Əsas Səhifə > Şou-biznes > "Hətta dostlarımla zarafat da elədim ki..."

"Hətta dostlarımla zarafat da elədim ki..."


8-03-2021, 08:41
"Hətta dostlarımla zarafat da elədim ki..."
Azərbaycanlı məşhurların bir qismi həm ölkədə, həm də xaricdə könüllü şəkildə koronavirusa qarşı peyvənd olunublar. Onların hamısı özlərini yaxşı hiss edir və məsləhət görürlər ki, bu təhlükəli virusa yoluxmamaq üçün hər kəs peyvənd olunsun. Onlar Sputnik Azərbaycan-a verdikləri müsahibədə bu barədə daha ətraflı danışıblar.

Türkiyədə yaşayan məşhur azərbaycanlı bəstəkar, Xalq artisti Cavanşir Quliyev fevralın 4-də Çinin "Sinovac" şirkətinin "CoronaVac" peyvəndi ilə vaksinasiya olunub. Peyvəndin ikinci dozası isə ona martın 4-də (fevral ayının 28 gündən ibarət olduğu nəzərə alınaraq) tətbiq ediləcək. Bəstəkar deyir ki, nə peyvənd vurulan vaxt, nə də sonra ciddi bir dəyişiklik hiss etməyib. Quliyev özünü çox yaxşı hiss etdiyini bildirir.

"Hətta dostlarımla zarafat da elədim ki, bəlkə mənə adi su məhlulu vurublar? Peyvəndə şübhə ilə yanaşanlara bir məsəlini xatırlatmaq istəyirəm, öz təyinatına görə vaksin insanın ölümünə səbəb ola bilməz, ancaq virus insanları öldürür. Ən pis halda nə ola bilər – əgər insan çox güclü dərmanlar qəbul edirsə (xərçəng xəstələri, auto-immun xəstəliklərindən əziyyət çəkənlər və. s), bu zaman peyvəndin təsiri bir az azala bilər. Məsələn, əgər tamamilə sağlam insanda 100 faizlik müdafiə yaranırsa, belə xəstələrdə həmin göstərici 90 faiz olur.

Bəstəkar onu da əlavə etdi ki, hər şey insanın seçimindən asılıdır: kim xəstələnmək istəmirsə, peyvənd olunsun.

Azərbaycanın Xalq artisti Röya Ayxan ölkənin şou-biznes nümayəndələri arasında COVID-19-a qarşı ilk peyvənd olunan şəxsdir. O, rəsmi təmsilçisi olduğu özəl xəstəxananın həkimləri tərəfindən vaksinasiya olunub. Müğənni deyir ki, peyvənddən sonra orqanizmində heç bir dəyişiklik hiss etməyib, əksinə işləmək üçün enerjisi bir az da artıb.

"Vaksinasiyadan sonrakı gün dərhal işə başladım, özümü yaxşı hiss edirdim. Düzünü deyim ki, koronavirusa yoluxmaqdan çox qorxurdum, çünki dostlarımın, tanışlarımın əksəriyyəti artıq xəstələnmişdi. Allaha şükür ki, bəxtim gətirdi. Xəstələnməmək üçün peyvənd olunmaq qərarına gəldim. İndi sakitcə öz işlərimlə məşğul ola bilərəm, qorxu hissi azalıb, bununla belə, maska taxmağa davam edirəm. Peyvənddən qorxmaq lazım deyil", – deyə müğənni vurğulayıb.

SSRİ Xalq rəssamı Tahir Salahovun qızı, Moskvada yaşayan rəssam Aydan Salahova Rusiyanın koronovirus əleyhinə ilk peyvəndi olan "Sputnik V" ilə vaksinasiya olunub. O, işi ilə əlaqədar tez-tez xarici ölkələrə səfər etdiyindən COVID-19-a yoluxmamaq üçün risk etmək qərarına gəlib və peyvənd vurdurub. Rəssama artıq preparatın ikinci dozası da vurulub və o, özünü çox yaxşı hiss edir. Düzdür, əvvəl bir az üşütmə və hərarət müşahidə olunsa da, sonra vəziyyəti yaxşılaşıb.

Azərbaycanın Xalq artisti, müğənni Faiq Ağayev "CoronaVac" peyvəndinin birinci dozasını vurdurub. Müğənninin sözlərinə görə, hamı əvvəlki həyat tərzinə qayıtmaq istəyir və uşaq bağçalarının, məktəblərin, ali təhsil müəssisələrinin açılması tezliklə digər məhdudiyyətlərin də aradan qaldırılacağına inam hissi yaradır.

"Bu dəfə hər şey insanların özündən asılıdır. Arzularımızı gerçəkləşdirmək, sağlamlığımızı qorumaq istəyiriksə, peyvənd olunmalıyıq. Yaxın günlərdə "Sinovac" şirkətinin "CoronaVac" vaksininin ikinci dozasının vurulması üçün yenidən tibb müəssisəsinə müraciət edəcəyəm. Beləliklə, həm özümü, həm də yaxınlarımı yoluxmaqdan qoruyacağam. Peyvənd vurdurun – sağlam yaşayın!" – deyə Ağayev qeyd edib və öz pərəstişkarlarını sağlam gələcək naminə vaksinasiya olunmağa çağırıb.

Xatırladaq ki, Azərbaycanda SARS-CoV-2 əleyhinə vaksinasiya prosesi yanvarın 18-də başlayıb. "2021-2022-ci illər üçün Azərbaycan Respublikasında COVID-19-a qarşı peyvənd strategiyası"na uyğun olaraq ilk növbədə həkimlərin və tibb işçilərinin vaksinasiya olunması nəzərdə tutulmuşdu. Bundan sonra 65 yaşdan yuxarı insanlar vaksinasiya prosesinə cəlb olundu. Hazırda yaşı 50-dən yuxarı olan ölkə vətəndaşlarına peyvənd vurulması davam edir. 18 yaşınadək şəxslər, hamilə qadınlar və allergiya xəstələri istisna təşkil edir. Vaksinasiya prosesi Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" preparatı ilə həyata keçirilir.

Vaksinasiyada iştirak etmək üçün https://randevu.its.gov.az/ linki vasitəsi ilə onlayn növbə əldə etmək lazımdır. Bunun üçün şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN-kodu daxil edərək "Yoxla" düyməsinı sıxmaq lazım gəlir. Sonra təklif olunan siyahıdan peyvənd məntəqəsini, tarixi və saatı seçib mobil telefon nömrənizi daxil etməlisiniz. Qeydiyyat tamamlandıqdan sonra həmin nömrəyə növbəyə alındığını bildirən mesaj göndərilir. Mesajda peyvəndin ilk dozasının vurulacağı tarix, vaxt və yer göstərilir. Tibb müəssisəsində qeydiyyatdan keçən vaxt şəxsiyyət vəsiqəsini təqdim etmək vacibdir. 28 gündən sonra peyvəndin ikinci dozası tətbiq olunan vaxt təkrar qeydiyyatdan keçmək tələb olunmur.



Geri qayıt