Əsas Səhifə > Şou-biznes > "Mənim heç vaxt aktrisa olmaq fikrim yox idi"
"Mənim heç vaxt aktrisa olmaq fikrim yox idi"17-02-2021, 08:49 |
“Sehrli xalat” filminin Zərifəsi Solmaz Hətəmova Moderator.az-ın suallarını cavablandırıb. - Solmaz xanım, öncə sizi salamlayıram. Necəsiz? - Diqqətinizə görə çox təşəkkür edirəm! Çox sağ olun, yaxşıyam. Sentyabr ayında 70 yaşım tamam oldu. Koronovirus pandemiyasına görə evdən çox nadir hallarda çölə çıxıram, çünki yüksək risk qrupuna daxiləm. Evdə nəvələrimlə başımı qatıram, onlarla heç darıxmıram. - Siz bizlərə “Sehrli xalat” filminin Zərifəsi kimi tanışsız. Bu filmə sizə necə dəvət gəlmişdi? - Mənim heç vaxt aktrisa olmaq fikrim yox idi, filmə də təsadüfən çəkilmişəm. Yaxşı kı, çəkildim və yadigar qaldı. Məktəbimizdən gəlib həm Zərifə, həm də Səidə roluna qız seçirdilər. Məni öncə Səidə roluna çağırmışdılar, daha sonra sınaq çəkilişlərində məni Zərifə obrazına təsdiq etdilər. O vaxt mən uşaq olduğumdan filmin məşhurluğunu başa düşmürdüm, amma yaşa dolandan sonra başa düşürəm ki, həqiqətən də yaxşı filmdir. Həm də mənim yaxşı səsim var idi, xorda solist idim. Bir çox müsabiqələrdə iştirak edib, uğurlar qazanırdım. Musiqiyə həvəsim olsa da anam və dayılarım bu sənətlə məşğul olmağımı istəmirdi. - Filmin çəkilişlərini necə xatırlayırsız? - “Sehrli xalat” filminə çəkiləndə mən 6-cı sinifdə oxuyurdum. Təxminən aprel-may ayları idi. Sizə maraqlı bir hadisə danışım. Bizə demişdilər ki, məktəbə yoxlama gələcək, hamı səliqəli geyinsin. Sən demə film üçün qız seçirlər, biz isə həmin insanları yoxlama bilirdik. Yoxlama məktəbə gələndə mən qabaqda oturmuşdum, aşağı əyildim ki, məni görüb seçməsinlər. Arxada əyləşən qızı ayağa qaldırdılar, nədənsə onu bəyənmədilər. Mən də o vaxt özümə çolka kəsmişdim, qorxurdum ki, indi yoxlama məni ayağa qaldırıb danlayacaq. Sinifdən çıxanda gözləri mənə sataşdı, ayağa qaldırıb yaşımı soruşublar. 13 yaşım vardı, qorxumdan dedim ki, 14 yaşım var. Fikirləşdim ki, 14 desəm mənə deyərlər ki, hə, sənə çolka kəsmək olar (gülür). Səhəri gün saat 11-də bizi kinostudiyaya çağırdılar. Foto probdan 1 ay sonra sınaq çəkilişləri oldu. - Əvvəlcə Səidə roluna dəvət alsanız da, daha sonra Zərifə obrazına çəkilmisiz. Buna səbəb nə idi? - Rejissor Əlisattar Atakişiyev məndən soruşdu ki, sən ssenarini oxumusan? Dedim ki, bəli! Dedi ki, hansı rolda oynamaq istəyirsən? Dedim ki, bilmirəm, hansı rolu versəniz, ona çəkilərəm. Yenə də soruşdu ki, Zərifə rolunu oynaya bilərsən? Dedim ki, axı o böyük və baş roldur, evdəkilər məni qoymaz. Bir gün sonra anamdan icazə alıb məni Zərifə roluna çəkdilər. - Çəkilişlər neçə ay çəkdi? - Mənim çəkilişlərim təxminən 5 ay çəkdi, amma Azər məndən1 ay da əlavə çəkildi. Çünki onun keçmiş səhnələrlə bağlı da çəkilişləri var idi. - Çəkilişlərdə hansı çətinliklərlə üzləşdiniz? - Çətinliklər həqiqətən də çox idi. Biz çox məşhur sənətkarlarla çəkilirdik, özü də gündəlik çəkilişlərimiz var idi. Səhər saat 6 dan axşam 9-a qədər çəkilişlərdə olurduq. Hava da isti idi, bir yandan günün istisi, digər bir yandan da iri işıqlar bizi qan-tərə bürümüşdü. Möhsün Sənani bizə ata qayğısı göstərirdi, isti olan kimi bizi yığıb Şıxov dənizinə aparırdı. Təkcə uşaqların xanın arxasınca qaçdığı səhnəni bir həftədən çox çəkdik. - İstərdim ayda çəkilən səhnələrdən danışasız. - Litf və təyyarə səhnəsi bizim köhnə kinostudiyada çəkilib. Amma ay səhnəsini çəkmək üçün kinostudiyanın povilyonu çox kiçik idi. Ona görə də biz Sankt-Peterburqa getdik, bir aya yaxın orada qaldıq. Bu səhnələrin hamısı Minsk şəhərində çəkilib. Çəkilişlərdə qorxulu anlar da yaşanmışdı, havasız fəzada olduğumuzu göstərmək üçün bizi yuxarıdan simlərlərlə asmışdılar, simlərin bir neçəsi hətta qırılmışdı, bizi tez aşağı düşürtmüşdülər. - Uşağlıqda hansı sənətin sahibi olmaq istəyirdiniz? - Mən həkim olmaq istəyirdim, amma Tibb Universitetinə daxil ola bilmədim. Bu anam üçün böyük bir faciə idi. Atam diş həkimi idi, anamın da arzusu idi ki, atam kimi diş həkimi olum. Daha sonra ADNSU-ya daxil oldum. Uzun müddət iqtisadçı işləmişəm. Həm də pedaqoji fəaliyyətlə məşğul olmuşam. Sonuncu iş yerim Bakı Rabitə Kollekci olub. - Hal-hazırda nə işi ilə məşğulsuz? - Bu günki fəaliyyətim mənim nəvələrimdir. 3 nəvəm var, onlarla məşğul oluram. - Filmdən kimlərlə əlaqəniz var? - Allah Almaz Mustafayevaya rəhmət etsin! O bizim filmdə Səidə obrazını oynayıb. Elə deyirdim ki, Almaz görüşək, görüşək. Xəstəlik düşdü, qismət olmadı. Eldar rolunun ifaçısı Yusif Şeyxovla da əlaqəm var, ara-sıra danışırıq. Rəşid rolunun ifaçısı Azər Qurbanovla heç əlaqəm yoxdur. O hal-hazırda Amerikada yaşayır. Geri qayıt |