Əsas Səhifə > Şou-biznes > "Orduya film kimi yanaşmaq olmaz!”
"Orduya film kimi yanaşmaq olmaz!”17-12-2020, 08:51 |
“Qalib gələn ordu Kamilin, Rozanın timsalında məğlub edilir. Axı xeyriyyəçi kimliyini deməməlidir. Nə oldu? “Aldın payını, keç” nə deməkdir? Kim deyir ki, yardım eləmə, elə. Amma bu şəkildə eləmə. Yeməklər testdən keçirilməli, yoxlanılmalıdır. Kim bilir içində nə var?”. Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli özünün “Facebook” hesabında yazıb. O, belə addımların qarşısının alınmasını tələb edib: “…Şiddətlə qınayırıq. Xeyriyyə əməlinin yayılmasında da bir forma olmalıdır. Bunun yayılmasında ordunun şərəfinə xələl gətirən nəsə olmamalıdır axı. Şəhid anası belini büküb dayanır Rozaların, Kamillərin qabağında. Bu, bizim üçün ölüm yeridir, utanc nöqtəsidir axı”. Hərbi ekspert Emin Həsənli “Sherg.az”a açıqlamasında belə addımlara ehtiyac olmadığını vurğulayıb: “Silahlı Qüvvələrimizdə ən yüksək səviyyədə təminat var. Ordumuz ən müasir silahlarla təchiz edilib. Hərbçilərimizə gündə üç dəfə, lazımi qaydada yemək verilir. Şou-biznes nümayəndələrinin etdikləri, bəlkə, heç dənizdə damla da deyil. Düzdür, həmrəyliyimizi, birliyimizi göstərmək baxımından yaxşıdır. Amma belə də yox. Nə Türkiyədə, nə ABŞ-da, nə də hansısa başqa ölkədə analoji hadisəyə rast gələ bilməzsiniz. Ordu, qazi, şəhidlə özünüreklam olmaz. Bu, yolverilməzdir, qəbuledilməzdir. Həqiqətən, orduya dəstək olmaq istəyənlər onda Silahlı Qüvvələrin yardım fonduna, şəhid və qazi ailələrinə kömək etmək istəyənlər isə yeni yaradılan “YAŞAT” fonduna müraciət edə bilərlər. Daha özünüreklama ehtiyac yoxdur! Orduya şou-biznes və film kimi yanaşmaq olmaz!” E.Həsənlinin sözlərinə görə, belə davam edərsə, dövlət lazımi addımları atacaq: “İndiyədək Heydər Əliyev Fondu vasitəsilə o qədər yardımlar edilib ki.... Amma heç biri ictimailəşdirilməyib. Həmçinin vətənpərvər, həqiqətən, ürəyindən gəldiyinə görə, heç bir təmannasız-filansız təşəbbüs göstərənlər də az deyil. Onlar barədə də mətbuatda heç bir məlumat yoxdur. Nəzərə almaq lazımdır ki, müzakirə mövzusuna çıxardığımız hal hansısa formada hərbi sirrin yayılmasına səbəb ola bilər. Deməli, ilk növbədə ictimai qınaq olmalıdır. İkincisi isə, zərurət yarandıqa dövlət, hüquq - mühafizə orqanları lazımi “ölçünü götürəcəklər”. Vətən müharibəsi dövründə dövlətimizin bir neçə istiqamətdə uğurlu fəaliyyəti onu deməyə əsas verir ki, özünü reklamla məşğul olanların “pay”ına ehtiyac yoxdur və olmayacaq”. Geri qayıt |