Əsas Səhifə > Şou-biznes > "Biz 28 ildir ki, bu günü gözləyirik"
"Biz 28 ildir ki, bu günü gözləyirik"25-11-2020, 15:53 |
“Gözümüz aydın olsun. Qarabağ Azərbaycandır! Torpaqlarımız azad olunduğu üçün Ali Baş Komandanımız İlham Əliyevə təşəkkür edirik. 30 illik həsrətdən sonra bizi torpaqlarımıza qovuşdurdu”. Bu sözləri Musavat.com-a açıqlamasında Kəlbəcərdə doğulmuş Əməkdar artist Babək Niftəliyev deyib. O, Kəlbəcərin işğaldan azad olunmasının sevincini yaşadığını dilə gətirib: “Hazırda Murov tərəfdəyəm. Hərbiyə texnikalarımızı Kəlbəcərə doğru yola saldıq. Əsgərlərimizdə böyük ruh yüksəkliyi var. Rəşadətli ordumuza, əsgərlərimizə, hərbiçilərimizə minnətdaram. Şəhidlərimizi unutmaq olmaz. Heç kimin haqqı yoxdur onları unutmağa. Onların ruhu qarşısında baş əyirəm. Allahdan qazilərimizə tezliklə şəfa diləyirəm. Bu gün inanılmaz gündür. Biz 28 ildir ki, bu günü gözləyirik”. - Kəlbəcərin işğaldan azad olunması ilə bağlı sizi ilk kim təbrik etdi? - Dünəndən Murovda əsgərlərimizin yanında idim. Elə ilk təbrik edən də hərbiçilərimiz oldu. Dedilər ki, gözünüz aydın olsun. Biz də Kəlbəcərə yollanırıq. Sizin də yolunuzu gözləyəcəyik. Bundan gözəl təbrik, istək ola bilməz. - Rayonlarımız, kəndlərimiz azad olunduqca hansı hissləri keçirirdiniz? - 30 ildir ki, torpaqlarımızın azad olunmasını gözləyirdik. Torpaqlarımız alındıqca fərəh və sevinc hissi məni bürüyürdü. Səbirsizliklə Kəlbəcərin azad olunması xəbərini gözləyirdim. Mən Kəlbəcərdə doğulmuşam. Uşaqlığım orada keçib. Hər dəfə uşaqlıq xatirələrim gözümdə canlanırdı. İndi isə orada daha yaxşı günlər yaşayacağıq, gözəl xatirələrimiz olacaq. - Kəlbəcərdə ilk hansı mahnını oxumaq istərdiniz? Bu haqda heç düşünmüsünüz? - Bizim qəlbimiz hər zaman Qarabağla vurub. Repertuarımda da vətənlə bağlı mahnılar çoxdur. Xarici ölkələrdə qastrolda olan zaman da Qarabağdan oxuyurdum. Amma heç vaxt Kəlbəcərə gedərsəm, hansı mahnını oxuyacağım haqda düşünməmişəm. Yəqin ki, mahnı oxumaram. Qəhər məni boğar. Kəlbəcərə daxil olarkən sevincdən, qəhərdən qəlbim dayana bilər. İndi də qəhər hissi məni boğur. Allahın bu gününə şükür. Geri qayıt |