Əsas Səhifə > Şou-biznes > “Sənət adamları ilə sənət söhbəti deyil, evlərindən, maşınlarından danışılır...”

“Sənət adamları ilə sənət söhbəti deyil, evlərindən, maşınlarından danışılır...”


22-02-2021, 12:41
“Sənət adamları ilə sənət söhbəti deyil, evlərindən, maşınlarından danışılır...”
“Mən yenə cəsarətlə deyirəm ki, televiziyalarımızda işləyənlər öz rəhbərləri ilə birlikdə Azərbaycan dilinə o qədər nabələddirlər ki, onlar adicə ərizə yazmaq qabiliyyətlərinə belə malik deyillər”

Bunu Moderator.az-a açıqlamasında yazıçı Xeyrəddin Qoca deyib. Yazıçı bu istiqamətdə illərdir ki, heç bir irəliləyişin olmadığını bildirib:

“Ölkədə savadsızlıq hökm sürür. Azərbaycan dilinin efir məkanında pozulması məsələsi çoxdanın məsələsidir. Yazmaqdan, deməkdən yorulmuşuq, televiziyaların, radioların əməkdaşları savadlanmaq istəmirlər,onlara rəhbərlik edənlər isə tam savadsızlıq nümayiş etdirirlər! Bunu ona görə cəsarətlə deyirəm ki, artıq televiziya və radio efirlərində o qədər mənasız, məzmunsuz, məntiqsiz danışırlar ki, buna dözmək rəhbərlərin özlərinin savadsızlığı deməkdir! Mirşahinin rəhbərlik etdiyi Real televiziyasından başqa AzTV-də başda olmaqla, bütün televiziyalar bərbad gündədir! İndi “Space” TV-yə Kamil Şahverdiyev təyin edilib, ona çox inanıram. Çünki, onun savadına bələdəm. Vaxtilə "Mədəniyyət" qəzetində birlikdə işləmişik. Mən yenə cəsarətlə deyirəm ki, televiziyalarımızda işləyənlər öz rəhbərləri ilə birlikdə Azərbaycan dilinə o qədər nabələddirlər ki, onlar adicə ərizə yazmaq qabiliyyətlərinə belə malik deyillər! İstəyirsiniz, yoxlayaq! Mən televiziyalara rəhbərlik edənlərin əvəzinə xəcalət çəkirəm! Ölkədə nə qədər küçə adamı, müğənni var, qonaq adı ilə televiziyalardadırlar! A kişilər, ğörmürsünüz bunların 90 faizi özlərini yüngül, bayağı aparırlar, danışıqlarını bilmirlər, hır-hır hırıldamaqdan, dişlərini ağartmaqdan başqa heç nə bilmirlər?

Efirlərdə aristokratlıq deyilən bir şey gözə dəymir. Aparıcılar dəvət etdikləri müğənniləri elə təqdim edirlər ki, tamaşaçı öz-özünə fikirləşir "mən bu dahi şəxsiyyəti indiyədək niyə tanımamışam?" Çünki, müğənnilərin çoxu (onlara "müğənni" demək mümkünsə) əvvəlcədən aparıcını "ğörürlər" ki, "məni bu cür təqdim edərsən!" Yəqin fikir verirsiniz, sənət adamları ilə sənət, yaradıcılıq söhbətləri aparılmır, onların ev-eşikləri, maşınları, soyuducularındakı ərzaqları, nə qədər kökəldikləri və arıqladıqları barədə söhbət gedir! Niyə? Çünki nə aparıcının sənətdən, yaradıcılıqdan başı çıxır, nə də efirə çağırılan "sənətçinin". Yalnız efir doldururlar, bir sözlə, "yola verirlər". İlin-günün bu vaxtında yekə-yekə arvadlar qol-qola tutub "yallı" gedirlər! Əzalarını, bədən quruluşlarını nümayiş etdirirlər! Bir də görürsən, kişi "oxuyan" qarnını iki əli ilə tutub, qəh-qəhə çəkir! Yerindən durub studiyanın küncünə gedərək, qəh-qəhəsinə davam edir! Sənəti, istedadı yoxdur, axı! Nə etsin? Müğənnilərin fəxri ad istədiklərini dilə gətirirlər! Aparıcılar da "yəqin bu il sizi filan ada layiq görərlər" -deyərək, qonağına dövlətdən fəxri ad istəyir! Ayıb deyil, utanmırsınız? Bütün bunlar hamısı mədəniyyətsizlikdən, dünyagörüşünün olmamasından, nəhayət, savadsızlıqdan irəli gəlir və yaxın zamanlarda düzələcəyinə ümid yoxdur! A kişilər, "Səhərin mərkəzi", "7 canlı" adında da veriliş olar? Hər şeyə "şou" kimi baxıb, özünüzü niyə lağ obyektinə çevirirsiniz? Nə qədər deyərlər, yazarlar ki, "havanın tempraturu iyirmi dərəcə isti təşkil edəcək" demək olmaz! Belə cümlə işlətmək ayıbdır! Orta məktəb savadınız da yoxdur? Hələ görməmişik ki, doğru-düzgün hava haqqında məlumat verən bir adam tapılsın! Ucdantutma hamısı savadsız danışırlar! Deməli, ölkədə milli savadsızlıq hökm sürür! Axı, biz Mirzə Cəlilin millətiyik! İnkişafdan danışırıq, heç olmasa, milli dilimizdə danışmağı da öyrənin! Bəzən vəzifəli şəxslər uzun və savadsız danışıqları ilə insanların vaxtını alırlar. Beş-altı kanalı çevirib, hərəsində bir verilişə baxıb qayıdırsan, görürsən o, hələ danışır! Həm də qorxa-qorxa, oğru kimi danışır! Hiss edilir ki, bu adam vəzifəsindən başqa hər işlə məşğul olur! Beləcə tamaşaçıları bezdirib, televiziyalardan uzaq salırlar! Təəsssüf! Çox təəssüf!”

Geri qayıt