Əsas Səhifə > Şou-biznes > “Mən cavanlığımda da bu qələti eləməmişəm“

“Mən cavanlığımda da bu qələti eləməmişəm“


18-01-2021, 15:44
“Mən cavanlığımda da bu qələti eləməmişəm“
“Telekanalların durumu kökündən dəyişməlidir. Ekranlardan intriqalar, saxta patriotizm, “sən filan qiymətə bunu aldın” söhbətləri yığışdırılmalıdır, dedi-qodulara son qoyulmalıdır”.

Bu sözləri Yenisabah.az-a Xalq artisti Flora Kərimova televerilişlər haqda sosial şəbəkələrdə və məşhurlar arasında gedən müzakirələr haqda danışarkən bildirib. Sənətçinin sözlərinə görə, televiziya verilişlərinin mövzusunda ciddi dəyişikliklərə ehtiyac var:

“Son vaxtlar kanallarda saxta patriotizm dəbdədir. Hər ekrana çıxan bir vətənpərvərlik mövzusunda klip çəkdirir, əl-qolunu ata-ata, qaşları, kirpikləri adamın gözünü çıxarır, dodaq nə boyda klip təqdim edir. Heç klipdə milli ab-hava olmur. Bu da şəhid analarını əsəbləşdirir.

Mən düşünürəm ki, telekanallardan mətbəx verilişləri də yığışdırılmalıdır. Mən demirəm ki, bu tip proqramlar heç çəkilməsin, sadəcə belə verilişdə hazırlanan yeməkləri elə seçmək lazımdır ki, onu hər kəs bişirə bilsin. Evində yemək tapa bilməyənlər onsuz da o göstərilən ərzaqları ala bilməyəcəklər. Televiziya kanallarını açırsan hərəsi bir yerdə bəh-bəhlə bişirilən yeməkləri, ərzaqları tərifləyirlər. Televiyaya baxan neçə-neçə ailənin uşaqları şüşə ekran arxasından o qoxunu almağa çalışır, ləzzəti ağzında hiss etməyə çalışır...”

F.Kərimova tez-tez efirlərə çıxan həmkarlarına da bəzi tövsiyələr verib:

“Mən məsləhət görürəm ki, telekanallara çıxan aktrisalar, müğənnilər geyimlərinə fikir versin, zər-zibalı, aksesuarlarla üstlərini hədsiz bəzəyib çıxmasınlar. Digər məsələ isə efirdə məşhurların villalarını, maşınlarını göstərmələridir. Mən illərdir sənətdəyəm, amma heç vaxt evlərimi efirdə göstərməyin tərəfdarı olmamışam. Bir dəfə bağ evimdə çəkiliş olub, ona da yox deyə bilməmişəm. Mən özümü göstərib onu etdim, bunu aldım demək istəmirəm. Mənim bunu etməyə ixtiyarım yoxdur, özüm özümdən utanaram. Nəsə alanda bunu bu qədər şişirtmək, efirdə geyimlərinin qiymətini müzakirə etmək düzgün deyil. Mən cavanlığımda da bu qələti eləməmişəm. Çünki gözümü açıb torpağımı gözü yaşlı, anaları qara paltarda görmüşəm. Bəlkə də ona görə indi belə şeyləri başa düşə bilmirəm. Heç başa düşmək də istəmirəm. Ola bilər cavandırlar, əylənmək istəyirlər, amma hər şeyin bir həddi var”.

Geri qayıt