Əsas Səhifə > Şou-biznes > “Bal ayına Şuşaya getməyi planlaşdırıram”

“Bal ayına Şuşaya getməyi planlaşdırıram”


14-11-2020, 12:32
“Bal ayına Şuşaya getməyi planlaşdırıram”
Atv telekanalının aparıcısı Fərid Rəsulun Moderator.Az-a müsahibəsini təqdim edirik:

- Fərid, torpaqlarımızın işğaldan azad edilməsi günü siz də sosial şəbəkədə rəsmən evli olduğunu yazdınız. Bu xəbəri zəfər gününə saxlamışdınız yoxsa tam təsadüf oldu?

- Əslində bizim nikahımız bir neçə gün əvvəl olmuşdu, sadəcə müharibəyə görə sevincimizi dostlarla bölüşə bilmirdik. Toyumuzu da əvvəlcədən noyabr ayının 28-nə planlaşdırmışdıq. Sadəcə mövcud vəziyyətə görə edə bilməyəcəyik.

- Təbii ki, bu xəbər dostlarınız üçün də gözlənilməz oldu. Reaksiyaları necə oldu?

- Nikahımızın olduğunu yalnız ətrafdakı yaxınlarım bilirdi. Digər dostlarım da biləndə xoşbəxtlik arzuladılar. Müharibə dövründə sevinmək mümkün deyildi. Qələbə günü həm qələbəni, həm də nihakı qeyd etdik. İnanıram ki, bu gün bizim yadımızdan heç bir zaman çıxmayacaq.

- Bizim tanıdığımız Fərid efir məkanında hər zaman fərqli layihələrlə tamaşaçıların görüşünə gəlib. Toyunuzu da Şuşada etsəniz heç təəccüblənmərik...

- Toyumu böyük məmnuniyyətlə Şuşada edərdim, amma indiki vəziyyətdə bu real görünmür. Lakin bal ayı olacaq. Bildiyiniz kimi səyahət verilişinin aparıcısı olduğumdan istənilən ölkəyə bal ayına gedə bilərəm. Əvvəl İsveçərəyə getməyi planlaşdırmışdım, lakin artıq Şuşamız var. Şuşa İsveçərədən də gözəl və heyrətamizdir. O yerləri görəcəyim günləri sayıram.

- Tamaşaçılarla fərqli layihələrdə görüşmüsünüz. Hal-hazırda Atv də “Mənim süfrəm” verilişinin aparıcısısınız. Mövcud durumla bağlı bilirəm ki, verilişin formatı da dəyişib. Əslində bu günlər televiziyada çalışanların da üzərinə böyük məsuliyyət düşür...

- Hər bazar Atv də mənim təqdimatımda “Mənim süfrəm” verilişi yayımlanır. Həm də rəhbəri olduğum “İş Media” tərəfindən Arb kanalında aktrisa Xuraman Əlizadənin “Dadlı yoxsa faydalı?” verilişinin layihə rəhbəriyəm. Biz bu günlərdə də hər iki televiziyadakı yayımlanan proqramlarımızı dayandırmadıq, işlədik. Mətbəx proqramı olduğumuzdan Qarabağın mətbəxini, tarixini, mədəniyyətini tamaşaçılara göstərdik. Həmin bölgədən məşhur sənətkarlar və yerli vətəndaşları dəvət etdik, onlar da mətbəximizdə bişirib-düşürdülər. Həmin bölümlər tamaşaçılar tərəfindən də böyük maraqla qarşılandı. Bu 44 gün ərzində də qələbə xəbərlərini demək olar ki, iş başında alırdıq. Kollektivlə birgə qeyd edirdik, çəkilişlərimiz daha da yaxşı, yüksək əhval-ruhiyyədə keçirdi.

- Zəfər gününü necə qeyd etdiniz?

- Prezidentin çıxışından öncə sosial şəbəkələrdə qeyri-rəsmi xəbərlər yayılmağa başlamışdı. İnanmadım.. Cənab prezident televiziya vasitəsilə qələbə xəbərini xalqa çatdırdığı gün yatmadım. Elə bildim ki, yuxudayam. Balkona çıxıb qonşularla birgə sevincimizi bölüşdük. Ardınca isə binanın həyətində.. Daha sonra şəhər mərkəzinə gedib avto karvana qoşuldum. Gələcəkdə övladlarımıza o günü, yaşadığımız tarixi böyük fərəh hissi ilə danışacaqıq. Artıq Qarabağ bizimdir. Biz ordayıq. Allah bütün şəhidlərimizə rəhmət etsin, qələbəni bizə yaşadan cənab prezidentimiz İlham Əliyevə və ordumuza güc-qüvvət versin!

- Yəqin ki, qələbə sizə həm də yeni layihələr üzərində işləməyə şans qazandırdı.. Tamaşaçıları bundan sonra nə kimi yeniliklər gözləyir?

- Qələbə mənə çox şeyi bəxş etdi. Artıq yeni ideyalar var. Qarabağda yeni səyahət verilişi planlayıram. Daha sonra bu bölgələr haqqında silsilə verilişlər də ola bilər. Əslində digər ideyalarım da var, amma onlar ölkə xaricindədir. Ona görə də koronovirus bəlasının bitməsini gözləyirəm. İndi ikinci düşmənə-virusa qalib gəlmək üçün bütün gücümüzü səfərbər etməliyik. Allah xalqımızı, millətimizi qorusun!

Geri qayıt