Əsas Səhifə > Şou-biznes > “İnanın, danışa bilmirəm...”

“İnanın, danışa bilmirəm...”


1-12-2020, 16:25
“İnanın, danışa bilmirəm...”
Dekabrın 1-i 2020- cil tarixində Laçın işğaldan azad edildi. 28 ildir düşmən tapdağında olan Laçın azadlığa qovuşdu. Nə qəribə hisslərdir... Həm sevinirik, həm də kövrəlirik. Özümüz də bilmədən Laçından olan insanları xatırlayırıq. Məsələn mərhum sənətkar Məhəbbət Kazımov. Gənc nəsil Laçını, onun dərdini Məhəbbət Kazımovdan öyrənib.

Sənətkar “Laçınım” mahnısında bütün yurd həsrətini, torpaq nisgilini dinləyicisinə ötürüb. Elə bil onun səsində xüsusi bir yanğı vardı. Hər ifasında torpaq nisgili hiss olunurdu. Nə deyək? Ruhu şad olsun. Kaş bu günü görərdi, amma qismət deyilmiş.

Məhəbbət müəllimi Laçının işğaldan qurtuluşu münasibəti ilə təbrik edə bilmədik. Lakin digər laçınlı sənətkarları da unutmadıq.

Onlardan biri də xanəndə, əməkdar artist Ehtiram Hüseynovdur. O da Laçında dünyaya göz açıb, hələ uşaqkən doğma yurdundan ayrı düşüb. Ona görə dəstəyə sarılıb, sənətçinin özü ilə əlaqə saxladıq. Dedik, təəssüratlarınızı bizimlə bölüşə bilərsinizmi? O da bunları söylədi:

“İnanın, danışa bilmirəm, hisslərimizi ifadə etmək çətindir. Millətimizin, xalqımızın gözlədiyi gün gəlib, çatıb. Əlbəttə, sevincliyik. Bundan şad gün ola bilməz. Allaha şükürlər olsun.

Bizə bu sevinci, qüruru bəxş edənlər sağ olsun. Allah onları qorusun, canlarına dəyməsin”.

Xanəndə hazırda Şəhidlər Xiyabanında olduğunu söyləyərək, çox danışa bilməyəcəyini vurğulayır.

Bizim üçün bu qədəri də kifayətdir. Ona görə sənətkarın şanlı şəhidlərimizlə halallaşmasına mane olmamaq üçün sağollaşırıq.

Geri qayıt