Əsas Səhifə > Şou-biznes > “İşgəncələrdən, çətin günlərindən sual vermək onların duyğularını istismar etmək deməkdir”
“İşgəncələrdən, çətin günlərindən sual vermək onların duyğularını istismar etmək deməkdir”8-01-2021, 08:01 |
Uzun müddətdir düşmən əsarətində olan şəxslərin bir hissəsi 14 dekabr 2020-ci ildə dövlətimizin səyi nəticəsində geri qaytarıldılar. Məsələn 6 ildir əsir həyatı yaşayan Dilqəm Əsgərov və Şahbaz Quliyev də yurda dönənlər içərisindədir. Hər biri tibbi və psixoloji müaiyinədən keçdikdən sonra evə buraxıldılar. Ailələrinə qovuşan həmvətənlərimiz zaman-zaman mətbuata açıqlamalar verir, başlarına gətirilən dəhşətli hadisələr və işgəncələrdən danışırlar. Bəzən isə jurnalist həmkarlarımız onlara məruz qaldıqları işgəncələrdən suallar verirlər. Nəticədə ağrılı günlərdən keçən müsahibin əsirlik günlərini yada salaraq, həmin acıları yenidən yaşamasına səbəb olurlar. Sosial şəbəkələrdə də istifadəçilər mövzuya biganə qalmayıb, iradlarını bildirirlər. Onlar media nümayəndələrinin əsirlikdən qayıdan şəxslərə gördükləri amansız əzab-əziyyətlə bağlı sual ünvanlamalarını yanlış hesab edirlər. Biz də məlum məsələni media eksperti Zeynal Məmmədli ilə müzakirə etdik. Mütəxəssis belə halların duyğu istismarı olduğunu söylədi: “Bilirlər ki, əsirlikdən qayıdan həmvətənlərimizə cəmiyyətdə böyük maraq var. Ona görə su-istifadə edirlər. Nəticədə həmin şəxslərə yenidən əzab yaşadırlar. Şübhəsiz ki, onların əsirlik müddətindən bəhs olunmalıdır. Lakin o insanların özlərini danışdıraraq deyil. Onların həkimləri, psixoloqları, ailəsi var. Yəni məlumatı dolayı yolla almaq lazımdır. İlk növbədə həkimləri ilə əlaqə saxlamaq olar. Məcbur deyil ki, bu adamları göstərib, özlərindən müsahibə götürələr. Onlarla fəxr etmək üçün başqa fomada məqalələr, sujetlər hazırlaya bilərik. Məsələn həmin şəxslərin qayğıları, bundan sonrakı işləri, arzuları haqqında suallar yönləndirərik. Beləliklə, həm televiziyada, həm də yazılı mediada onları qəhrəmana çevirərik. Amma işgəncələrdən, çətin günlərindən sual vermək onların duyğularını istismar etmək deməkdir. Eyni zamanda bu, həmin şəxslərə yenidən psixoloji travma yaşatmaqdır. Bu jurnalistlərin qeyri-peşəkarlığından doğur. Lakin qeyri-peşəkarlıqdan da uzağa gedən məsələdir. Yarıtmaz erməni qüvvələrinin mənfur əməllərini indi biz edirik. Sadəcə o şəxsə şprislə spirt vurmuruq. Sözlə yarasını qanadırıq. Birmənalı şəkildə yolverilməzdir. Dediyim kimi həkim müsahibələrindən istifadə edə bilərik. Bir də onlar qaytarıldıqdan sonra dindirilirlər. Lakin ictimaiyyətə açıqlanmır. Həmin ifadələr vasitəsilə də xalqı məlumatlandırmaq olar”. Geri qayıt |