Əsas Səhifə > Şou-biznes > "Bu mənim azərbaycanlı olaraq borcum idi və elədim"

"Bu mənim azərbaycanlı olaraq borcum idi və elədim"


23-02-2021, 17:45
"Bu mənim azərbaycanlı olaraq borcum idi və elədim"
Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Mehriban Xanlarovanın Yenisabah.az-a müsahibəsi:

- Koronovirus pandemiyası və xüsusi karantin dövründə hansı işləri gördünüz?

- Bu bir ilə yaxın karantin dövrünü hamı necə keçirdisə, mən də eləcə keçdim. Bütün qaydalara bacardığım qədər riayət etdim. Sənətimlə bağlı müəyyən fəaliyyətim oldu. Serialda çəkildim. Təxminən bir-iki aya efirə gedəcək. Oksana Rəsulova ilə birgə layihədə iştirak etdik.

- 44 günlük Vətən müharibəsində ordumuz parlaq qələbə qazandı. Müharibədən sonra mədəniyyət işçisi kimi qazilərə, şəhidlərə hansı yardımlar etdiniz?

- Demişdim ki, bir il şəhidlərimizə görə efirlərə çıxmayacağam. Seriala çəkilməkdən əlavə, gördüyüm digər işlər qazilər, şəhid ailələri ilə bağlı olub, hər kəsə gücüm çatdığı qədər maddi yox, mənəvi dəstək olmuşam. Ən azından bacardığımı etmişəm. Hazırda bir qaziyə yardım edirəm, “YAŞAT” fondu sağ olsun, hər cür köməklik edir. İşlər çoxdur, mən bu etdiklərimi qabardıb deməyi sevmirəm, sadəcə siz nələr etdiyimi soruşduğunuz üçün açıb deyirəm. Bu mənim azərbaycanlı olaraq, sənətçi olaraq borcum idi və elədim.

- Fevralın 1-dən etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri, muzeylərin xidməti bərpa olundu. Amma bu qərar teatrlara aid edilmədi. Bu barədə aktrisa olaraq nə düşünürsünüz?



- Məncə artıq açılmalıdır. Açığı, mən eşitdiyimə görə, teatrların da fəaliyyəti tezliklə bərpa olunacaq. Bu nə dərəcədə doğrudur bilmirəm, amma belə bir şad xəbər veriblər ki, martdan sonra teatrların fəaliyyəti bərpa olunacaq. İnşallah doğru olar, biz aktyor və aktrisalar da işimizə geri dönərik.

- Teatr səhnəsi üçün darıxmısınızmı?

İnanın ki, teatr üçün burnumun ucu göynəyir. Bir neçə gün öncə teatrın qarşısından keçirdim, biz aktyorların giriş yeri var, orada divarı öpdüm ki, ay Allah, nə olar, teatrlar tez açılsın,biz də tamaşaçılarımızın qarşısına çıxaq. İnanın səmimiyyətimə, mən doğru deyirəm. Hətta bizim bir bufetçimiz var, adı Ağabəydir. Tez-tez zəng edib aktyor, aktrisalarla hal-əhval tutur. O gün ona deyirəm ki, “Ağabəy, bufetimiz açılsın, düz bir gün orada qalacam, bütün günümü teatrda keçirəcəyəm, o dərəcə darıxmışam”. Mən hər il Novruz bayramında, Yeni il şənliklərində uşaqlarla təmasda olurdum, tamaşalarda oynayırdım. İnanın, o uşaqların sevinci, alqışı üçün elə darıxmışam ki…

- Artıq bir ilə yaxındır ki, sənətçilər səhnədən uzaq qalıblar, tamaşalarda oynamırlar, sizcə, bu, onların səhnə performansına mənfi təsir edəcəkmi?

- Yox, qətiyyən. Heç nə olmayacaq, aktyorlar elə həmin aktyorlardır. Mən bir ildir evdə oturmuşam, bu mənə nə mənfi təsir edəcək ki? Teatr açılacaq, çıxacam yenə öz rolumu oynayacam. Həm də mən evdə olsam da boş dayanmamışam, bəzən olur ki, Çingiz Aytmatovun “Manqurt” əsərini qoyuram qarşıma, təkrarlayıram, məşq edirəm. Bunu edirəm ki, sabah birdən teatr açılsa, səhnəyə çıxıb çaş-baş qalmayım, bəzi sözləri, xırdalıqları unutmayım. Bütün dünya son bir ildə eyni vəziyyətdədir, çalışıram buna ayaq uyduram. Hamı necə başa çıxırsa, mən də eləyəm. Təki dünyamız salamat olsun, hər şey düzəlsin.

- Mehriban xanım, pandemiya dövründə bəzi sənətçilər maddi sıxıntı yaşadıqlarını dilə gətirib, bundan xeyli gileyləndilər. Bəs sizdə vəziyyət necədir?

- Şükür Allaha ki, dövlət bu karantin dövründə bizi çətin vəziyyətdə qoymadı. Teatr işçiləri olaraq bizlər maaşımızı aldıq, pulısuz qalmadıq. O olmasaydı, vəziyyətimiz həqiqətən də acınacaqlı olardı, bu zaman bəlkə də, sizə gileylənə bilərdim. Lakin, hökümətimiz bizi bundan qurtardı, maaşsız qalmadıq. Tək biz yox, dövlət qurumlarında işləyən digər insanlar da pulsuz qalmadılar. Evdə otursaq da, ac və susuz qalmadıq.

- Bildiyiniz kimi, son günlər müğənni Xatirə İslamın verilişlərə qonorarla çıxacağını açıqlaması xeyli müzakirə olundu. Siz nə düşünürsünüz, sizcə, telekanallar dəvət etdikləri sənətçilərə pul ödəməlidirlərmi?

- İstər Əməkdar artist, istər Xalq artisti, istərsə də adi sənətçi olsun, hər kəsin öz mövqeyi, öz düşüncəsi var. Kim necə istəyirsə, elə də edir. Xatirə İslamla mənim sənətim fərqlidir. O, mikrofon götürüb oxuyur, mənsə milyonlarla insanın qarşısına çıxıram. Mən səhnədə olanda körpə, yaşlı, cavan, hamısı baxır, çıxış edirəm. Müğənnilərin öz düşüncəsi var. Qonorar istəyir, lap yaxşı, necə istəyir, elə də etsin.

Geri qayıt