Əsas Səhifə > Şou-biznes > "Özümə söz vermişəm ki, şəhid ailələrinin, qazilərimizin toylarında təmənnasız iştirak edim"

"Özümə söz vermişəm ki, şəhid ailələrinin, qazilərimizin toylarında təmənnasız iştirak edim"


15-02-2021, 09:08
"Özümə söz vermişəm ki, şəhid ailələrinin, qazilərimizin toylarında təmənnasız iştirak edim"
Hər dəfə müsahibədən öncə şərt kəsirəm ki, mənə şəxsi həyatımdan sual verməyin, danışırıqsa ancaq özüm və sənətim haqqında danışım...

Xalq artisti Bilal Əliyev Moderator.az-ın suallarını cavablandırıb.

- Salam, Bilal müəllim. Necəsiz?

- Çox təşəkkür edirəm, yaxşıyam.

- Son aylar sizi nədənsə efirlərdə görmürük. Buna xüsusi səbəb varmı?

- Sözün düzü, bu mənim öz seçimimdir. Nəyə lazımdır ki, bütün günü televiziya verilişlərinə gedim? Həm də axı pandemiyadır. İnsanlar evə qapanıblar, evdə oturmaq lazımdır. Efirlərə getməyə sözün düzü, həm də ehtiyyat edirəm. Bundan əlavə müharibə dövrüdür, şəhidlərimizin ruhuna da hörmət etmək lazımdır. Çıx televiziyada səhərdən axşama qədər atdan düş, bu da olmaz axı! Hər şeyin qədəri, çoxun zərəri deyib atalarımız.

- Sizdən fərqli olaraq əyləncəli efirlərə çıxıb, mahnı oxuyan həmkarlarınız da var.

- Ümumiyyətlə, sənətçilərə məsləhət görərdim ki, efirlərə çıxırlarsa hələ ki zamana, ab-havaya uyğun gələn musiqilərdən, mahnılardan istifadə etsinlər. Bu mahnılar qələbəyə və şəhidlərə aid ola bilər. Bu qəbildən olan “Gözün aydın olsun Azərbaycanım” adlı mahnı yazdırmışam. Musiqisi özümə aiddir.

- Pandemiyada bir çox həmkarlarınız bizneslərini işə saldılar. Sizin də biznesiniz varmı?

- Xeyr, biznesim yoxdur, heç bizneslə məşğul da olmaram. Buna ehtiyac da görmürəm. Çünki dövlətim mənə qayğı göstərir. Allah cənab prezidentimizi bizə çox görməsin, onun qayğı və diqqəti mənə bəs edir.

- Amma bəzi sənətçilərimiz onlara qarşı olan diqqətsizlikdən şikayətlənirlər.

- Mən o haqda heç bir söz deyə bilmərəm. Hərənin öz yolu, öz xasiyyəti var. Onlar elə düşünürlərsə öz işləridir. Mən isə başqa cür fikirləşirəm.

- Bilal müəllim, sənətçi siyasətlə məşğul ola bilər?

- Əgər ağıllıdırsa, getsin məşğul olsun. Əgər o xalqa xoş gün qazandıracaqsa, ölkə başçımızın ətrafında möhkəm birləşib ona kömək olacaqlarsa, gəlib kömək etsinlər.

- Toylara çox baha getdiyinizi demişdiniz. Yəqin ki, bu bir zarafat idi.

- Bu o zamanın sözü idi, onda demişdim. Indi bir ildir ki, evdə oturmuşuq, nə toya gedirik, nə bir xoş günə. Artıq zəmanə dəyişdi, hər şey tamam başqa cür olacaq. İndi ancaq Azərbaycanda olan övladlarımın toylarına çox ucuz qiymətə gedərəm. Hətta mən özümə söz vermişəm ki, şəhid ailələrinin, qazilərimizin toylarında təmənnasız iştirak edim. Bunu düşünürəm və özümə borc bilirəm.

- Əməkdar artist Sevinc Sarıyeva bu günlərdə saytımıza müsahibəsində bildirmişdi ki, bir müğənni həmkarı aprel şəhidinin ailəsinin toyuna getməyə pul istəyib. Sizdən fərqli olaraq bu cür edənlər də var.

- Bu onların öz işləridir, xalq hər şeyi görür və bilir. Amma şəxsən mənə desəydilər, təmənnasız gedib oxuyardım. Mən özümə cavabhdehəm, musiqiçilərin yerinə bir söz deyə bilmərəm, çünki onlara cavabdeh deyiləm. Mən öz övladımı heç məcbur edə bilmərəm ki, belə etmə, elə et.

- Övladlarınızdan söz düşmüşkən. Sənətinizi davam etdirmək istəyirlərmi?

- Xeyr, istəmirlər.

- Siz istəmirsiz yoxsa özləri?

- Əlbəttə ki, özləri.

- Digər həmkarlarınızdan fərqli olaraq indiyə qədər şəxsi həyatınız haqda da danışmamısız.

- Bundan sonra da şəxsi həyatım haqda danışmayacam. Hər dəfə müsahibədən öncə şərt kəsirəm ki, mənə şəxsi həyatımdan sual verməyin, danışırıqsa ancaq özüm və sənətim haqqında danışım.

Geri qayıt