxt ağlıma gəlməzdi ki, belə bir bəla gələcək"


24-03-2021, 08:49
"Heç vaxt ağlıma gəlməzdi ki, belə bir bəla gələcək"
“İnşallah ki, bu çətin günlərin də öhdəsindən uğurla gələrik. Pandemiyada birinci 5-6 gün ev işləri gördüm, deyirdim ki, ay Allah nə qədər iş var evdə? İndi artıq alışmışıq. Amma insan təmasda olmaq istəyir, gəzməyə çıxmaq istəyir, o günləri həsədlə xatırlayır. İlk günlər evdə qalmaq bizim üçün çox çətin idi. Biz 1992-ci ildə İranda filmə çəkilirdik, o vaxt heç ailə həyatı da qurmamışdım. Gözəl aktrisamız Bahar Abdullayeva da həmin filmə çəkilirdi. Təsəvvür edin 29 il bundan əvvəl orada vəziyyət qat-qat çətin idi. Qadınlar hamısı küçədə gedəndə mütləq yanlarında bir kişi olmalı idi. Biz vaxtından əvvəl getmişdik, filmin çəkilişləri hələ başlamamışdı. 4 gün idi getmişdik, bizi küçəyə çıxmağa qoymurdular, evdə qalırdıq, elə bil ki, dustaqxana idi. Mənim heç vaxt ağlıma gəlməzdi ki, bütün dünya bu günə qalacaq, koronovirus olacaq, belə bir bəla gələcək. Amma sağlamlığımızın naminə biz qayda-qanunları gözləməliyik, onlara əməl etməliyik”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib.
Aktrisa daha sonra aktyor sənətində təcrübənin vacib şərt olduğunu bildirib.

“ Mən Moskvada böyük rejissor və aktyor Yevgeni Matveyevin tələbəsi olmuşam. Çox gözəl müəllimlərimiz olub. Səhnə danışığından da mənə Həsən Əbluc dərs deyib. Hər zaman çalışmışıq ki, müəllimlərimizin dediklərinə əməl edək. Bizim kursdan çox məşhur sənətkarlar çıxıb. Təbii ki, aktyor üçün ən vacib şərt təcrübədir. Müəllimimiz Y. Matveyev bizə deyirdi ki, siz universitetdə aktyor sənətinin əlifbasını öyrənirsiz, təcrübə isə sizin ən böyük həyat müəlliminiz olacaq. Həqiqətən də onun dediklərində böyük məna var idi və bunu illər sonra öz təcrübəmdə gördüm. Universitet sənə bilikləri verir, amma öz peşənin təcrübəsi səni mükəmməlləşdirir. Hal-hazırda çəkildiyim “Ata ocağı” serialının rejissoru Rüfət Şahbazov neçə ildir ki, serial çəkir, serial sahəsində artıq püxtələşmiş rejissordur, işini bilir. Mən bundan əvvəl onun “Bir ailəm var” serialında da çəkilmişəm. Bəzən elə olub ki, çəkiliş meydançasına gəlmişik, o bizi rahat buraxıb, biz elə bilmişik ki, o bizə baxmır, arxayınlaşmışıq, öz bildiyimizi etmişik, arxaya çönüb baxmadan deyib ki, filankəs, görürəm a, düzgün etmədin. (gülür). Bu artıq uzun illərin təcrübəsidir. Bizim seriala gənclər, xüsusilə də məktəb uşaqları baxır. Onlar məni Həmidə Ömərova kimi yox, Şəfiqə xala kimi tanıyırlar (gülür). Çox sağ olsunlar ki, bu serialı bir çox tamaşaçı izləyir” deyə xalq artisti bildirib.

Geri qayıt