Əsas Səhifə > Şou-biznes > "Düşünürəm ki, zahirən də Dronqoya oxşarlığım var"
"Düşünürəm ki, zahirən də Dronqoya oxşarlığım var"4-12-2020, 08:42 |
Onun həzin, məlahətli səsini dinlədikcə ötən günlərə qayıdırsan. Kiminin uşaqlığı, kiminin gəcliyi, kiminin ilk məhəbbəti düşür yada… Bir sözlə, onu dinlədikcə xatirələr düşür yada.. "Bir ömrün nəğməsi", "Mənim 17 yaşım var", "Mənimlə qal", "İstərsənmi", "Bu dünyanı nağıl bilək", "Peşiman olarsan" mahnıları insanın ruhunu oxşayır. Söhbət alicənablığı, sakit, ciddi, ağır təbiəti, qalmaqallardan uzaq olması ilə seçilən Xalq artisti İlqar Muradovdan gedir. Sənətkar özü və sənəti ilə bağlı Sputnik Azərbaycan-a danışıb: "Mən əslində, 5 yaşında pianoda çalıb-oxuyurdum. Məndən böyük bacım, qardaşım musiqi məktəbinə gedirdilər. Valideynlərimin dediyinə görə, mən onların ikisindən də istedadlı olmuşam. Sonra mən Naxçıvanda 7 illik Orta İxtisas Musiqi Məktəbinin piano şöbəsini bitirdim. Demək olar ki, ömrüm boyu musiqi ilə məşğul olmuşam. 1981-ci ildə bizim dahi sənətkarımız, mərhum Rafiq Babayev məni Bakıya dəvət etdi. Həmin vaxtdan bu günə qədər də oxuyuram". "İlqar Muradovun ruhunu ifadə edən mahnı hansıdır?" sualına Xalq artistinin cavabı belə oldu: "Mənim əksər mahnılarım mənə aiddir. Amma mən nə oxuyuramsa o elə mənim qəlbimin musiqisidir. Onları sevərək, seçərək oxumuşam. Bütün mahnılarım mənə doğmadır. Mənim üçün fərqi yoxdur. Onlar mənim daxili aləmimdən xəbər verir. Onlar mənim övladlarımdır. Necə ki, övladlarımızın arasında fərq qoymuruq. Oxuduğum mahnılarım da mənim övladlarımdır. Onlar mənə yaxın olmasaydılar, mən onları ifa etməzdim". Dünyanı cənginə alan COVİD-19 pandemiyası həmsöhbətimizin də yaradıcılığına təsirsiz ötüşməyib: "Karantindən qabaq 3 konsert nəzərdə tutulmuşdu. Onun 2-ni edə bildik, 1 konsert qaldı. Həmin konsertin tarixi dəyişilə-dəyişilə dekabrın 20-ə salınıb. Həmin vaxta bitsə, konsert baş tutacaq, ancaq çətin ki, o vaxta bitər. Ümidimiz 2021-ci ilədir". Pandemiyadan söz düşmüşkən, müğənni insanlarımızı diqqətli olmağa, özlərini qorumağa çağırdı: "İnsanlar son dərcə diqqətli olsunlar. Qarabağ uğrunda döyüşlərdə qələbə qazandıq. Qripə də qalib gələsi olsaq çox yaxşı olar. Bu, özümüzün əlindədir". "Pandemiya dövrü hər kəsə təsir etdiyi kim mənə də təsir etdi. Xüsusən maddi tərəfdən. Mən də öz doğmalarımı qorumaq üçün məcburiyyətdən evdə qaldım. Əslində mənə mənəvi olaraq elə də böyük təsir etmədi. Həmin dönəmlərdə yaradıcılığımın üzərində işlədir. Həmin dövrü səmərəli keçirdim". Müsahibimizin fərqli imici, üzünün fakturası rejissor Yavər Rzayevin diqqətiini çəkib. Rejissor İlqar Muradovu quruluş verdiyi "Xeyirlə şərin rəqsi" filminə dəvət edib: "Filmin süjet xətti dünyaca məşhur xəfiyyə Dronqonun Azərbaycanın dağlıq rayonundakı bir qəsəbədə baş verən müəmmalı hadisəni araşdırması üzərində qurulub. Quruluşçu rejissor Yavər Rzayev məni baş rola - Dronqo obrazına dəvət etdi. Film Çingiz Abdullayevin "Quba kapriççiosu" əsəri əsasında lentə alınıb. Filmə ona görə çəkildim ki, o obraza simpatiyam var idi. Ümumiyyətlə, Çingiz müəllimin özünə də çox böyük hörmətim var. Yenə bu tipli obraza dəvət etsələr gedəcəyəm, amma başqa filmə yox". "Əvvəlcə çəkilişə razılıq vermədim, çünki mən aktyor deyildim. Amma əsərlə tanış olduqdan sonra obrazda xarakterimə uyğun nələrisə tapdım. Düşünürəm ki, zahirən də Dronqoya oxşarlığım var. Çingiz Abdullayev mənim obrazımdan çox razı qalıb. Hətta premyerada da qeyd etdi ki, bu günə qədər çox film olub, lakin onların arasında ən uğurlu alınan və ən çox bəyəndiyi məhz bu filmdir. Bundan başqa, peşəkar kino mütəxəssisləri də film haqqında müsbət rəylər bildirirlər. Ümid edirəm ki, bunun ardı və yaxud başqa obrazlar olacaq". Xalq artisti ölkəmizi xarici ölkələrdə də layiqincə təmsil edib: "Bir neçə layihələrdə də iştirak etmişəm. Misal kimi Norveç xoru ilə olan layihəni göstərə bilərəm. 1995-ci ildə mərhum səyyah Tur Heyerdal Azərbaycana gəldi. Onun ideyası ilə layihə yazıldı. Bu proyekt ən yaxşı proyektlər sırasına düşdü. Orda həm bəstəkar, həm də xalq mahnılarından istifadə etdik. Mərhum bəstəkar-pianoçu Rafiq müəllimin davamçısı olaraq dostum Siyavuş Kərimi ilə əl-ələ verib başqa-başqa ölkələrdə Azərbaycan musiqisini təbliğ etmişik. Qismət olarsa, yenə də edəcəyik". Geri qayıt |