Əsas Səhifə > Şou-biznes > "Hamı qoca yaşında müəllimlik edir, mən isə..."

"Hamı qoca yaşında müəllimlik edir, mən isə..."


15-03-2021, 09:05
"Hamı qoca yaşında müəllimlik edir, mən isə..."
“Gördüm ki, bir qadın mənə zəng edib, telefonda gülür. Danışdı, səsindən tanıdım ki, bu bizim sevimli aktrisamız Nəsibə Zeynalovadır. Mənə zəng edib dedi ki, “Gəlinlər” televiziya tamaşasında oynadığın qaynana obrazını çox bəyəndim. Dedim ki, Nəsibə xanım, nə danışırsız, qaynana rolunu sizin kimi oynaya bilmərəm! Ümumiyyətlə, sizin kimi qaynana olmaz! Nəsibə xanım mənə dedi ki, mən qəddar qaynanayam, sən də müdrik qaynana. Gəlinlərin başında qoz sındırırlar. Bu televiziya tamaşası böyük uğur qazandı, rejissor Məhərrəm Bədirzadə “Dərviş” mükafatı aldı. İndiyə qədər də məni görən tamaşaçılar sandığın taleyi ilə maraqlanırlar, soruşurlar ki, sandıqda nə var idi?”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, Elmira Şabanova bildirib. Aktrisa indiyə qədər yaşadıqlarından məmnun olduğunu deyir.

“Mən həyatımdan çox razıyam. Nəyi etmək istədimsə etdim. Hansısa rolları oynamamışamsa, buna görə də peşiman deyiləm. Ailəm oldu, övladlarım, nəvələrim, nəticələrim var. Mən heç vaxt övladlarımı tərifləməmişəm, onları hamı tərifləyib” deyə aktrisa bildirib.

Xalq artisti qaynanasının onun sənətini qəbul etmədiyini bildirib.

“Gecə-gündüz ağlayırdım ki, Rüfət, teatra məni qoymursan, heç olmasa öz filminə çək də. Bilirsiz ki, həyat yoldaşım məni 40 yaşımdan sonra filmə çəkilməyə razılıq verib. O vaxta kimi də universitetdə pedaqoji fəaliyyətlə məşğul olmuşam. Hamı qoca yaşında müəllimlik edir, mən isə cavan yaşımda. 40 yaşından sonra da özü ilk dəfə məni filmə çəkdi. Həm də qaynanam var idi axı. 11 il onunla birgə yaşamışıq. O istəmirdi ki, mən filmlərə çəkilim, Rüfət də anası ilə razılaşırdı. Məni oğluna qısqanırdı. Onun bu qısqanclığını başa düşmürdüm. Amma bununla belə qaynanam məni çox istəyirdi, xəstələnəndə birinci məni yanına çağırırdı” deyə aktrisa bildirib.

Elmira Şabanova aktyor Ceyhun Mirzəyevlə bağlı xatirələrini da bizimlə bölüşüb.

“Ceyhun mənə vurulanda balaca uşaq idi. Müəllimimiz Məhərrəm Haşımov bizə dərs deyirdi. Öz tələbələrini Rus Dram Teatrına aparırdı. Gələcək həyat yoldaşım Rüfət Şabanov da teatra dostlarının yanına gəlib-gedirdi. Hamıya tapşırmışdı ki, o qızla işiniz olmasın, mən onu alacam. O məndən 15-16 yaş böyük idi. Ceyhun Mirzəyev də məndən 5-6 yaş balaca olardı. Bir gün gördüm ki, Ceyhun qaşqabaq sallayıb oturub. Soruşdum ki, ay Ceyhun, nə olub sənə? Mənə dedi ki, o qoca kişiyə ərə getmə, böyüyüb səni özüm alacağam. İllər keçəndən sonra Ceyhun məni rejissoru olduğu “Fəryad” filmində ana roluna dəvət etdi. Mənə dedi ki, epizodik ana roludur, oynaya bilərsiz? Dedim ki, sənin ananı oynayaram” deyə aktrisa bildirib.

Geri qayıt