Əsas Səhifə > Şou-biznes > Kimisi evini, bahalı maşınlarını, bahalı saatlarını satdı, kimisi isə...

Kimisi evini, bahalı maşınlarını, bahalı saatlarını satdı, kimisi isə...


12-02-2021, 09:35
Kimisi evini, bahalı maşınlarını, bahalı saatlarını satdı, kimisi isə...
Az qala bir ilə yaxındır ki, şou-biznes nümayəndələri toylarsız, qazancsız, pulsuz qalıb. Bəlkə də əməkdar artist Elza Seyidcahanın dediyi kimi: “Zamanında sənəti pula satdıqları üçün indi də acından ölürlər”.

Beləliklə, pandemiya dövründə əllərindən başqa sənət gəlmədiyi üçün qazancsız qalan bir çox şou-biznes nümayəndələri “qaz vurub, qazan doldurduqları” zamanlarda əldə etdikləri dəyərli əşyalarını, maşın və evlərini satmağa başlayıb.

Məsələn, bir neçə gün öncə sənətçi Niyam Salami televiziya verilişlərinin birində “Range Rover” markalı avtomobilini satdığını deyib: “Yeni bir layihə edirdim. Pul üçün maşınımı satdım. Heç kimdən borc istəyə bilməzdim. Daha ucuz avtomobil almışam, amma hələ gətirməyiblər”.

Əməkdar artist Teymur Əmrah isə evini satıb. Hansı ki, illərlə o evi almaq üçün efirlərdə göz yaşı töküb, şikayətlənirdi. Sənətçinin evini satması ilə bağlı xəbəri həmkarı Elton Hüseynov açıqlayıb. Televiziyaların birində qonaq olan sənətçi bu barədə qeyd edib: “Qapı döyüldü, gördüm Teymur müəllim gəlib, cibi də dolu. Evi satıb, pulları da üstündə gəzdirir. Bir az mənə də yardım etdi. Deyirəm, niyə mənzilinizi satdınız? Deyir ki, vəziyyət yaxşı deyil, həm ucuz ev alım, həm də qara günə pul saxlayım. Amma yeni ev də aldı”.

Sən demə, Elton Hüseynov da öz avtomobilini satıb, nə az, nə çox, təxminən 22 min dollara. “Gördüm ki, maddi sıxıntılarım var, maşınımı satdım. Kədərlənmədim, sevindim ki, əlimə pul gəldi! Təxmini olaraq 22 min dollara satdım”, - deyə sənətçi bildirib.

Toylara qoyulan qadağaya ən çox üsyan edən sənətçilərdən biri, Nadir Qafarzadə isə dəyəri 24 min manat olan brilyant saatlarını satıb. Sənətçi bir ildir ki, pul qazanmadığı üçün bu addımı atdığını deyib: “Bir ildir ki, pul qazanmıram. Hər zaman özümü vəziyyətdən çıxarıram. Pandemiya dövründə evimdən əşyamı satıb, qazi ilə bölüşmüşəm. İki brilyant saatımı satdım. Hər iki saatın qiyməti 24 min idi, mən isə ikisini 12 minə satdım. Kirayə evlərim yoxdur. Nəyim var uşaqların təhsilinə xərclədim. Allah bəndəsini heç vaxt darda qoymur”.
Meyxana ilə şou-biznesə gələn sənətçi Samirə Yusifqızının vəziyyəti isə digər həmkarlarından daha pisdir. Xanım sənətçi pulsuzluqdan bir müddət əvvəl evini, dəri gödəkçələrini satışa çıxarmışdı. Bütün bunlardan da əli üzülən sənətçi sonda taksi sürücüsü kimi fəaliyyətə başlayıb.

Müğənni Ayanın isə Türkiyədə qurduğu şirkəti bağlanıb. Sənətçi bu barədə son açıqlamasında bildirib: “3 il Türkiyədə yaşadım. Başımı işlədərək orada böyük bir şirkət açdım. İxracat şirkətidir. Lakin pandemiya olduğundan dayandı. Ondan 2 il əvvəl isə yaxın rəfiqəmin böyük fabriki var idi, ora kiçik hissədar kimi şərik oldum. İndi oradan gələn gəlirlə həyatımı normal şəkildə təmin edə bilirəm”.
“Yeni Müsavat”

Geri qayıt