Əsas Səhifə > Şou-biznes > “Onun musiqi duyumuna, musiqini qavramasına heyran qaldım”

“Onun musiqi duyumuna, musiqini qavramasına heyran qaldım”


14-12-2020, 18:10
“Onun musiqi duyumuna, musiqini qavramasına heyran qaldım”
44 günlük müharibə müddətində dastan yazan igidlərimiz, şücaətləri ilə tarixə həkk olunan qəhrəmanlarımız var. Onlardan biri səsi ilə millətimizin qəlbində, zehnində iz qoyan Xudayar Yusifzadədir. Qəmzəli gülüşü, şirin avazı ilə gözümüzün yaşını selə döndərən Xudayarı xalqımız göz yaşları içində andı. Onun xatirəsini əbədiləşdirmək üçün hərə bir iş gördü.
Xudayarın büstünü hazırlayan da oldu, ifasını musiqi aləti ilə müşayiət edən də...Hətta oxuduğu “Vətən yaxşıdır” mahnısı, bəstəkar Əlibaba Məmmədovun xeyir-duası ilə “Xudayar təsnifi” adlandırıldı. Əməkdar artist Abbas Bağırov da Xudayar üçün oxudu. O şəhidimizin ifasının üzərində işləyərək, onunla duetini xalqa təqdim etdi. Hər biri çox sevildi,rəğbətlə qarşılandı. Axı Xudayar bizim zəfər səsimizdir. Necə sevilməsin?

Xalq artisti Faiq Süccədinov da “Sherg.az”a açıqlamasında Xudayarın ifasının ona xoş təsir bağışladığını söyləyib:

“Böyük vətənpərvərlik hissi ilə, şirin boğazlarla ifa edib. Onu eşidəndə gözümdən yaş gəlir. 44 günlük müharibə müddətində və daha sonra şəhidlərimizdən danışmaq, onları dinləmək, həzm etmək, başa düşmək çox çətindir. Hərbçilərimiz döyüşdə misilsiz rəşədat, qəhrəmanlıq göstəriblər. Həmişə deyirəm, Azərbaycan əsgəri dünyanın ən cəsur döyüşçüsüdür.

Xudayar da onlardan biridir. O musiqini çox sevirmiş. Səsi də məlahətlidir. O qədər gözəl və şirin oxuyurdu ki... Onun musiqi duyumuna, musiqini qavramasına heyran qaldım. Hətta peşəkar ifaçılarımız belə onun kimi oxuya bilmir. İndi yenə gözlərim doldu. Xəstəxanada onun ifasına qulaq asanda da gözümdən yaş tökülürdü. Valideynlərinə can sağlığı arzu edirəm. Xudayara və bütün şəhidlərimizə Allah rəhmət eləsin”.

Bəstəkar Xudayarın əziz xatirəsinə həsr olunmuş işlərdən də söz açıb:

“ “YouTube”də var, izləyirik. Məsələn bir pianoçu müşayiət etdi. Bundan əlavə başqa işlər də var. Ümumiyyətlə, Azərbaycanda muqisiqiyə layiqli yanaşma var. İnsanlarımızın əksəriyyətinin səsi gözəldir. Nə deyim?

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Tezliklə ayağa dursunlar, cəmiyyətə qayıtsınlar. Şəhidlərimizin valideynlərinə can sağlığı arzu edib, demək istəyirəm ki, hər zaman onların yanındayıq.

Daim Ali baş komandanımız və ordumuzlayıq. Biz böyük xalqıq. 44 günlük müharibə müddətində düşməni dizi üstə qoyduq.

Oğullarımız da , qızlarımız da cəsurdurlar. Hər zaman bilirdim ki, övladlarımız belə vətənpərvərdir. Qorxmazlıq, igidlik bizim genimizdə var”.

Geri qayıt