Əsas Səhifə > Şou-biznes > "Allah mənə o işsizliyi heç göstərməsin..,"
"Allah mənə o işsizliyi heç göstərməsin..,"1-03-2021, 08:50 |
Əməkdar incəsənət xadimi Məlahət Abbasova Moderator.az-ın suallarını cavablandırıb. - Məlahət xanım, hal-hazırda “Yemin” serialında çəkilirsiz. Serialın çəkilişlər nə yerdədir? - Artıq 3-cü ildir ki, “Yemin” serialı kanal 7-də yayımlanır. Mənə “Yemin” serialının ailəsinə qatılmaq bu il qismət oldu. Əslində təklif mənə keçən ildən gəlmişdi, amma Aztv-də “Məlahətli qonaqlar” verilişini apardığımdan qəbul edə bilmirdim. Kanal rəhbərliyindən Nazmiyə Yılmaz yeni mövsüm başlayanda məni serialda azərbaycanlı obraz olan Narinin anası Münəvvər rolu ilə yenidən seriala dəvət etdi və sevərək dəvəti qəbul etdim. - Obrazınız və serialın kollektivi sizə necə təsir bağışlayır? - Mən bu kollektivlə çalışdığım üçün çox məmnunam. Münəvvər çox sevərək oynadığım obrazdır. Dramatik, əziyyət çəkmiş, cəfakeş bir ana roludur. Bilirsiniz ki, bizim serialımız 14 ölkəyə satılıb, yayımlanır. Ona görə də çox gərgin iş qrafiki ilə çalışırıq. Həftənin 6 günü səhərdən axşama kimi biz çəkilişlərdə olurduq. İnşallah serialın 4-cü mövsümdə də davam edəcəyini bizə söylədilər. Hər şeydən öncə Kanal 7-nin rəhbərliyinin Azərbaycana böyük sevgisi var. O sevgisini də siz tamaşaçılar serialda hiss edirsiniz. Bilirsiniz ki, müharibə davam edəndə seriala Azərbaycan bayrağı ilə bağlı bir səhnə əlavə edildi. Bu qardaş ölkəyə bir dəstək idi. Daha sonra “Lay-lay” mahnısını ifa etdim. İndi də “Ay Laçın” mahnısını ifa edəcəm. Təbii ki, bütün bu mahnılar obraza görə uyğunlaşdırılır. Mən sosial şəbəkədə tez-tez paylaşımlar edirəm, hamı da görür ki, biz necə mehriban kollektivik. Paylaşım edəndən sonra serialın yayımlandığı bütün ölkələrdən mənə mesajlar yazırlar. Hətta o ölkələrdə məni “Min bir gecə” serialından tanıyırlar. Bilirsiniz ki, “Min bir gecə” serialı da zamanında dünyanın bir çox ölkələrində yayımlanırdı. Mənə ordan yazırlar ki, uzun müddətdən sonra sizi “Yemin” serialında görmək çox xoş oldu. Bu cür sözlər bir sənətçi olaraq məni çox sevindirir. - Siz həqiqətən də işgüzar xanımsız. Yəqin ki, işdən yox işsizlikdən yorulursuz? - Mən həqiqətən də sənətlə yoğrulmuş bir insanam. 4 il öz ölkəmdə Akademik Milli Dram Teatrında çalışmışam, 30- ildir ki, Türkiyədəyəm. Sənətə gəldiyim ilk günlərdən mənim heç bir zaman boş vaxtım olmayıb. Hətta tələbəlik illərində də ölkəyə səs salan “Sən həmişə mənimləsən” televiziya tamaşasında çəkilmişəm. Boş vaxtlarımda da sənətlə məşğul oluram, Azərbaycan yazıçılarının əsərlərini tərcümə edib, teatrlarda səhnələşdirirəm. Bundan başqa tədbirlərdə iştirak edirəm, təşkilati işlərdə oluram. Ona görə də sözün düzü işsizliyin nə olduğunu bilmirəm. Allah da mənə o işsizliyi heç göstərməsin, yəqin ki, mən işsiz qala bilmərəm. Mən çalışaraq xoşbəxt olan insanlardanam. Evdə otura bilmərəm deyə düşünürəm. - Hətta başınız işinizə, çəkilişlərə o qədər qarışdı ki, Sərxan Kərəmoğlunun zaman-zaman ünvanınıza dediyi sözlərə də heç bir cavab vermədiniz. - Bəli, cavab vermədim. Yadımdadır, uzun illər öncə Sərxan bizi Türkiyədəki evinə qonaq dəvət etmişdi. Bizi deyəndə