Əsas Səhifə > Şou-biznes > "Mən səbrli insanam və səbrlə də gözləyirəm"

"Mən səbrli insanam və səbrlə də gözləyirəm"


19-02-2021, 08:45
"Mən səbrli insanam və səbrlə də gözləyirəm"
Akademik Milli Dram Teatrının aparıcı aktrisası, Xalq artisti Firəngiz Mütəllimova Moderator.az-ın suallarını cavablandırıb.

- Firəngiz xanım, salam. Öncə vaxtınızı bizə ayırıb müsahibə verdiyinizə görə sizə öz təşəkkürümü bildirirəm.

- Salam, canım! Sənə necə müsahibə verməmək olar?! Çünki səndən tək özümə yox, bütün sənət adamlarına qarşı diqqət və qayğı görmüşəm. Ona görə də böyük məmnuniyyətlə müsahibə verirəm.

- Özünüzü bu koronovirus pandemiyasından necə qoruyursunuz?

- Koronovirus başlayan günündən bu günə qədər tibbi spirti cibimdə gəzdirirəm. İnanırsınız, o qədər spirtdən istifadə edirəm ki, əllərim nə gündədir. Çölə çıxanda və ya tanımadığım bir insan qapımı döyəndə tez maska taxıram. Çalışıram sosial məsafəni qoruyum, insanlardan bir az uzaq gəzim. Ancaq məcburiyyət qarşısında qalanda demək olar ki, çölə çıxıram. 3 saatdan artıq çöldə nəsə işim olursa mütləq çantamda bir əlavə maskam da saxlayıram. Çünki hər şey ola bilər, maskanın bağı qırıla bilər və yaxud da insanların çox toplaşdığı yerə girəndə maskanı dəyişirəm. Əlbəttə ki, əllərimi yaxşı-yaxşı spirtləyəndən sonra. Bu bizə bir dərs oldu ki, yaşamağımızın, həyatımızın, aldığımız o nəfəsin, insanlarla ünsiyyətimizin, bir sözlə, hər şeyin bu həyatda qədrini bilək. Bütün insanlar kimi mənim də ən böyük arzum odur ki, nəinki vətənimiz, bütün dünya, yer kürəsi bu xəstəlikdən tezliklə xilas olsun. Bu möcüzəni yalnız Allah təala edə bilər. Tezliklə əvvəlki həyatımıza qayıdaq, doğmalarımızı bağrımıza basaq.

- Mən bilirəm ki, digər həmkarlarınız kimi sizin də teatr yaralı yerinizdir. Amma hələ ki, Operativ Qərargahdan teatrlarla bağlı hər hansısa qayda-qanun və yaxud qərar qəbul olunmayıb. Bu hal sizi çox üzürmü?

- Əlbəttə üzür! Balıq susuz yaşaya bilmədiyi kimi aktyor, aktrisa da səhnəsiz yaşaya bilməz. Tamaşaçının nəfəsini hiss etmək üçün darıxmışıq. Dünən teatrda bir video rolik çəkilişimiz var idi, 2-3 nəfər sənətçi fərqli saatlarda teatra dəvət olunmuşduq. Martın 31-də 1 il tamam olacaq ki, teatrın qapısından içəri girmirdim, çox kövrəldim! Amma etiraf edim ki, qorxurdum, deyirdim, nə qədər vaxt keçib, necə olacaq, səhnəyə biz yenidən necə alışacaqıq?! Amma hər şey fərqli, heç gözləmədiyim kimi oldu. Səhnəyə daxil olanda elə bildim ki, sanki dünən bu teatrdan getmişəm və bu gün də səhər yenidən işimə gəlmişəm. Mən səbrli insanam və səbrlə də gözləyirəm, inşallah hər şey yaxşı olacaq. Hər qaranlıq gecənin bir işıqlı sabahı var.

- Hər il mövsüm “Qarabağnamə” tamaşası ilə açılıb onunla bağlanırdı. Teatrlarımız açılanda bu dəfə həmin tamaşanı yəqin ki, daha sevinclə, qürur hissi ilə oynayarsız.

- Bəli, bu dəfə “Qarabağnamə” tamaşası ilə səhnəyə çıxanda artıq Qarabağın yoxluğu hiss olunmayacaq, daha başqa hisslərlə bunu oynayacağıq, tariximizi yaşadacağıq. Allah qismət etsin, “Qarabağnamə” tamaşasını biz Cıdır düzündə oynayaq. Qoy o torpaqda dəfn olunan bütün şəxsiyyətlərimizin ruhu şad olsun. Necə ki, biz sevinib şad olmuşuq. Buna görə mən dövlət başçımız, Ali Baş Komandanımız cənab İlham Əliyevə, bütün döyüşən əsgərlərimizə, yaralı qazilərimizə təşəkkür edirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. O qədər acizəm, söz də tapa bilmirəm. Hələ də elə bilirəm ki, yuxudayam.

- Firəngiz xanım, Şuşa hər zaman sizin ağrılı yeriniz idi. Artıq Şuşa və digər ərazilər bizdədir, hərbçilərimizin nəzarətindədir. Firəngiz xanımın bəs indi ən böyük arzusu nədir?

