Əsas Səhifə > Şou-biznes > "İfalar edəndə yadımıza düşürdü, gecə yuxumuza girirdi"

"İfalar edəndə yadımıza düşürdü, gecə yuxumuza girirdi"


12-11-2020, 08:32
"İfalar edəndə yadımıza düşürdü, gecə yuxumuza girirdi"
Müzəffər Azərbaycan ordusunun uğurla həyata keçirdiyi 44 günlük əks-hücum əməliyyatları qələbə ilə sona çatdı. Düşmənin döyüşməyə nə gücü, nə də hərbi texnikası qalıb. İndi də timsah göz yaşlarını axıdaraq, məsum bir ölkə olmalarına dair fon yaratmağa çalışırlar. Türklər təbirincə desək: kimin umrunda?! Nə qədər haray-həşir salsalar da, yalnız bir həqiqət var: Qarabağ Azərbaycandır!

Noyabrın 10-u Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyant da buna bariz sübutdur. Düşmən geri çəkilir və azərbaycanlılar əzəli torpaqlarına qayıdır. Bəyannaməyə görə dekabrın 1-ə qədər müəyyən olunmuş qrafiklə, Kəlbəcər, Ağdam və Laçın Azərbaycana qaytarılacaq. Bununla yanaşı Qazağın işğal edilmiş 7 kəndi noyabr ayının 20-ə qədər azadlığına qovuşur. Eyni zamanda daxili məcburi köçkünlər, qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara geri qayıdacaq.

İndi Azərbaycanda ata-baba yurdlarına qovuşmağın sevincini yaşayan insanlarımız var. Onlardan biri də əməkdar artist Babək Niftəliyevdir.
Xanəndə “Sherg.az”a tarixi qələbəmizlə bağlı təəssüratlarından danışıb:

“Allah xalqımızı, ordumuzu, Ali Baş Komandanımızı qorusun. Qarabağ həmişə qəlbimizdə, muğamlarımızda yaşayırdı. İfalar edəndə yadımıza düşürdü, gecə yuxumuza girirdi.

Bu gün ordumuzun və cənab prezidentin sayəsində bu yuxu reallığa çevrildi. İndi Qarabağı röyalarda yox, realda görəcəyik. Qarabağlıların arzusu çin oldu.

Nəinki qarabağlıların bütün Azərbaycanın. Qarabağ tək orada doğulanların deyil, bütün Azərbaycan xalqınındır. İndi torpaqlarımızı Azərbaycanın bütün bölgələrindən olan əsgərlər, hərbçilər qoruyur. Elə bir kəndimiz, şəhərimiz yoxdur ki, ordan şəhid, qazi və döyüşçülərimiz olmasın.

Qarabağa bütün Azərbaycan sevinir. Nəhayət xoş gün gəlib çatdı, 30 ildən sonra Qarabağa qovuşduq. Xüsusi qeyd edim ki, qələbə şəhidlərimizin qanı bahasına qazanıldı. Döyüşsüz, şəhidsiz torpaq qaytarılmaz. Bu günə şükürlər olsun ki, Qarabağımızı azad etdik.”

Geri qayıt