Əsas Səhifə > Şou-biznes > “Biz torpağımızı itirmişdik, ümidimizi yox”

“Biz torpağımızı itirmişdik, ümidimizi yox”


17-12-2020, 09:11
“Biz torpağımızı itirmişdik, ümidimizi yox”
Uşaqlığımız onun ifalarını dinləyərək keçib. Könüllərə xitab edən səsi ilə məşhurluq qazanan sənətkarlardandır. Deyir ki, heç zaman məşhur olmağı düşünməyib. Tamaşaçılar onu mahnıları ilə sevib. Bu sevginin sirrini soruşduqda isə deyir ki, bu günə qədər bütün muğamları ürəkdən ifa edib.
“Əgər ifa edəcəyiniz musiqiyə ürəyinizi qoyacaqsınızsa tamaşaçı sizi elə olduğunuz kimi də qəbul edəcək”- deyir. Anlayacağımız onun uğurunun sirri məhz səmimiyyətdir.

Moderator.az-ın qonağı səmimiyyəti və təvazökarlğı ilə seçilən xalq asrtisti Könül Xasıyevadır.

- Könül xanım, səhhətiniz necədir? Özünüzü necə hiss edirsiniz?

- Özümü çox yaxşı hiss edirəm. Hətta yaxşıdan da o tərəfə- əlayam. Torpağı işğaldan azad olan ölkənin vətəndaşı özünü necə hiss edər? Bax mən də eləyəm. Qarabağ azad olunandan sonra elə bil üçüncü dəfə dünyaya gəldim. Özümü Qarabağda keçiriləcək olan konsertlərimə, tədbirlərə hazırlayıram.

- Qarabağın işğaldan azad olunması ilə bağlı hər hansı bir əhdiniz var idimi?

- Əlbəttə. İlk arzum yerinə yetdi və torpaqlarımız işğaldan azad olundu. Qaldı ikinci arzum. O da torpaqlarımız işğal olunanda əhd etmişdim ki, ustadım Arif Babayevlə birlikdə Şuşada “Qarabağ şikəstəsi”-ni ifa edək.
Bu 44 gün ərzində mən bir şeyi daha çox dərk etdim. Bilirsiniz ki, mən öldüm ölümlərdən döndüm, amma Rəbbim məni öldürmədi ki, sən Qarabağın azadlığına şahidlik edəcəksən. Allah təala dünya gözü ilə bunu görməyi mənə nəsib etdi. İndi Allah yazıbsa o əhdimə çatacam. Yaradanımız onda canımı almadı ki, sən Qarabağın azadlığını görmədən ölməyəcəksən. İndi çox istəyirəm ki, Qarabağda konsert proqramı ilə çıxış edim. Arzu edirəm ki, Qarabağ konsertimdən sonra Moderator.az saytı məndən konsertlə bağlı müsahibə alsın.

- Könül xanım, döyüşə gedən oğullarımızın eyni zamanda necə gözəl səs imkanlarına malik olduqlarının şahidi oldunuzmu? Sizcə o torpaqlar həm də gözəl səsi olan oğullarımızın tanınmasında yardımçı olmadımı? Onları bizə tanıtmadımı?

- Elədir. Təkcə Xudayarın səsi buna bariz nümunədir. II Qarabağ müharibəsi bizə bir çox mətləbləri aydın etdi. Azərbaycanın necə cəsur, mərd ürəkli oğullarının olduğunu gördük. Bu günkü gənclik sosial şəbəkələrdə aktiv istifadəçilərdir. Bir o qədər də cəsur döyüşçüdürlər. Lazım gələrsə torpaq uğrunda canlarından keçməyə hazırdırlar. Düşmənin qarşısında qorxmurlar. Onların qarşısına musiqi ifa edərək çıxırlar. Mən onları bağrıma basıram.
Allah ordumuzu və belə igidlərimizi var eləsin. Yaralılarımıza, qazilərimizə Allahdan can sağlığı diləyirəm. Şəhdlərimizin yeri cənnət olsun, Allahdan onların doğmlarına səbr arzulayıram.

- Gözləyirdinizmi ki, 30 il həsrətini çəkdiyimiz torpaqlarımız 44 gün ərzində işğaldan azad olunar?

- Biz torpağımızı itirmişdik, ümidimizi yox. Torpaqlarımızın işğaldan azad olunacağına hər zaman inanmışıq. Hələ 44 gün əsgərlərimiz üçün çox oldu. Azərbaycan orudusu nəinki 44 gün, 1 həftəyə o torpaqları almaq iqtidarındadır. Ordumuz yerdə qalan 37 günü ermənilərə güzəştə getdilər.

- Günün aktual məsələlərindən olan koronavirusdan necə qorunursunuz?

- Hamı necə mən də elə. Vacib olmadığı təqdirdə evdən çölə çıxmıram. Qələbə münasibəti ilə nümayiş olunan çəkilişlərə gedib, bir sənətkar kimi musiqi töhfəmi təqdim edirəm. Gedəndə də bütün gigiyenik normalara riayət edirəm. Belə ki, maskamı taxır, spirtlənir, sosial məsafəni qoruyuram və evdən çıxanda SMS yazıb, icazə alıram. Çox vacib olmadıqca evdən çıxmıram. Məni tanıyanlar da bilir ki, təbiətən də elə insanam, elə də çox çöldə bayırda gəzən adam deyiləm. Məhz buna görə deyə bilərəm ki, koronavirus və onun gətirdiyi rejim mənə təsir etmədi. Onsuz da evdən çıxan adam deyiləm. Əvvəl də evdə otururdum, indi də.

Geri qayıt