Əsas Səhifə > Şou-biznes > "İki il idi ki, xəstə idi, ürəyinə su yığılmışdı"
"İki il idi ki, xəstə idi, ürəyinə su yığılmışdı"5-03-2021, 08:56 |
Xalq artisti Rübabə Muradovanın qızı Qəmərmülk Muradova Moderator.az-ın suallarını cavablandırıb. - Qəmərmülk xanım, salam. Necəsiz? - Çox sağ olun, yaxşı olmağa çalışıram. Səhhətimlə əlaqədar müalicə alıram, müayinələrə gedirəm. - Rübabə xanımın digər bir övladı - Şahnaz Muradovanın bu günlərdə rəhmətə getdiyi xəbəri yayıldı. - Bəli, bacım Şahnaz fevral ayının 25-də rəhmətə getdi. - Mətbuatda yazılmışdı ki, siz bacınızla danışmırsız. Bütün bunlar həqiqətdir? - Çox gözəl münasibətimiz var idi, bacı elə bacıdır da. Bir bacım var idi, iki bacı olmuşuq. Başqa bacım qardaşım da yoxdur ki, deyəsən ki, rəqabət olar aramızda. Qəbri nurla dolsun. - Ölüm səbəbi nə idi? - İki il idi ki, xəstə idi, ürəyinə su yığılmışdı. - Martın 22 də Rübabə xanımın doğum günüdür. Onu necə xatırlayırsız? - Biz nənəmizə “ana” demişik, anamıza isə “Rubuş” deyə çağırmışıq. Həmişə ad günlərində Sona Hacıyeva, Münəvvər Kələntərli və bir çox aktrisalar, müğənnilər bizə yığışıb, qeyd edərdilər. Biz də uşaq idik, sevinirdik ki, bizə sənətçilər gəlib. Anamı itirəndən sonra çox ağır günlər yaşadım. Hər dəfə anamı televiziyada göstərəndə məni gizlədirdilər ki, izləməyim. Çünki onun yoxluğu ilə barışa bilmirdim, pis keçirirdim. Çox təəssüf ki, dünyasını tez dəyişdi. Anamın yoxluğu məni incidir, o sağ olanda bütün qapılar üzümüzə açıq idi. Düzdü, indi də açıqdır, amma arxamız var idi, ayağımız yerə bərk dayanırdı. Mən həyatdakı arxamı itirdim. - Nəsliniz böyükdür? - Rübabə xanımın özündən başqa 4 bacısı olub. Hamısı ilə də gözəl münasibəti olub, böyük ailə saxlayıb, qardaşlarını, bacılarını. - Onlardan hansı yaşayır? - Tahirə Muradova və bir də Ruhəngiz xanım yaşayır. Ruhəngiz xalam rayonda yaşayır, 80 yaşı var. - Tahirə və Mahrux xanım Rübabə xanımın sənətini davam etdirdilər. Amma gəlin etiraf edək ki, heç birinin səsi Rübabə xanımın səsi qədər sevilmədi. - Azərbaycanda üç muğam ustadı olub-Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova. Bunların səsləri həmişə fərqli olub. - Sizin də səsiniz varmı? - Bəli, səsim, avazım var. Mən Həcc ziyarətində olmuşam, heç vaxt müğənnilik etməmişəm. Anam da heç vaxt oxumağımızı istəməzdi. - Bir müddət əvvəl bir dilənçi xanım özünü Rübabə Muradovanın qızı kimi qələmə vermişdi. Yəqin ki, bu hal sizi çox üzmüşdü? - Yolda dilənçi olub deyib ki, Rübabənin qızıyam, bunu yazmaq lazım idi? Ağzıgöyçək jurnalistlərimiz də var. Bu söhbətə heç qayıtmaq istəmirəm. Küçə yolçusu kimdir, mənim anam kimdir? Bizim nəsil hamısı ali savadlı insanlardır. Bu söhbətlər Rübabənin adına yaraşmır. Çox pis oldum ki, niyə belə söhbətləri anamın adı ilə bağlayırlar? - Siz bəzənməyi, zinət əşyalarından istifadə etməyi çox sevirsiz. Amma Rübabə xanımı biz çox sadə görmüşük. - Bəli, mən zinət əşyalarını xoşlayıram, amma anam heç vaxt xoşlamayıb. Qır-qızılı çox idi, amma istifadə etmirdi. Mən isə əksinə, bu yaşımda da xanım kimi gəzib-dolanıram, geyinirəm. Geri qayıt |