Əsas Səhifə > Şou-biznes > Orxan Zeynallının şəhidlərimizlə bağlı tatusu diqqət çəkdi

Orxan Zeynallının şəhidlərimizlə bağlı tatusu diqqət çəkdi


16-12-2020, 09:59
Orxan Zeynallının şəhidlərimizlə bağlı tatusu diqqət çəkdi
“Şəhidlərimizin rəsmi tarixə düşəcək olan sayı elan olunan kimi, o 4 rəqəmi əbədi olaraq nəbzimin üstündə daşımaq qərarına gəldim”.

“MediaPost” xəbər verir ki, bu sözləri Amerikada yaşayan reper Orxan Zeynallı (Aid) sosial media hesabında yazıb. Şəhid sayını əks etdirən rəqəmləri bədəninə döymə etdirən sənətçi hisslərini belə ifadə edib:

“İkinci Qarabağ müharibəsi bizim nəslin mübarizəsi idi. Şəhid və yaralıların əksəriyyəri ya yaşıdım, ya da məndən daha balaca olan gənclərdir. 20-lərində olan, həyat eşqi və arzuları bol olan gənclər. Geriyə dönüb 20 yaşlarıma baxanda başa düşürəm ki, bəlkə də bir çox insanın həyatı ərzində yaşaya bilmədiyi xoşbəxtlikləri məhz yeniyetməliyimdə görmüşəm. Sevgi, musiqi, səhnələr, pul və populyarlıq. Sadəcə, qismət və şans belə gətirib. Daha artığını yaşamağa layiq oğullarımız isə vətən uğrunda, ideya uğrunda canından keçdi və alınan torpaqları bizə əmanət etdi.

Bu gün anam oğul həsrəti çəkmir, fotoma baxıb ağlamır, ürəyi istəyəndə zəng edib səsimi eşidə bilir və həyatın bu xırda xoşbəxtliklərini həm də “2783”ün kəsb etdiyi mənaya borcluyam. Bu rəqəmlər bir ömür mənə tarixi xatırladacaq. 3 il, 5 ya 10 il sonra da kimsə görüb soruşsa, ona olanları danışacam. Çünki, bu döyüş tarixin tozlanmasına izn verməməli olduğumuz səhifəsidir. İllərlə musiqimdən xəbərdar olanlar və şəxsən tanıyanlar da bilirlər ki, dünyanın ən sülhsevər insanlarındanam. Hətta bəzən qədərindən də çox. Lakin, nə edək ki, dünyanın ədaləti bəzən insanlıq prinsiplərindən uzaq düşür və həyat öz planlarını qurarkən arzularımızla hesablaşmır. Şəhidlər də, qazilər də heç vaxt unudulmamalıdır.

Ümidvaram ki, bu kiçik yazı hər dəfə hansısa fotomda, klipimdə və s. izləyicilərimin qarşısına çıxanda həmin tarix göz önünə gələcək. Bir dəfə yazmışdım, bir də deyim, ölüm hər kəsə gec tez nəsib olur, qəhrəmanlıq isə ancaq xüsusi fərdlərə.

Qarşınızda baş əyirik. Allah şəhidlərimizə rəhmət etsin, doğmalarına səbr, yaralılarımıza isə şəfa versin.

“Olmaz bir qarışından düşmənə pay, Qarabağ!”.

Orxan Zeynallının şəhidlərimizlə bağlı tatusu diqqət çəkdi

Geri qayıt