Əsas Səhifə > Şou-biznes > "Azərbaycan televiziya məkanında canlanma var"
"Azərbaycan televiziya məkanında canlanma var"10-02-2021, 07:58 |
Azərbaycan televiziyalarında baş verən durğunluq keçən il müharibə başlayana qədər davam etdi. Yalnız Qarabağ müharibəsi başlayandan sonra kanallar qismən fasiləsiz və operativ işləməyə məcbur oldular. Bunun üçün də dövlət və özəl kanal rəhbərlikləri tərəfindən bir sıra islahatlar keçirildi. Lakin müharibə bitəndən sonra televiziya kanallarımız professor Cahangir Məmmədlinin də dediyi kimi öz keçmiş "adət-ənənələrini" davam etdirdilər. Təbii ki, islahatlardan sonra bir sıra kanallar yeni çağırışlarla ayaqlaşa bildi. Bəziləri isə hələ də durğunluq dövrlərini yaşayırlar. Televiziyalarda mövcud durumla bağlı fikirlərini "Şərq"lə bölüşən İTV-nin keçmiş sədri, Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev "AZTV", "İctimai", "ATV, "Xəzər", "ARB" və s. televiziya kanallarından razılığını bildirdi və qeyd etdi ki, televiziyalarımız hazırda çox maraqlı layihələr həyata keçirir: "Azərbaycanın televiziya məkanında çox maraqlı layihələr həyata keçirilir. Qeyd etmək istəyirəm ki, İctimai Televiziyanın çox maraqlı verilişləri var və mən onları izləyirəm. Azərbaycan Televiziyasının da çox maraqlı verilişləri var. Mən onların hər ikisində çalışmışam. Yəni ki, diqqəti cəlb edən, zövqlü və səviyyəli verilişlər çoxdur. Özəl kanallar da çalışır ki, geridə qalmasın. Həmin kanalların da maraqlı layihələri var. Təbii ki, özəl TV-lərin özünəməxsus xüsusiyyəti var və onlar daha çox komediya xarakterli verilişlərə üstünlük verirlər. Çünki onlar vəsait qazanmalıdırlar. Ümumiyyətlə, Azərbaycan televiziya məkanında canlanma var. Ən xoşagələn cəhətlərdən biri də budur ki, bu işlərə artıq gənclər cəlb olunur. Çünki Azərbaycan televiziyasının gələcəyi gənclərlə bağlıdır". Əməkdar incəsənət xadimi Azərbaycan televiziyalarının Qarabağla bağlı maraqlı verilişlərin hazırlandığını, hazırda da kanallarımızda şəhidlərimiz, qəhrəman qazi və əsgərlərimiz haqqında təbliğedici verilişlərin mövcud olduğunu qeyd edib: "Qarabağ, eləcə də qəhrəmanlıq mövzusunda bədii filmlər çəkilir. Əlbəttə ki, seriallar da çəkiləcək. Mədəniyyət Nazirliyinin də maraqlı layihələri var. Azərbaycan Kinofilm studiyasında da mövzu ilə bağlı bir neçə layihə istehsalata buraxılacaq. Qarabağın azad olunması hər bir azərbaycanlı üçün müqəddəs bir mövzudur. Həmin məsələnin inkişafı, həmçinin, filmlərin səviyyəsi də yüksək olmalıdır". Geri qayıt |