Əsas Səhifə > Şou-biznes > “İkinci Qarabağ müharibəsini ekranlaşdırmaq istəyirik, amma...”

“İkinci Qarabağ müharibəsini ekranlaşdırmaq istəyirik, amma...”


22-12-2020, 12:45
“İkinci Qarabağ müharibəsini ekranlaşdırmaq istəyirik, amma...”
Ön xətdə döyüşən əsgərlərimiz yalnız silahları ilə deyil, telefonları ilə də tarix yaradıblar. Bəzən açıq, şiddətli döyüşləri, bəzən istirahət etdikləri zamanı telefonun kamerası ilə tarixə həkk ediblər.

Yeni texnologiya unikal imkanlar yaradıb və onların telefon yaddaşlarını bir bazaya yığıb, çox maraqlı, serial kimi sənədli-tarixi filmlər formalaşdırmaq olar. Bəs azərbaycanlı rejissorlar, ssenaristlər İkinci Qarabağ müharibəsini lentə almaq, əbədiləşdirmək istəyirlərmi? Onlar hazırda hansı addımlar atırlar?

Musavat.com mövzu ilə bağlı sorğu keçirib. “Aramızda qalsın”, “Qayınana”, “Bir ailəm var”, “Həyat sən nə qəribəsən”, “2 ömür”, “Ata ocağı”, “İmtahan” kimi serialların ssenaristi Valeh Əhmədov bildirib ki, artıq İkinci Qarabağ müharibəsi ilə bağlı materiallar toplanır və yaxın zamanda ekranlaşdırılacaq:
“Əlbəttə, bir yazar olaraq bu məsələyə biz də biganə qala bilməzdik.

Möhtəşəm qələbəmizlə bitən bu müharibədə hər qəhrəmanın öz hekayəsi var. Artıq bu mövzuda ilkin mərhələdə bəzi yazılar, hazırlıqlar var. İnşallah qəhrəmanlarımıza layiq, yaxşı bir əsər ortaya çıxar deyə düşünürəm. Artıq bu bir film olar, ya serial bu yaxın aylarda bəlli olacaq. Ümid edirəm dəyərli rejissorlarımızdan biri ilə də yeni bir iş ərsəyə gətirərik”.

“Lal yuxu”, “Yalan həqiqət” kimi seriallar, filmlərə ekran həyatı verən “Oksimedia” prodakşının rəhbəri Oksana Rəsulova qeyd edib ki, maddi dəstək olan tapılsa, film çəkmək istəyir:
“Mən çox istəyirəm ki, İkinci Qarabağ müharibəsi haqqında film çəkib. Həm bədii, həm sənədi film çəkməyi düşünürəm. Bu filmlər yüksək keyfiyyətli olmalıdır. Elə-belə film çəkmək üçün çəkilən film ola bilməz. Şəhidlərimiz, onların həyat hekəyələrini lentə almaq arzumdur. Amma hazırda təəssüf ki, mümkün deyil. Həyat çətinləşib, pandemiyaya görə maddi çətinlik yaşayırıq. Çox istəyirəm ki, kino istehsal edən şirkətlərə maddi yardım olunsun, şərait yaradılsın. Biz də torpaqlarımızı geri qaytaran igidlərimizi daha yaxından tanıdaq. Artıq ağlımda ideyalar var. Əsgərlərimizin, şəhidlərimizin videolarını gördükcə onları əbədiləşdirmək üçün can atıram. Amma təəssüf ki, hazırda maddi imkanım buna yol vermir”.

Rejissor Kənan M.M isə hazırda ssenari yazdığını bildirib:

“İlqar Fəhmi ilə birlikdə ssenari yazıram. Olmuş hadisələri qələmə alırıq. Xudayarın, Polad Həşimovun və digər şəhidlərimizin yaşadıqlarını ekranlaşdırmaq istəyirik. Hələ ki, yazırıq. Filmi çəkməyə büdcə lazımdır. Dövlət tərəfindən dəstək olunmalıdır ki, biz də ortaya yaxşı və keyfiyyətli iş qoyaq. Pandemiyadır büdcəmiz yoxdur. Bu vəziyyətdə film çəkmək mümkün deyil. Amma sponsor olsa, biz də tarix yazanları bir daha tarixə həkk edərik”.

Geri qayıt