Əsas Səhifə > Şou-biznes > “Kim acından ölür ki, biz də acından ölək?”
“Kim acından ölür ki, biz də acından ölək?”16-03-2021, 15:14 |
Azərbaycanda koronavirus pandemiyası səbəbi ilə toy məclislərinin keçirilməsinə qadağa qoyulmasından bir il ötür. Bu müddət ərzində dəfələrlə toylara qoyulan qadağaların götürüləcəyi iddia edilsə də, amma qərar qüvvədə qalmaqdadır. Evlənmək planı quranlar, şadlıq saraylarında çalışanlar sənətçilər və toylardan qazanan digər sahənin adamları qadağaların götürüləcəyi günü səbirsizliklə gözləyirlər. Bəs, sənət adamları toysuz 1 ili necə keçirdi? Onlar gizli keçirilən toylara dəvət alırmı? Sonuncu dəfə nə zaman toyda olublar? Musavat.com mövzu ilə əlaqədar sənət adamlar arasında sorğu keçirib. Müğənni Nadir Qafarzadə deyib ki, sonuncu dəfə martın 14-ü 2020-ci ildə toy məclisində iştirak edib: “Artıq 1 ildir ki, tək mən yox, digər sənət dostlarım, musiqiçilər və toyla əlaqədar çalışan hər kəs işsizdir, pul qazanmırlar. Bu çox çətindir. Bir insanın 1 il pul qazanmaması, büdcəsindən yeməsi və o büdcənin də tükənməsi dəhşətdir. Musiqiçilər elə işlərdə çalışır ki, adam dəhşətə gəlir. Dözürük. Bu virus bütün dünyada var. Hər qaranlıq gecənin bir gündüzü var. Dövlətin qoyduğu qadağalara əməl etməliyik. Biz psixoloji travma aldıq. Sənətçinin səhnədən uzaq qalması onu sarsıdır. Mənim üçün bu bir il çox ağır keçdi. Indi də ağrıdır. Allah hər kəsə kömək olsun. Düşünürəm ki, qadağanı yumşaltmaq lazımdır. Toylara, bayramların keçirilməsinə icazə verilməlidir. Çünki toy bizim adətimizdir. Vacib deyil ki, 500 nəfərlə toy edilsin. 100-150 nəfərlə də toy keçirmək olar. Mən də atayam. Övladımın toyunu görmək istəyirəm. Hələ qız atalarını demirəm. Onlar da qızlarının ağ gəlinlikdə, zurna-balabanla evdən çıxmasını arzulayırlar. Hələ arzularımız ürəyimizdə qalıb. Inşallah hər şey qaydasına düşər”. Rəqqasə Aytən bildirib ki, gizli keçirilən məclislərdə iştirak etmir: “Gizli keçirilən məclislərə getmirəm. Düzünü deyim ki, dəvət də yoxdur. Çağırsaydılar da, getməzdim. Çünki dövlətin qoyduğu qadağa var. Onu pozmaq qanun pozuntusudur. Türkiyədən gələndən ayaqqabı biznesimlə məşğulam. Düzdür, orada da satış yaxşı deyil. Amma yenə də dolanmağıma yetir”. Aşıq Namiq Fərhadoğlu deyib ki, müəllimlik edərək qazanır: “Bir ildir toy yoxdur. Bu bir il ərzində gizli ad günü keçirənlər olub ki, məni dəvət edib, amma getməmişəm. Hazırda dərs deyirəm, tələbələrim var. Allah verəndən yeyib, dolanırıq. Kim acından ölür ki, biz də acından ölək? Dövlətin qoyduğu qanun hamı üçün keçərlidir. Nə vaxt desələr ki, toylara, məclislərə icazə verilir, o zaman da gedib iştirak edəcəyəm. Bir neçə dəfə Rusiyaya toylara dəvət ediblər, gündəlik verilişim olduğu üçün gedə bilməmişəm. Bilirsiz ki, müğənnilərimizin çoxu oraya üz tutur. Inşallah Azərbaycanımızda toy, nişan olsun. Gedib 3-5 manatımıızı qazanaq”. Müğənni Elvin Mirzəzadə toyların olmamasının ona vurduğu maddi ziyandan bəhs edib: “Toyların olmaması mənə də maddi ziyan vurub. Azərbaycanda iqtisadiyyat sistemini inkişaf etdirən sahələrdən biri də toydur. Bir-iki dəfə 7-8 nəfər olan məclisə dəvət almışam, masa arxasında oturub gitara ilə ifa etmişəm. O da məclis sayılmır. Orada pandemiya qaydası pozulmayıb. Hamısı ailə üzvü olub. Düşünürəm ki, 1-2 aya toylara qoyulan qadağa aradan götürüləcək. Yoxsa musiqiçilər üçün daha çətin vəziyyət yaranacaq”. Musavat.com Geri qayıt |