Əsas Səhifə > Şou-biznes > "Elə gün olurdu ki, bir gündə beş kanalda oxuyurdum"
"Elə gün olurdu ki, bir gündə beş kanalda oxuyurdum"26-02-2021, 09:40 |
Xalq artisti Zümrüd Məmmədova Moderator.az-ın suallarını cavablandırıb. - Zümrüd xanım, salam. Necəsiz? - Çox sağ olun, oğlum yaxşıyam. Daha da yaxşı olmağa çalışırıq. - Karantin günlərini necə keçirirsiz? - Çox insanlar deyir ki, evdə oturmaqdan darıxdıq, amma biz vaxt tapmadıq ki, darıxaq da. Qızımla, gənc bəstəkar İlahə Qismət ilə bütün günü çəkilişlərdə olduq. Təbii ki, özümüzü koronovirusdan qorumaq şərtilə. Vətən müharibəsi dövründə çəkilişlərimiz daha çox oldu. Elə gün olurdu ki, bir gündə beş kanalda oxuyurdum. Axırda deyirdim ki, ay balam, deyəcəklər ki, Zümrüd xanım ekrandan düşmür (gülür). Televiziyadan da mənə deyirdilər ki, başqa kimi dəvət edək? Qızım İlahə Qismət “Dədə qorqud” baletini yazmışdı, yeri gəlmişkən o bu baleti, xeyirlə şərin mübarizəsini vətən müharibəsinə həsr etdi. - Vətən müharibəsi günləri bizə bir daha sübut etdi ki, efirlərdə hansı sənətçilər olmalıdır. - Həm siz deyəndir, həm də elə deyil. Televiziya kanalları o günlər dırnaqarası müğənniləri çağırmırdılar. Bir çoxu da çıxırdı, amma o əsl hərbi müğənnilər deyildilər. Vaxtilə olmayıb-olmayıb, qəfildən onların efirlərə çıxmaqları “biz də varıq, oxuyuruq” anlamı bağışladı. Onlar bu illər ərzində şou göstərməkdənsə çıxıb efirlərdə hərbi vətənpərvərlik mahnıları oxumalı idilər. Onların oxuduqları hərbi vətənpərvərlik mahnılarda səmimilik yox idi, hamısı qafiyədən ibarət idi. - Gəlin etiraf edək ki, heç bir sənətçimizə hərbi geyim sizə yaraşan qədər gözəl yaraşmır. Biz sizi həqiqətən bu geyimlə qəbul edib, sevmişik. - Bu mənim işimdir, bu mənim canımdan, qanımdan gəlir. Mən özüm vətənpərvər bir insanam. Mən dünyanın bütün ölkələrində olmuşam, amma beş gündən sonra darıxmışam. Öz vətənimiz üçün, havamız üçün, hətta palçıqlı küçələrimiz üçün darıxmışam. Mən vətənpərvər xanım olduğum üçün bu məndə təbii alınır. Heç vaxt hərbi geyimi gözə soxmamışam. Məni efirlərə çağıranda xahiş edirdilər ki, hərbi geyimdə gəlin. Birinə geyinirdim, birinə yox. - İndi bir çox sənətçilər geyinir hərbi geyimi, fotosessiya edirlər. Bir sözlə bu geyimə layiq olanlar da, olmayanlar da geyinir. - Bəli, bunu siz də deyirsiz. Sizdən başqa bu sözü xalqın dilindən də eşitmişəm. O vaxt, 90-cı illərdə müğənnilər vardı, hansı ki, mənə deyirdilər ki, ay Zümrüd xanım, sən kamançanı atdın, dəfi atdın, muğamları atıb, hərbi sahəyə keçdin. Niyə getdin? Sənin yerin xalq mahnıları, muğamları, təsniflərdir. O vaxt mənə lağ edən müğənnilər açdığım cığırla arxamca gəldilər. Amma ilk hərbi qadın müğənni mən oldum. - Qızınızın da yazdığı mahnılarda vətənpərvərlik mövzusu ön plandadır. Ona da yəqin ki, sizdən keçib. - Mənim qızım 4-cü sinifdə oxuyanda “Müqəddəs vətən” mahnısını yazdı. Mən həmin mahnını orkestrlə oxudum. Vətənpərvərlik əlbəttə ki, ailədən gəlir. - Zümrüd xanım, müğənni Xatirə İslamın efirlərdən pul tələb etdiyini yəqin ki, eşitmisiz. Buna münasibətiniz necədir? - Biz o vaxt dövlət televiziyasında və radiosunda mahnı oxuyurduq, bir də görürdüm ki, poçtalyon qapıya qəbz gətirirdi ki, get poçtdan pulunu al. Mən də deyirdim ki, əşşi 3 dəqiqəlik mahnı oxumuşam da, nə pul? O vaxt belə olub. Xətirlərinə dəyməsin, amma deyəcəm, efirləri müğənnilər korladılar. Onların ucbatından vaxtilə qonorar ödənilən müğənnilərə də sonradan pul vermədilər. Xatirə İslam bir yana baxanda düz deyir. Müğənni efirə çıxanda saçını düzətdirir, avtomobilinə benzin işlədir, geyiminə, makiyajına pul verir. Televiziyalar özləri fikirləşməlidirlər ki, müğənnilərin zəhməti niyə hədər getsin ki? Müğənnini çəkən rejissor, redaktor, jurnalist heyəti pul alırsa, müğənniyə də müəyyən məbləğ ayrılmalıdır. Amma hamıya yox, layiq olana. - Efirlərdən razısız? - Oğlum mən sizin həqiqətən də xətrinizi çox istəyirəm. Bu bir növ bizim aramızda yaranan qarşılıqlı hörmətdir. Dəfələrlə jurnalistlər olub ki, zəng ediblər, rayonda olmuşam. Demişəm ki, sizin xətrinizə gələcəyəm. Televiziyalar var ki, məni dəvət edir, amma mən hamısına getmirəm. Bəzən isə getdiyim üçün özümü qınayıram. Amma son illər gözəl verilişlər, savadlı aparıcılarımız çoxdur. Geri qayıt |