Əsas Səhifə > Şou-biznes > “Artıq teatrlar süquta doğru gedir”
“Artıq teatrlar süquta doğru gedir”15-12-2020, 09:20 |
Aktyor bədəni idmançı bədəni kimidir. Müəyyən müddət çalışmadıqca gücdən, qüvvədən düşür, əvvəlki plastikasını itirir. 9 aydır ki, teatrlarımzın fəaliyyətsiz qalması onların bundan sonrakı yaradıcılıqlarına da təsirsiz ötüşməyəcək. Moderator.az-ın qonağı əməkdar artist, istedadlı rejissor Nicat Kazımov bizimlə söhbətində bu mövzuya toxundu. - 28 ildir ki, Qarabağın azad olunacağı günün həsrətini çəkdirik. Nə zamansa 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunacağını desəydilər inanardınızmı? - Açıq danışsaq, artıq Qarabağın işğaldan azad olunacağını gözləmirdim, ümidimi itirmişdim. Ali Baş Komandanımız olmasaydı təbii ki, biz bu günləri görməzdik. Əldə etdiyimiz tarixi qələbə bizim hər birimizə baş ucalığı gətirdi. Qarabağ bizə Ali Baş Komandanımızın, rəşadətli ordumuzun böyük hədiyyəsi oldu. 2020-ci il başlayanda deyirdik ki, bu il ancaq bizə ölüm, xəstəlik gətirdi, heç də yaxşı il olmadı. Ancaq ordumuzun Qarabağda göstərdiyi şücaət pandemiyanı, karantini bütün çətinliklərimizi unutdurdu. Hətta Sentyabrın 27-dən məndə bir sirkələnmə baş verdi. Həmin müddətdə bütün Azərbaycan xalqının həmrəyliyinin, birliyinin şahidi olduq. Buna görə ordumuza ölkə başçımıza, xalqımıza minnətdaram. Dəmir yumruq kimi birləşib, nəyəsə nail olduqda insan özündə bir ruh yüksəlkliyi hiss edir. Sanki yarımçıq qalmışdıq, bu qələbə ilə bütövləşdik. Biz mütəmadi olaraq xarici festivallarda, başqa dövlətlərdə olduqda özümüzü hardasa məğlub ölkənin vətəndaşı kimi hiss edirdiksə bundan sonra elə olmayacaq. İndi özümüzü torpaqlarını qorumaq iqtidarında olan millətin nümayəndəsi kimi hiss edirik. - Sizcə qazandığımız tarixi qələbə bundan sonra Azərbaycan teatrına və incəsənətinə necə təsir edəcək? - Bu qələbə Azərbaycan mədəniyyətində, incəsənətində teatrında, kinosunda yeni dövrün başlaması üçün zəmin yaratdı. Teatrlarımızda zəfərimizə həsr olunan tamaşalar hazırlanacaq, filmlər çəkiləcək. Bunun özü də iki hissədən ibarət olacaq. Bir indi görülən işlər, bir də 5 il sonra. - 5 il sonra nə olacaq? - 5 il müddətində qələbənin başqa tərəflərini göstərən sənət əsərləri hazırlanacaq. - Bəs indi? - İndi bildiyim qədər İlqar Fəhmi qələbə ruhunda bir pyes yazıb. İkinci pyesi də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının sifarişi ilə hazırlayır. Təbii ki, bu mövzuda bir çox işlər var və bunlar zamanlar işıq üzü görəcək. Bundan sonra aydın məsələdir ki, müasir dramaturqlarımız gözəl əsərlər yaradacaqlar. Qeyd edim ki, həmin dönəmdə İlqar Fəhminin “Balaca kişilər” şeirini səsləndirdim. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitinin aktyorlarının iştirakı ilə həmin şeirə bir klip hazırladıq. Bu klip ajotaja səbəb oldu. Klipin özü də mini bir tamaşa rolunu oynayırdı. - Qarabağı görmüsünüzmü? - Təəssüf ki, Qarabağda olmamışam. 1989-cu ildə orta məktəbi bitirmişəm. 1991-ci ildə isə Ali təhsil ocağına qəbul oldum. O zaman qızğın döyüşlər gedirdi. Ancaq çox istərdim ki, həmin torpaqlarda, teatrlar binalarında olum və tamaşalarını izləyim. Qismət deyilmiş... Şuşa işğaldan azad olunan gün Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovla əlaqə saxladım və Şuşadakı Teatr binasında ilk tamaşanı hazırlamaq istədiyimi bildirdim. Çox istərdim ki, orda gözəl bir tamaşa hazırlayım. Təkcə Şuşa Teatrında deyil, Cıdır düzündə gözəl bir tədbirin rejissoru olmaq istərdim. - Nicat müəllim, hazırda iki düşmənlə mübarizə aparırıq. Ermənilər və koronavorus. Ermənilərə qalib gəldik, amma koronavirus iqtisadiyyatımızı, mədəniyyətimizi və digər sahələrimizə zərər yetriməkdə davam edir. Bəs pandemiya teatrlarımıza hansı zərəri yetirdi? - Pandemiya ən böyük zərbəni teatrlara vurdu. Belə ki, biz 9 aydır ki, fəaliyyəsiz qalmışıq. Artıq aktyorlarda pasdanma prosesi gedir. Bundan böyük zərbə nə ola bilər? Koronavirus yaradıcı insanlara psixoloji zərbə vurdu. Yaradıcı insanı teatrdan ayrı saxlamaq balığı sudan çıxarıb, quruda üzməsinə məcbur etmək kimi bir şeydir. Biz əvvəlki iş rejimimizə qayıtmalıyıq. Mən başa düşürəm ki, birinci növbədə insanın canının sağlam olması vacibdir. Ancaq mədəniyyəti məhv etmək olmaz. Artıq teatrlar süquta doğru gedir. Bir ilə yaxındır ki, biz səhnəyə çıxmırıq. Məşq etmirik, durğunluq dövrümüzü yaşayırıq. Əlbəttə ki, bu durğunluq bundan sonrakı yaradıcılığımza da pis təsir edəcək. Bir ay məzuniyyətdə olub, teatra qayıdanda aktyorlarda səhnəyə gec adaptasiya dönəmi olur. O axarına düşənə qədər müəyyən vaxt tələb olunur. Ona görə də məzuniyyətdən qayıdanda bir ay müddətində yalnız məşqlərlə məğul oluruq. İndi təəssəvür edin ki, bir ilə yaxın müddətdə biz səhnədən uzağıq. Bunun həm mənəvi, həm də maddi zərbləri var. Teatrdan qazandığımız məvaciblərimiz elə də çox deyil ki, pandemiya dönəmində oturub, yeyib-içək istirahət edək. Teatrla bərabər hər birmizin kənardan qazancımız olurdu. İndi isə o qazanc mənbələrinin heç biri yoxdur. Deyərdim ki, digər aktyorların, rejissorların da vəziyyəti ürəkaçan deyil. Tezliklə teatrların açılmasını gözləyirik. Əks halda dəli olmaq dərəcəsinə düşəcəyik. Eyni problem həm də ali təhsil ocaqlarımızda yaşanır. Onlayn dərslər heç bir effekt vermir. Başa düşürəm yoluxma və itkilər çoxdur amma nəsə bir əncam çəkmək lazımdır. Çox xahiş edirəm aidiyyati qurumlar buna bir əncəm çəksinlər. Geri qayıt |