Əsas Səhifə > Şou-biznes > "Yuxularımda Ağdamı o qədər görmüşəm ki..."

"Yuxularımda Ağdamı o qədər görmüşəm ki..."


23-11-2020, 12:31
"Yuxularımda Ağdamı o qədər görmüşəm ki..."
Yuxularımda Ağdamı o qədər görmüşəm ki! Mən o yeri gözüaçıq xəyal edə bilmirdim. Ruhum hər zaman o torpaqlarda gəzib. Mənim bütün varlığım, ruhum Ağdama bağlıdır.

Bunu Trend-ə Ağdam rayonundan olan xalq artisti, xanəndə Nəzakət Teymurova deyib.

Ağdamda keçirdiyi günlərini, evlərinin dağıdılmamış halını hələ də xatırladığını deyən N.Teymurova bildirib ki, 1988-ci ildə təhsilini davam etdirmək üçün Ağdamdan çıxsa da, rayonları işğal olunana qədər oraya tez-tez gedib-gəlib:

“20-21 yaşıma-Ağdam işğal edilənə qədər evimizə gedib-gəlirdim. İnsanlar pərən-pərən oldu, qohum-əqrəba bir-birindən uzaq düşdü. Öz torpağımızdan çıxandan sonra xoşbəxtliyimizi də itirdik. Bizim ruhumuz ölmüşdü. İndi isə sevincimizin həddi-hüdudu yoxdur”.

N.Teymurova qeyd edib ki, Ağdamın, eləcə də işğal altında olan digər ərazilərimizin azad edilməsi onlara tam yeni, qürurverici sevinc hissləri yaşadıb. Ordumuz işğal edilmiş rayonlarımızı geri aldıqca bunu sevinc göz yaşları ilə qarşılayıblar. Prezident İlham Əliyevin müharibə dövründəki çıxışlarına qulaq asıb ondan daha da cəsarətləniblər:

“Biz fikirləşirdik ki, Qarabağ artıq əldən getdi. Ali Baş komandan İlham Əliyevə sonsuz dərəcədə təşəkkür edirik, ona ömürboyu minnətdarıq. Ordumuza da sonsuz sayda təşəkkür edirik. Onların şücaəti ürəklərdən çıxmayacaq. Biz bu qələbələrə görə onlara borcluyuq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, onların valideynlərinin əllərindən öpürük. Allah onları var eləsin ki, Azərbaycan üçün belə cəsarətli, qorxmaz igidlər yetişdirdilər. İgid oğullarımız cavan canlarını müqəddəs torpağa fəda etdilər. Canlar fəda gedir, “Vətən sağ olsun” deyilir. Bundan böyük qürur ola bilər?! Bu qururu bizə yaşatdığı üçün Allahımıza şükür etməliyik”.

N.Teymurova erməni vandallarının işğal etdikləri torpaqlarımızı viran etməsindən də çox mütəəssir olduğunu söyləyib:

“Ermənilər kimi namərd millət hələ bu dünyaya gəlməyib. Onlar işğal etdikləri Füzulini, Zəngilanı, Ağdamı viran ediblər! Insan öz yaşadığı yeri necə viran edə, xarabaya çevirə bilər! Ermənilərin içində azərbaycanlılara qarşı o qədər nifrət var ki. Kəlbəcərdən çıxanda “vətənim, vətənim” deyə-deyə guya ağlayaraq çıxırlar. Bu yeri vətən sayırsansa, oranı necə yandıra bilərsən? Biz Kəlbəcərdən, Ağdamdan necə çıxmışdıq? - Qapımızı bağlayıb, açarı da əlimizə götürüb. Çünki bu vətən bizimdir. Həmişə ümid etmişik ki, gec, ya tez torpağımıza geri qayıdacağıq”.

Geri qayıt