Əsas Səhifə > Şou-biznes > "Belə keyfiyyətsiz təbliğatla ölkədə musiqi sənətini öldürəcəksiniz"

"Belə keyfiyyətsiz təbliğatla ölkədə musiqi sənətini öldürəcəksiniz"


5-12-2020, 09:14
"Belə keyfiyyətsiz təbliğatla ölkədə musiqi sənətini öldürəcəksiniz"
44 günlük Vətən müharibəsi dövründə, bir-iki keçmiş mahnıları çıxmaq şərtilə, ruha toxunan, səviyyəli vətənpərvərlik mahnısı ortaya çıxmadı. Son illər ərzində bəstələnən, ifa olunan vətənpərvərlik mahnılarının böyük əksəriyyəti bayağı musiqilərdən ibarətdir. Onlar cəmiyyətdə Vətən eşqini coşdurmaq əvəzinə ikrah oyadır.

AYNA-ya danışan tanınmış bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, məşhur “Marş”ın müəllifi Cavanşir Quliyev hesab edir ki, mövcud durumun günahı telekanal və radiolardadır: “Sənətkarlara gəldikdə, bütövlükdə Azərbaycan bədii sənəti bu müharibə mövzusunu bir müddətdən sonra, düşünürəm ki, əsərlərində əks etdirəcək. Əgər əsərlər keyfiyyətsiz olsa, deməli, bacardığımız elə bu qədərdir, sənətimizin imkanları budur”.

“Mən uzun illər telekanalları və digər təbliğat vasitələrini ardıcıl xəbərdar edirdim ki, belə keyfiyyətsiz təbliğatla ölkədə musiqi sənətini öldürəcəksiniz. Heç kim məhəl qoymadı. Bu günkü vəziyyətin bilavasitə günahkarları telekanallardır! Çünki o kanallardakı özlərini redaktor adlandıranların əksəriyyətinin musiqi anlayışı və zövqü tutduğu vəzifələrə uyğun deyil, nəticədə onların fəaliyyətinin bəhrəsi də Azərbaycan dinləyicisinə layiq olmur”.

“Bəs, sənətkarlar keyfiyyəti artırmaq, bayağı mahnıları ortadan qaldırmaq üçün nələr etməlidirlər?” məsələsinə gəldikdə, müsahibimiz istedad amilini önə çəkib: “Daha istedadlı olsunlar. Əsərlərində daha səmimi olsunlar, "xaltura" etməsinlər. Bir sözlə, yeni Üzeyir bəy gəlsin və bir daha hər şeyi başdan qursun. Telekanal rəhbərlərinin özlərinin savadlanması artıq gecdir. Dəyişim olmalı, işin başına işi bilənlər gətirilməlidir”.

Yeri gəlmişkən, bəstəkarın "Marş"ını Vətən müharibəsi dövründə bir neçə dəfə radiolarda səsləndirdilər, lakin sonra yığışdırıldı. Buna münasibət bildirən Quliyevin fikrincə, sualın cavabını radio və telekanallarda axtarmaq lazımdır.

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Xalq şairi Sabir Rüstəmxanlı isə düşünür ki, məsələnin çox dərin kökləri var. “Burada birmənalı şəkildə nə bəstəkarları, nə də şairləri günahlandırmaq olar. Bu gün bəstəkarlarımızın, bəstəkarlıq məktəblərimizin səviyyəsi ürəkaçan deyil. Mahnı yaradıcılığında Arif Məlikov kimi dəyər getdi. Ondan əvvəl Tofiq Quliyev getdi. Bir neçə bəstəkarımız var ki, onlar da çox gözəl mahnılar yaradırlar. Məsələn, Eldar Mansurov. Onunla birgə işlərimiz olub”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, mahnı ilk növbədə bəstəkarlıq işidir: “Ona görə də təəssüf ki, bəstəkarlıq məktəbi yoxdur. Milli Konservatoriya ilə bizim dahi Üzeyir Hacıbıyovun qurduğu Konservatoriya bir-birindən ayrılıb. Ona görə də çağdaş Avropa üslubuna, Avropa məktəblərinə yaxın olan musiqi ilə milli musiqimiz bir-birindən aralı düşüb. Halbuki, onlar vaxtilə bir Konservatoriya olub, birgə işləyiblər. Bununla böyük bəstəkarlarımız böyük musiqi əsərləri, simfonik muğamları yaradıblar”.

“Sonra da onlara xalq musiqisinin böyük təsiri olub. İndi isə onlar bir-birindən aralı düşdüyü üçün son dərəcədə çətindir. Ona görə də hədsiz müasir - xalqın tam qəbul edə bilmədiyi dərəcədə, o biri tərəfdən isə tam bayağı əsərlər çıxır ortaya. Əslində, burada qızıl orta tapılmalıdır”, - Rüstəmxanlı vurğulayıb.

Bəstəkarlara nələr təklif edə biləcəyinə gəldikdə, Xalq şairi fikrini belə ifadə edib: “Bununla bağlı hansısa təklif verə bilmərəm. Bunu Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı edə bilər. Onu qeyd edim ki, bu, istedad məsələsidir. Birincisi, parlaq bir istedad ortaya çıxmalıdır. Bunun özü məsələni yoluna qoyur. Və əlbəttə, tərbiyə və təhsildən çox şey asılıdır. Bu məsələni Mədəniyyət Nazirliyi və bizim musiqi cəmiyyətləri müzakirə etməlidir”.

Geri qayıt