Türkiyədəki azərbaycanlı sənətçiləri nəzərdə tuturam. İlhamə Quliyeva da orada idi. Mən onun xanımının hazırladığı yeməkləri yemişəm, evində çörək kəsmişəm. Evində çörək kəsdiyim insanlara cavab vermək mənim tərbiyyəmə xas olan bir xüsusiyyət deyildir. Hamı bilirdi ki, onun dedikləri yalandır. Son günlərdə haqqımda danışılanlara cavab verməməyim təkcə işlərimin çoxluğu ilə bağlı deyil. Ümumiyyətlə haqqımda danışılan yalanları ciddiyə almıram. Türkiyədə mənim çox yaxşı azərbaycanlı dostlarım var, onların hamısı Azərbaycanımızın fəxrləridir. Biz burada bir yumruq şəklində birləşmişik. İstanbulda yaşayan sənətçilərimiz də bilirdilər ki, mən Sərxana nə qədər kömək etmişəm. Həmin insanlar mənə dedilər ki, Məlahət heç kimə cavab vermə, gül və keç. Çünki biz hamımız gülürük. Mən onsuz da həmin insanlara cavab verməyi düşünmürdüm. Haqqımda danışılanların hamısının yalan olduğunu hamı bilir. Yalanın da ömrü 40 gündür. Cavab verməyəndə susub otururular. Mən heç bir zaman şou insanı olmamışam, işimlə gündəmdə qalmışam. Mən Azərbaycandan uzaqda qardaş Türkiyədə də olsam bütün Azərbaycan, mənim dövlətim, mənim Mədəniyyət Nazirliyimdən tutmuş Diaspora Komitəmə qədər hamı mənim burada Azərbaycan adına necə işlər gördüyümü bilir. Mən teatr insanıyam, teatrımıza 15-dən çox azərbaycanlı yazıçının əsərlərini qazandırmışam. Burada çoxlu sayda mükafatlar alıram. Ölkəmizlə bağlı çox böyük tədbirlərin təşkilatçılığını etmişəm, Azərbaycan opera, şeir, teatr günləri keçirmişəm. Rəsul Rza, Bəxtiyar Vahabzadə və s. yazıçıların gecələrini təşkil etmişəm. Əlavə mən burada İstanbul Məkan teatr festivalı komitəsinin də üzvüyəm. Akademik Milli Dram Teatrını, Bakı Bələdiyyə Teatrını bir neçə dəfə öz teatrımıza dəvət etmişik. Yaradıcılığımın 99 faizi Azərbaycanla bağlıdır. - Məlahət xanım, sevmədiyiniz insan tipləri hansılardır? - Yalançı və nankor insanlara nifrət edirəm. Bir insanın qarşımda yalanını hiss etdiyim anda nə olursa-olsun onunla səmimi ola bilmirəm, uzaqlaşıram. Nankor insanlar həyatda ən təhlükəli insanlardır. Dünənini unudub, bu günlə yaşayan insanların hamısı nankordurlar. Nankor, yalançı, qeyri-səmimi insanlardan uzaqlaşmaq lazımdır. Çünki mən çox səmimi biriyəm, dünən tanıdığım insanla elə səmimiyyət qururam ki, elə bilirlər ki, 40 ilin dostuyuq. Amma bir səmimiyyətsizlik gördüyüm anda ondan uzaqlaşa bilərəm. - Sənətçini nə və yaxud kim qocaldır? - Sənət insanları əslində hər zaman duyğusal və emosional olurlar. Duyğusal və emosional olmaqları onları tez qocaldır. Çünki onlar heç bir hadisə qarşısında susqun qalmırlar. Bu təbii ki, təkcə sənət adamlarına aid deyil. - Türkiyədəki teatrlarda vəziyyət necədir? - Bir il yarımdır ki, pandemiyaya görə teatrda işlər yoxdur. Əvvəlcə 3 aylıq teatrlar açıldı, 1-2 nəfərlik tamaşalar oynanıldı. Amma yenidən xəstəlik artdıqca teatrlar bağlandı. İndi teatrların yenidən fəaliyyətə başlamasını gözləyirik. Amma oynanılacaq tamaşaların siyahısı tutulub. Mən də hal-hazırda Azərbaycanın çox məşhur bir yazıçısının əsəri üzərində işləyirəm, pandemiyadan sonra onu səhnələşdirəcəm. İnşallah ki, tam dəqiqləşsin, sizə həmin yazıçının adını açıqlayacam. Geri qayıt |