Əsas Səhifə > Şou-biznes > "Amma heyif ki, karantin imkan vermir"

"Amma heyif ki, karantin imkan vermir"


11-12-2020, 09:11
"Amma heyif ki, karantin imkan vermir"
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik:

- Fərhad müəllim, dünən ölkəmizdə Qələbə paradı baş tutdu. Təəssüratlarınız necədir?

- Biz Qələbə paradını 200 ildən çoxdur ki, gözləyirdik. Bu illər ərzində torpaqlarımızı itirə-itirə gedirdik. Tarix boyu uduzurduq, birinci dəfədir ki, qalib gəlirdik, özü də bütün dünyaya nümunə kimi... Hərbi əməliyyatımız və Şuşa əməliyyatı hərbi tarixində unikal bir qələbə kimi qeyd ediləcək. Əlbəttə, hər bir azərbaycanlı üçün böyük bir qələbə ruhu, tarixi qələbəmizi yaşayırıq. Ona görə də səbrsizliklə Zəfər paradımızı gözləyirdim. Türkiyənin böyük rolunu mütləq qeyd etmək lazımdır, çünki rəhmətlik atam mənə deyirdi ki, 1918-ci ildə Nuru Paşa Bakıya gəlməsəydi, burada bir azərbaycanlı qalmazdı. Çünki ermənilərdə, silah və bir çox hərbi texnikalar var idi, bizim isə yox idi.

Amma bu gün bizim bütün hərb sahəsində bütün texnikamız var, iradəliyik, möhkəmik və ona görə də qələbə bizimlə oldu. Gələn ay Şuşaya getmək istəyirdim. Amma heyif ki, karantin imkan vermir. Çünki qarlı Şuşa tamam başqa hissdir, elə gözəlliyi heç yerdə görməmişəm. Atamla sonuncu dəfə 1981-ci ildə Şuşada olmuşuq. Bu günə qədər o günləri ən xoşbəxt anlarım hesab edirəm.

- Qələbə paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı ilə iştirak etdi. Türkiyə əsgərləri də bizimlə zəfər bayramımızı qeyd etdilər. Bu haqda nə deyə bilərsiniz?

- İndi Qərb ölkələri Türkiyə və Azərbaycana qarşı böyük kampaniya aparırlar. Biz çox möhkəm və həmişə bir yerdə olmalıyıq. Bəzi qüvvələr var ki, bizimlə Türkiyə arasında çaşqınlıq yaratmaq istəyirlər, amma bu, mümkün deyil. Çünki bizim dostluğumuz tarixə söykənir. Biz etibarlı dost və qardaş ölkəyik. Türkiyə Prezidenti ölkəmizə gəldi, Qələbə paradımızda iştirak elədi. Rusiyanın dırnaqarası, ermənipərəst jurnalistləri başlayacaqlar ki, gördünüz, Türkiyə qalib gəldi. Onlara əhəmiyyət verməmək lazımdır. Əsas odur ki, biz qalib gəldik. Şuşa və işğalda olan bütün torpaqlarımız bizimdir. Hazırda informasiya müharibəsi başlayır. Bu dönəmdə mətbuat nümayəndələrinin üzərinə də çox böyük məsuliyyət düşür. Bununla yanaşı sosial şəbəkədən istifadə edən hər bir azərbaycanlının da üzərinə böyük məsuliyyət düşür və hər bir gənc əsgər olmalıdır. Faktiki olaraq sosial şəbəkələrdə informasiya müharibəsi başlayacaq. Hər bir provokasiya və böhtana cavab verilməliyik, əsas məsələ budur. Türkiyə əsgərlərinin də Qələbə paradında iştirakı bizə ayrı xoş hisslər yaşatdı.

- Qələbə paradında repertura Türkiyənin iki marşı "Sələbiyyə", "Məddah" da əlavə edildi...

- Türkiyənin hərbi musiqisinin böyük tarixi var. Sevinirəm ki, Türkiyənin iki marşı repertuara əlavə edilib və paradda səslənib.

- Vətən müharibəmizdə 2783 şəhidimiz canını fəda etdi...

- Özümü hərdən qınayıram, bəzi gənclərə baxanda deyirdim ki, bu cavanlar neylədilər, ancaq çayxanada otururlar. İndi onlardan üzr istəyirəm. Cavanlarımız göstərdi ki, onlar hər biri aslandırlar. Və böyük şücaətlə vuruşdular. Şəhidlərimizin şəkillərinə baxıram, hər biri Hollivud ulduzuna oxşayırlar. Adam kədərlənir ki, belə uşaqlarımızı itirdik. Amma müharibə şəhidsiz olmur. Şəhid verməliyik ki, torpaq qayıtsın. Bu qanundur və bütün şəhid ailələrinə dərin hüznlə baş sağlığı verirəm. Onların qarşısında diz çökürəm. Allah onlara rəhmət eləsin, hər biri igidliklə vuruşdular. Onların ailəsinə xüsusi qayğı ilə yanaşmaq lazımdır.

Yaxşı ki, "YAŞAT" Fondu yaradılıb. Himayəçəlik Şurasının tərkibində dostum Çingiz Abdullav də yer alıb. Mən bilirəm ki, o, təmiz adamdır və heç vaxt imkan verməyəcək ki, pullar ayrı istiqamətə getsin. Pul qəpiyinə qədər öz ünvanını tapacaq. Mən onlara səbr arzulayıram. Allah şəhidlərimizə rəhmət eləsin, onlarla fəxr edirəm. Qələbədən sonra bir-birimizə daha diqqətli olmalıyıq. Necə ki, bu, Türkiyədə belədir. Bir-birimizə daha mülayim və diqqətli olmalıyıq. Şəhidlərimizin ailələrini görürük, sadə bir evdə yaşayıblar, nə böyük bir villada həyat keçiriblər, nə də bahalı avtomobilləri olub. Bizə qələbəni onlar bəxş etdilər. Gəlin o adamlara diqqətli olaq. Mənim arzum budur.

Geri qayıt