Əsas Səhifə > Şou-biznes > “Bəstəkarlar iri həcmli əsərlər yazsalar da hamısı dəftərlərdə qalacaq, çünki... ”

“Bəstəkarlar iri həcmli əsərlər yazsalar da hamısı dəftərlərdə qalacaq, çünki... ”


8-12-2020, 08:57
 “Bəstəkarlar iri həcmli əsərlər yazsalar da hamısı dəftərlərdə qalacaq, çünki... ”
Xalqımız Vətən müharibəsini Qələbə ilə başa vurdu. Artıq döyüş meydanlarında qəhrəmanlıq göstərib, dastana dönən igid əsgərlərimiz haqqında şeilər yazılır, nəğmələr qoşulur. Hələ müharibənin ilk günlərində artıq yeni mahnı və marşların yazıldığının şahidi olduq. Bəs Vətən müharibəsi və igidlik göstərən oğullarımız haqqında iri həcmli əsərlər də yazılırmı? Məlum olduğu kimi kiçik bir mahnı və yaxud marş ilə dünyaya çıxmaq mümkün deyil. Əlbəttə ki, dünya səhnələrində səslənəcək, Qarabağ, Vətən müharibəsi, xalqımızın həqiqətlərini çatdıracaq iri həcmli əsərlərə böyük ehtiyac var.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsindən sonra bir çox bəstəkarlarımız bu mövzuda iri həcmli əsərlər yazıb. Onlardan Vasif Adıgözəlovun “Natəvan” operası, “Qarabağ şikəstəsi” oratoriyası, Məmməd Quliyevin Xocalı faciəsinə həsr olunmuş “Rekviyem”, Azər Rzayevin “Bakı - 90" simfoniyası, Tofiq Bakıxanovun ”Qarabağ harayı" 7 saylı simfoniyasını göstərmək olar. Lakin bu da bir faktdır ki, çoxlarımız bu əsərlərin musiqisi ilə tanış deyilik, onların yalnız adları bizə məlumdur. Çünki televiziya kanallarından demək olar ki, eşitmirik və yaxud teatr və orkestrlər çox az hallarda müraciət edir.

Mövzu ilə bağlı Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru, musiqişünas Zemfira Qafarova mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Bildiyiniz kimi 1990-cı ildə Qanlı Yanvar hadisələri baş vermişdi və bütün bunlar Azərbaycan bəstəkarlarını, incəsənət adamlarını, yazıçıları çox sarsıtmışdı. Həmin vaxt bir çox tanınmış bəstəkarlarımız iri həcmli əsərlər yazdılar. Onlardan biri də Cövdət Hacıyev idi. Yanvar hadisələri baş verəndə Cövdət Hacıyevin 73 yaşı var idi, lakin buna baxmayaraq ”Şəhidlər" adlı 7-ci simfoniyasını yazmışdı. Həmçinin Azər Rzayev “Bakı-90" simfoniyasını, Almaniyada yaşayan tanınmış bəstəkarımız Arif Mirzəyev ”Yanvar passionları"nı yazdı. Bütün bunların hamısı iri həcmli simfonik əsərlərdir.

Sonrakı dövrlərdə də bəstəkarlarımız bu mövzulara müraciət edərək, iri həcmli əsərlər yaradıblar. Təbii ki, bu cür iri həcmli əsərləri bir aya, bir ilə yazmaq mümkün deyil. Məlum olduğu kimi 44 günlük Vətən müharibəsi yenicə başa çatıb, xalqımız Qələbə çaldı. Hər birimiz sevincli günlər yaşayırıq, hələ də inana bilmirik ki, bu qədər qısa müddətdə qələbə qazana bilərik. Döyüş meydanlarında əsgərlərimizin hamısı qəhrəmanlıq nümayiş etdirdi, xalqımız birlik nümayiş etdirdi. Bütün bunlar bir da sübut etdi ki, Azərbaycan xalqı həqiqətən qəhrəmandır, cəsurdur və həmrəylik nümayiş etdirməyi bacarır. Qeyd etdiyim ki, qısa bir zamanda opera, oratoriya, simfonik əsər yazmaq asan məsələ deyil. Ona görə də hələlik biz marş və mahnılar eşitdik. Təbii ki, həmin mahnıların hamısı tanınmış bəstəkarlar tərəfindən yazılmamışdı. Biz tanımadığımız bəstəkarların da musiqini eşitdik. Onların bəzilərini bəyəndik, bəzilərini bəyəmədik. Əsas odur ki, hər kəs öz bacarığını göstərməyə çalışdı.

Düşünürəm ki, bəstəkarlarımız mütləq iri həcmli əsərlər yazacaq. Çünki mövzular çoxdur. Vətən müharibəsində 2783 şəhidimiz oldu. Heç bir şəhidi unutmamalı, hər birinin həyatını öyrənməli, ona aid əsərlər, şeirlər, povestlər yazmalıyıq. Bu baxımdan gələcəkdə xeyli sayda əsərlərin yazılacağını gözləyirik.

Lakin bildiyiniz kimi hazırda mədəniyyətimiz susub. Pandemiya ucbatından orkestrlərimiz işləmir, teatrlar bağlıdır. Bəstəkarlar iri həcmli əsərlər yazsalar da hamısı dəftərlərdə qalacaq. Şərait lazımdır ki, yazdıqları ifa olunsun, aktyorlar onun üzərində işləsin.

Əsas odur ki, bütün dünya, eləcə də xalqımız koronavirus bəlasından çıxsın, bəstəkarlarımız yenə də öz gözəl əsərlərini yazacaq".

Geri qayıt