- Son vaxtlar mənə bu sualı çox ünvanlayırlar ki, sizi niyə Şuşaya aparmırlar? Mən iki dəfə dəvət olunmuşam. Siz indi fikirləşin, iki dəfə ağır əməliyyat olunmuşam və Şuşadan çıxıb gələndə anam, atam, bir sözlə hər kəs, hər şey yerində idi. İndi mənə çox çətindir, çox ağırdır. Əsas ürəyimdə o sevinc hissim var ki, Şuşa azaddır. Gec-tez gedəcəm. İnşallah yəqin ki, yazda mütləq gedəcəm. Digər insanlar məndən yəqin ki, inciməz, çünki mənim hisslərim tam başqadır. Şuşanın o müqəddəs torpağına necə ayaq basacam, nə hisslər yaşayacam? Bilmirəm, bəlkə qışqıracam? Bəlkə ağlayacam? Bəlkə səsim tutulacaq? Bəlkə nəfəsim kəsiləcək? Bilmirəm. O anı necə yaşayacağım hər dəfə yadıma düşəndə bədənimdən bir gizilti keçir. Ən əsası budur ki, Qarabağ bizdədir!

- Firəngiz xanımı bu sənətdə üzən ən əsas səbəb nədir? Sənətə qarşı hansı yanaşmanı qəbul edə bilmirsiz?

- Bu sənətdə məni üzən hal olmayıb. Nəyə görə? Bütün insanlar kimi üzülmüşəm. Ancaq mənə qarşı haqsızlıq olanda üzülmüşəm, başqa heçnə. Sənətimə qarşı, çəkdiyim əzab-əziyyətlərə qarşı haqsızlıq olanda. Çünki sənətə böyük sevgim var. Ən əsası da odur ki, mən kinli deyiləm. Belə çox dərindən də heç nədən inciməmişəm. Şükür Allaha gec-tez ağ və qara gəlib yerində oturur.

- Adətən sizin kimi həm gözəlliyi, həm özünə xüsusi imic yaradan sənətkarları digər həmkarları təkrarlayır, onlardan nələrsə götürür. İstər imicindən, istərsə də sənətindən. Sizin də bu cür xüsusiyyətlərinizi oğurlayanlar oldumu?

- Bilmirəm vallah, yalan deyərəm ki, məndən bu sənətdə nəyisə oğurladılar, nəyisə oğurlamadılar. Mənim öz imicim olub, çalışmışam ki, bu sənətə gələndən öz adımla, Firəngiz Mütəllimova kimi bu sənətdə tanınım, qalım, heç kimi təkrar etməyim, heç kimə bənzəmək istəməyim. Əlbəttə ki, sevdiyim aktyor, aktrisalar çox olub, onları sevmişəm və məndə bu sənətə böyük sevgi yaranıb. Amma hər zaman özüm olmaq istəmişəm. Bu gün sevinirəm ki, nə yaxşı ki, özüməm. Amma nə oğurlayıblarsa məndən bunu dəqiq deyə bilmərəm, çünki məni ancaq işim və əzizlərim maraqlandırıb. Mən başqaları kimi deməmişəm ki, filankəs bunu etdi, mən də edim. Mən özüm olmağı çalışmışam və özüm də olmuşam.

- Sənətdə cığır açan sənətkar var, bir də var sənətdə açılan cığırla addımlayan. Firəngiz Mütəllimova özünü hansından sayır? Olmaya Firəngiz xanımın xüsusi, özünəməxsus yolu var?

- Bu sualı mənə çox doğru ünvanlamısız. Mənim həyatda da, sənətdə də öz cığırım var. Mən 60 ildir ki, o cığırla gəlirəm. Bu cığır çox qəribə cığırdır, heç kimə asan gəlməsin. Orada kələ-kötür yollar da, tikanlı güllər də, saxtakar, gözümün içinə baxa-baxa yalan danışan insanlar da, haqqımı yeyənlər də olub. Həqiqətən də ən çətin günümdə yanımda olan vəfalı dostlar olub. Sevdiyim insanlar olub, nifrət etdiyim insanlar olub. Amma mən səbrlə o cığırla addımlaya-addımlaya bu günə gəlmişəm. İndi mənim cığırım Şuşaya olmalıdır. Mən o cığırla Şuşaya getmək istəyirəm. Nə qədər sevincli, əzab-əziyyətli olsa da o mənim üçün ən müqəddəs cığırdır. Mən bu yolu, cığırı 30 ilə yaxındır gözləyirdim ki, görəsən necə gedəcəm ora? Ona görə də səbrlə, çox çətinliklə mən o cığırla irəliləmişəm. Birdən-birə “hopp” edib dağın başına çıxmamışam. Bunu hamı bilir. Mən gənclərimizə səbrli olmağı arzu edirəm, səbr edən insana Allah təala hər şeyi özü verir. O cığırla gedəcəyim yolda Allah mənim yollarımı açsın, başqa heçnə istəmirəm.

- İnşallah sizinlə bu dəfəki müsahibəmizi Şuşadakı evinizdə, doğma yurd-yuvanızda edək. Biz sizi çox sevirik!

- İnşallah, davamı Şuşadakı evimizdə. Evimizi yəqin ki, görmüsən, darmadağın olub. Amma hər şey düzələcək, əsas odur torpaqlarımız işğaldan azad olunub, əsas odur Şuşanın başından o qara buludlar çəkilib. İndi istəyirəm Şuşanın qoxusunu içimə çəkim, o güllərinin ətrini. Bir çox dünya ölkələrini gəzmişəm, Azərbaycanımızın rayonlarında olmuşam, amma Şuşanın iyi mənim üçün təkrarolunmazdır. Mən çox böyük arzularla, ümidlərlə, çox böyük zövqlə sənə yenidən Şuşada müsahibə verməyə hazıram. Allahdan bir dənə can sağlığı istəyirəm. Bütün bizi sevənlərə, sevməyənlərə, bir sözlə hər kəsə. İnsanın canı sağ olanda hər şey gözəl olur. Heç kimi Allah canı ilə imtahana çəkməsin. Tezliklə Şuşada səni bağrıma basım, öpüm və müsahibə verim (gülür).

Geri qayıt