Əsas Səhifə > Şou-biznes > “Bizim həqiqi filmlərə ehtiyacımız var, yalançı filmlərə deyil”
“Bizim həqiqi filmlərə ehtiyacımız var, yalançı filmlərə deyil”15-12-2020, 09:25 |
Ermənistanın uzun illər işğalda sağladığı Azərbaycan torpaqlarında böyük talanlar, dağıntılar həyata keçirdiyi, xalqımıza qarşı ağır cinayətlər törətdiyi məlumdur. Bəs bu cinayətlərin beynəlxalq aləmdə ifşası, tarixi yaddaşın qorunub saxlanılması baxımından erməni vəhşilikləri ilə bağlı filmlərin çəkilməsinə nə dərəcədə ehtiyac var? Moderator.az-a açıqlama verən xalq artisti Valeh Kərimov bu sahədə ciddi addımlar atmağın zəruriliyinə diqqət çəkdi: “Vətən Müharibəsi və bu müharibə zamanı göstərilən qəhrəmanlıqların, igidliklərin filmlərimizdə öz əksini tapmasına çox böyük ehtiyac var. Çünki bu, hər şeydən öncə xalqımızın qəhrəmanlıq tarixidir. 75 ildir ki, II Dünya Müharibəsi başa çatıb. Amma bu gün də bəzi dövlətlər II Dünya Müharibəsi ilə bağlı çox maraqlı filmlər çəkirlər. Bu filmlər bizim üçün həm də o mənada maraqlıdır ki, bizim xalqımız da faşizmə qarşı mübarizə aparıb, bu müharibədə iştirak edib. Xalqımızın igid oğulları, qızları bu müharibədə iştirak edib. Buna görə də faşizm üzərindəki qələbədən bizə də pay düşür. Müharibə mövzusunda filmlərin çəkilməsinə bizdə çox böyük tələbat var. Lakin bu mövzu ilə bağlı əsl filmlər çəkilməlidir. Elə-belə, yalançı filmlərin çəkilməsinə ehtiyac yoxdur. Yaxşı film çəkməyi öyrənmək lazımdır. Xalam oğludur, əmim qızıdır deyə kimisə kinoya çəkmək, kiməsə bu yolla pul qazandırmaqla yaxşı film ərsəyə gətirmək olmaz. Yaxşı aktyorları yığıb film çəkmək lazımdır. Həmin filmlərdə göstərmək lazımdır ki, ermənilər bunca illər ərzində bizim başımıza hansı fəlakətlər gətirib. Faşist Almaniyasının törətdiyi cinayətlər filmlər vasitəsi ilə necə ifşa edilirsə, biz də erməni faşizminin cinayətlərini filmlər vasitəsi ilə beləcə ifşa etməli, dünyaya göstərməliyik. Bu mövzuda çox filmlər çəkilməlidir. Sadəcə filmlərdə deyil, ədəbiyyatda, digər sahələrdə də bu mövzu geniş işıqlandırılmalıdır. Biz erməni vəhşiliyini, erməni talanlarını bütün dünyaya yaymalı, onların bu cinayətlərini ifşıa etməliyik. Bunun üçün isə bizim nümunəvi filmlərə, yaxşı əsərlərə ehtiyacımız var. Yalnız bu yolla biz qarşıya qoyduğumuz məqsədə çata bilərik”. Geri qayıt |