Əsas Səhifə > Şou-biznes > "Həsən Seyidbəyliyə təşəkkür etdi ki, sən mənim üçün əsl Makedonu tapmısan"

"Həsən Seyidbəyliyə təşəkkür etdi ki, sən mənim üçün əsl Makedonu tapmısan"


8-01-2021, 08:22
"Həsən Seyidbəyliyə təşəkkür etdi ki, sən mənim üçün əsl Makedonu tapmısan"
“Aktyor var ki, 100-ə yaxın filmə çəkilir, yadda qalmır, amma mən bir filmdə çəkildim və tanındım. Bu bir tərəfdən yaxşıdır, digər bir tərəfdən də pis. Yaxşıdır ki, tanınıram, sevilirəm. Amma pis odur ki, efirlərə sırf bu filmlə bağlı çağırırlar. Adam bir filmdən nə qədər danışar? Ona görə də heç bir çəkilişə qatılmıram, verilişlərə getmirəm. Təkcə Roza Zərgərli çağıranda “hə” deyirəm, çünki o başqa insandır. Hər zaman sayır, hörmət edir. Onun “Bakı vaxtı ilə” verilişini xüsusilə izləyirəm”

Bunu Moderator.az-a açıqlamasında “Bizim Cəbiş müəllim” filmində Makedon obrazının ifaçısı Aqil Ağacanov deyib. Sənətçi “Bizim Cəbiş müəllim” filmini ilk dəfə hərbi xidmətdə olarkən izlədiyini bildirib.

“Filmə çəkiləndən sonra hərbi xidmətə getdim, elə oldu ki, ekran işinə baxa bilmədim. Rusiyada xidmətdə idim, filmi ora göndərmişdilər. Əsgər yoldaşlarım filmə baxanda gözlərinə inanmadılar ki, oradakı mənəm. Sonra mənə münasibətləri daha da yaxşı oldu. Hərbi xidmətdən qayıdandan sonra kinostudiyaya getmədim, çünki aktyor olmaq istəmirdim. Restorana düzəlib, kababçı işlədim. Uzun illərdir ki, bu işlə məşğulam” - deyə bildirib.

Aqil Ağacanov filmə çəkilərkən heç bir çətinlik çəkmədiyini də bildirib.

“Aktyor var ki, rejissor ondan istədiyini ala bilmir, onu əsəbləşdirir, amma məndə belə olmayıb. Rejissor Həsən Seyidbəyliyə onun istədiyindən də artığını qaytarmışam. Makedon özüməm, özümü oynamışam. Həyatda necəyəmsə filmdə də odur. Filmin ssenaristi Maqsud İbrahimbəyov mənimlə görüşəndə Həsən Seyidbəyliyə təşəkkür etdi ki, sən mənim üçün əsl Makedonu tapmısan. Mən Makedonu belə təsəvvür edirdim. Bəlkə də tamaşaçıların çoxu bilmir ki, mən rejissor Fikrət Əliyevin “Yuxu” filmində də bir epizoda çəkilmişəm. Orada leytenant Mansurov obrazını canlandırmışam” deyə Aqil Ağacanov bildirib.

Aqil Ağacanov karantin günlərini evdə keçirdiyini bildirib.

“Xəstəliyə görə hamı kimi mən də evdə oturmuşam. Çoxu şikayət edir ki, evdə vaxt keçmir, amma mənim üçün tam əksinədir. Nəvələrimlə günümü keçirirəm, çölə çıxıb nə edəcəyəm? Hər yer bağlıdır, hamısından yaxşı elə evdə oturmaqdır” - deyə o bildirib.

Geri qayıt